​Bakıdakı konfransla bağlı qalmaqala – Cavab

Baxış sayı:
5512

Oktyabrın 8-də Bakıda Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Lakin Azərbaycanın dövlət qurumlarının təmsilçilərinin də iştirak edəcəyi yüksək səviyyəli bu beynəlxalq tədbirlə bağlı mətbuatda qərəzli, həqiqəti əks etdirməyən bəzi məlumatlar yayılıb. Bununla bağlı beynəlxalq konfransın Təşkilat Komitəsinin katibi Səid Hacıbəyli bildirib ki, konfrans olduqca mühüm bir mövzuya, “Beynəlxaq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə”yə həsr olunub. “Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin Ermənistan tərəfindən terrora məruz qalması bu mövzunu ölkəmiz üçün daha da aktual edir. Tədbirin işində Azərbaycan hüquqşünasları ilə yanaşı, dünyanın tanınmış hüquqşünasları, bu sahə üzrə ixtisaslaşmış dünya şöhrətli alimləri də iştirak edəcək. Tədbirin Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də məhz ölkəmizin, onun paytaxtının dünyada tanınmasına xidmət edir. Biz çalışırıq ki, xaricdən gələn qonaqlar ölkəmizdə gedən inkişaf və quruculuq işləri ilə əyani tanış ola bilsinlər. Bu, eyni zamanda, Azərbaycan dövlətinin son illər dünyada tanınması işinə bir töhfə kimi də qiymətləndirilə bilər. Çünki konfransın müxtəlif şəhərlərdə keçirilməsi müzakirə olunanda biz bu mühüm tədbirin Bakıda keçirilməsinə israrla çalışmışdıq. Təəssüf olsun ki, bəzi qüvvələr bu tədbirin əhəmiyyətini başa düşmədən, assosiasiyanın prezidenti professor İlham Rəhimovun fəaliyyətinə kölgə salmaq məqsədilə mətbuatda qərəzli məlumatlar yayıblar”, - o deyib. Səid Hacıbəyli tədbirin hər hansı siyasi xarakter daşımadığını, dəvət edilən şəxslərin yalnız fərdi hüquqşünas kimi tədbirdə iştirak etdiklərini qeyd edib: “Ümumiyyətlə, tədbirdə iştirak edənlərin əksəriyyəti Azərbaycanı sevən, onun haqq işini müdafiə edən alimlərdir. Həmin qərəzli yazıda adları keçən, guya Abxaziyanı təmsil edən şəxslər isə bizdə olan məlumata görə, Rusiya vətəndaşlarıdır. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, assosiasiya Bolqarıstan Respublikasında qeydiyyatdan keçib və təşkilat komitəsinin üzvlərindən biri, təşkilatın vitse-prezidenti Zaxari Zaxariyev bu ölkənin vətəndaşıdır və həmin şəxslərə dəvətnamə də onun tərəfindən göndərilib. Biz ona görə bu şəxslərin gəlməsi ilə razılaşmışdıq ki, həmin şəxslər konfransda Ermənistan tərəfindən dövlətimizə qarşı həyata keçirilən terrorizmi öz çıxışlarında ifşa edəcəkdilər. O ki qaldı Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova - biz onun ümumiyyətlə Azərbaycanda olduğunu bilmirik. Bildiyiniz kimi, Eldar müəllim həm də hüquq elmləri doktorudur. Mətbuatın imkanlarından istifadə edərək, hörmətli Eldar müəllim əgər Bakıdadırsa, onu da konfransda görməkdən məmnun olduğumuzu bildiririk. Gürcüstan nümayəndələrinin toplantıda iştirakdan imtina etməsi məsələsinə gəlincə isə bu da saytın özünün uydurmasıdır. Assosiasiyamıza bu barədə hər hansı məlumat daxil olmayıb və Gürcüstan vətəndaşlarının konfransda iştirakı gözlənilir”. Təşkilat komitəsinin katibi S.Hacıbəyli bildirib ki, bu gün Qara dəniz və Xəzər dənizi Regionu ölkələrinin qarşılıqlı münasibətlərində çözülməsi vacib hüquqi məsələlər var: “Bizim tədbirimizin də məqsədi yaratdığımız format daxilində gündəmdə olan hüquq problemlərini müzakirəyə çıxarmaqdır. Təcrübə göstərir ki, praktik hüquqşünasların, eləcə də elmi ictimaiyyətin yüksək səviyyədə təmsil olunduqları bu cür toplantılar hər bir ölkənin qanunvericiliyinin təkmilləşməsinə yardım edə bilər. Biz işimizi bu istiqamətdə qurmağa çalışırıq. Ona görə də toplantının üzərinə kölgə salmağa cəhd edənləri, bu məsələnin arxasında dayananları bizim kimi faydalı işlərlə məşğul olmağa çağırırıq”.