Bakıda qar, şaxta, çovğun, buz bağlamış yollar... QIŞIN ƏN SOYUQ GÜNLƏRİ YAŞANIR / YENİLƏNİB, VİDEO

Baxış sayı:
265

Sinoptiklərin proqnozlaşdırdıqları kimi, fevralın 23-ü axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləklə müşaiyət olunan qar yağıb, havanın temperaturu kəskin aşağı düşüb və bir sözlə, qışın ən soyuq günləri başlayıb.

Gecə saatlarında paytaxta və ətraf ərazilərə (o cümlədən respublikanı əksər rayonlarına) güclü qar yağıb, çovğun olub. Havanın temperaturu mənfi 5 dərəcəyə qədər enib. Yollar təbii ki, buz bağlayıb, nəticədə gecə saatlarında Bakının bir çox küçələrində zəncirvari qəzalar baş verib. Sosial şəbəkələrdə Bakıda baş vermiş gecə qəzalarına dair bir çox videogörüntülər yayılıb.

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib. Hərçənd hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Bakı Nəqliyyat Agentliyi bildirir ki, bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhülkəsizlik məqsədilə və meterioliji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.

“Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - Nəqliyyat Agentliyi bildirir.