BAKIDA EVİ UÇURULAN AZƏRBAYCANLI CƏRRAH ƏRDOĞANDAN DƏSTƏK İSTƏDİ – “Şikayətimin Azərbaycan Prezidentinə çatdırılmasına yardımçı olun…”

Baxış sayı:
8326

Bakıdakı evi “Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edən tanınmış cərrahın məktubunu olduğu kimi dərc edirik:
"Sayın Cumhurbaşkanı Rəcəb Tayib Ərdoğan!
Sizlərin çox qiymətli vaxtınızı aldığım üçün üzr diləyirəm. Siz təkcə Türkiyə Cümhuriyyətinin Cumburbaşkanı deyil, bütün Türk Dünyasının liderisiniz. Siz Davosda, BMT-nın tribunasinda, İslam ölkələrinin zirvə toplantılarında öz çıxışlarınızla  liderliyinizi sübüt etmisiniz. Dünyanın hansı məkanında olursa-olsun, Siz Həmişə türkdilli və bütün müsəlman olkələrinin harayına səs verən Böyük Lider kimi tanınan şəxsiyyətsiniz. Sizin Türkdilli ölkələrdə, eləcə də islam  dünyasında xüsüsi yeriniz və böyük hörmətiniz vardır.
Mən də hər zaman Sizinlə qürur duyan Azərbaycan vətəndaşıyam. Siz hər zaman Azərbaycanın Qarabağ həqiqətlərini dünyaya çatdıran, daim Azərbaycanın yanında olan lidersiniz. Biz “bir millət, iki dövlətik”. Bu çətin və gərgin iş rejimində çalışdığınız zamanda Türkiyənin daha vacib məsələlər qarşısında durduğunu görür, Suriya və Qarabağ problemlərinin, Yaxış Şərq böhranının daha öndə olmasını anlayıram.
Bir Türk oğlu və Azərbaycan bilim adamı, həkim kimi Sizə müraciət edirəm. Artıq 3 ildir ki, məni küçələrdə və otellərdə yaşamağa məcbur ediblər. Qısaca, Sizlərə mənim başıma gələn ağlasığmaz hadisə haqqında məlumat verməyə məcbur oldum.
16 may 2017-ci il tarixdə mənim Bakı şəhərindəki yeganə ikimərtəbəli evim, razılığım və xəbərim olmadan, Nəsimi Rayon icra başçısı Asif Əsgərovun göstərişi ilə “Regal” MTK inşaat şirkəti tərəfindən qanunsuz şəkildə, məhkəmənin qərarı olmadan sökülmüş, bütün əmlakım talan edilmişdir. Hətta saxta sənədlərlə mənim mülkimə dair müqavilə bağlansa da, hüqüq mühafizə orqanları (polis, prokurorluq) buna göz yumurlar.
Xarici ölkələrdə halal zəhmətimlə qazandığım bütün varidatım mütəşəkkil qruplaşma – “Regal” MTK sirkəti, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları (polis, prokurorluq və məhkəmə orqanları) və səlahiyyətli şəxslərin (millət vəkili, icra başçısı ) himayədarlığı ilə əlimdən alınmış və tarmar edilmişdir.

Bu faktı Sizə çatdırmağa məni məcbur edən 3 il müddətində Azərbaycan Respublikasının hüqüq-mühafizə orqanlarının biganəliyi, məhkəmə sisteminin süründürməçiliyi, sonuncunun Azərbaycan Respublikasınin qanunlarına istinad edilməyən qərəzli, yanlış qətnamələri, yerli  icra hakimiyyətinin (Nəsimi rayon icra başçısı Asif Əsgərov, Nəsimi rayon prokuroru  “hacı“ Salman Məmmədli, millət vəkili Əsabil Qasımov) özbaşınalığı, mənim konstitusion hüquqlarımın tapdanması və eyni zamanda müraciətlərimin Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinə çatdırılmaması olmuşdur. Çoxsaylı media orqanları (30 dan çox müraciət) vasitəsilə məsələnin dövlət rəhbərliyinə çatdırılmasına çalişsam da, təəssüf ki, buna nail ola bilməmişəm. Ona ğörə ki, müvafiq organlar və onların səlahiyyətli şəxsləri bu hadisənin dövlət rəhbərliyinə çatdırılmasına mane olurlar.
Sayın Türk dünyasının lideri  Rəcəb Tayib Ərdoğan!
Sizə müraciət etmək məcburiyyətindəyəm. Sizdən xahişim budur ki, başıma gələn bu ağlasığmaz hadisənin – yeganə evimin dağıdılması və bütün əmlakımın talan edilməsi faktının Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinə çatdırılmasında mənə yardımçı olasınız!
Hörmət və sayğılarla;
Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov".

Muxalifet.az