AZƏRBAYCANDA “AĞ ÖLÜM” TƏHLÜKƏSİ BÖYÜYÜR... – Gəncləri məhvə aparan “səssiz ölümə” nə zaman “dur” deyiləcək?!

Baxış sayı:
3899

Son vaxtla küçələrdə, blokların girişində və binaların tinində tez-tez gənclərin “qəribə” hərəkətlərinin şahidi oluruq. Bu zaman istər-istəməz özümüzə sual verməli oluruq: axı, nələr baş verir? Valideynini yaxından tanıdığımız, uşaqlıqdan gözümüzün önündə böyüyən bu gəncləri “qəribə” edən, dəyişən nədir? Təbii ki, bu sualın cavabını tapmaq üçün çox düşünmək də lazım gəlmir...
Bəs, gəncləri “səssizcə ölümə sürükləyən” kimlərdir? Gələcəyimizi kimlər məhv edir?
Öncə onu qeyd edək ki, narkotik vasitələrin bir növü olan “Metamfetamin” son vaxtlar ölkəmizdə, xüsusən də gənclər arasında sürətlə yayılmaqdadır. Nədir bu “Metamfetamin”? Qısaca olaraq belə cavablandıra bilərik: narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə.
Hansı ki, bir çox stimulyatorlar kimi, bu maddənin qəbulu 6-24 saat davam edən güclü bir “meyxoşluq” yaradır. Bu səbəbdən də yüksək dərəcədə asılılıq yaratma qabiliyyətinə malikdir.
Bu narkotik maddə ABŞ-da “Desoxyn” tableti olaraq satılır. Təbabətçilərin dediyinə görə, “Eferdin” və “Psevdoeferdin” molekullarını hidrogenləşdirməklə çox asanlıqla əldə edilən məhsuldur.
Azərbaycanda da “kasıbın heroini”, “şüşə kristal”, ”buz” və s. kimi adlarla istifadəçilər tərəfindən məhşurlaşan bu “ağ ölüm” son vaxtlar geniş yayılmaqdadır. Hətta, belə demək mümkünsə, bu maddə səssizcə gələcəyimizi sürətlə məhv etməkdədir.
Mütəxəssislər deyir ki, “Metamfetamin”in yaratdıgı təsir tez başlayır və tez də sona çatır, ona görə də gənclərdə təkrar dozalara eytiyac yaranır. Zaman keçdikcə istifadəçilərdə narahatçılıqlar başlayır, şiddət, qorxu, təcavüz, psixoloji pozuntular, normal olmayan hərəkətlər və.s. özünü büruzə verir.
Habelə qan təzyiqi və nəbz artımı, sürətli nəfəs alma, böyrək çatışmazlığı, infarkt kimi qorxulu xəstəliklərə səbəb olur.
Bu zərərli və təhlükəli maddə haqqında belə ətraflı yazmağımız səbəbsiz deyil. Düşünürük ki, yetkililər bu məsələnin daha ciddi problemlə çevrilməməsi üçün gecikmədən lazımi tədbirlər görərlər. Üstəlik, bəlkə bu yazımız hansısa istifadəçinin və yaxud yaxınlarının qarşısına çıxar və oxuyub hansı təhlükə ilə üz-üzə olduqlarını dərk edərlər.
Digər tərəfdən, hamımıza məlumdur ki, hal-hazırda ölkəmizdə polis sistemi o qədər güclü işləyir ki, quş quşluğu ilə səkə bilmir. Bəs, necə olur ki, bu və bu kimi narkotik maddələrin satışı və alışı ölkəmizdə çox rahat şəkildə həyata keçirilir? Bu kimi cinayət əməlləri kimlərin marağına və “cibinə”xidmət edir?
Yeri gəlmişkən, hər gün ölkəmizdə ən azı onlarla ogurluq hadisəsi haqda xəbərlər eşidirik. Bəs, hardadır polislərimiz? Bu oğurluq hadisələrinin çoxunun üstü niyə açılımır? Bilmirsinizsə, cavabını mən deyim. Həmin oğruların əksəriyyəti polislərin rüşvət qarşılığında satışına göz yumduqları narkotik vasitənin istifadəçiləri olduğundan, onların əməlinə göz yumulur.
Belə iddialar var ki, ölkəmizə narkotik vasitələr daha çox İrandan daxil olur. Təsadüfi deyil ki, son vaxtlar xüsusən də cənub bölgəsində narkomanların və narkotik alverçilərinin sayı sürətlə artmaqdadır. Axı, əbəs yerə polis rəisləri arasında “vəzifə bölgüsü” aparılanda, cənub zonası “çörəkli yer” kimi baha qiymətə satılmır ki...
Bəs, bu proses nə vaxtadək davam edəcək? Ölkədə gəncləri məhvə sürükləyən narkotik maddələrə “yox” deməyin zamanı gəlmədimi?!
Günay ƏSƏDOVA