“Allahla insan ruhuna görə qohumdur”

Sərdar Cəlaloğlu: “Qurani-Kərim insanın necə əmələ gəlməsini çox aydın izah edib”

“Siz Qurani-Kərimdə elmə və fəlsəfəyə zidd olan heç bir fikir tapa bilməzsiniz

“Yaranma müxtəlif tərkiblərin birləşdirilməsidir. Əmələgəlmə isə bir tərkibin öz içərisində inkişaf edib, formalaşmadır. Yəni əmələgəlmə formalaşma, yaranma təşkiletmə, xəlqolma isə yoxdan meydana çıxmaq deməkdir. Qurani-Kərimdə bu sözləri eynimənalı götürsəniz, Vasim Məmmədəliyev kimi dolaşığa düşərsiniz, deyərsiniz insan cindən əmələ gəlib”

Şərqşünas-alim, akademik Vasim Məmmədəliyev bu günlərdə Aznews.az-a saytına müsahibəsində insanın yaradılışı ilə bağlı sualları cavablandırıb. Vasim müəllim deyib: “Bu məsələ haqqında müxtəlif rəvayətlər var. Birinci budur ki, Həvva doğanda iki-iki doğurmuş, bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş… Bəziləri də deyir ki, insanlarla cinlərin qarışığından yaranıblar. Yəni insanlar cinlərlə evlənib, beləcə bəşəriyyət çoxalıb”.
Qeyd edək ki, Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə edən akademikin bu fikri cəmiyyətdə müəyyən mülahizələrə yol açıb. Xüsusən də sosial şəbəkələrdə Vasim Məmmədəliyevi bu ifadəsinə görə “çox primitiv dünya görüşünə malik insan”, “Qurani-Kərimdən xəbərsiz şəxs” kimi təqdim edənlər də olub.
Odur ki, şərqşünas-alimin nə dərəcədə haqlı olduğunu aydınlaşdırmaq üçün son vaxtlar mətbuatda dərc olunan dini yazıları ilə insanların diqqətini cəlb edən və hazırda Qurani-Kərimin izahını yazan ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
-Sərdar bəy, akademik Vasim Məmmədəliyevin “insanlar cinlərin qarışığından yaranıb” fikri haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, Quranda insanın yaradılışı və törəyib-artması necə təsəvvür olunur?
 -Əvvəla onu deyim ki, Vasim Məmmədəliyevin müsahibəsini mən də oxudum. Vasim müəllim dilçidir, nə filosofdur, nə teoloqdur. Ona görə də Qurani-Kərimlə, xüsusən hikmətlə bağlı sualların Vasim Məmmədəliyevə verilməsini düzgün hesab etmirəm. Təbii ki, həmin suallara da Vasim Məmmədəliyevin cavabı yoxdur. Müsahibədən də göründüyü kimi, Vasim müəllim həmin suallara bir dilçi kimi cavab verməyə çalışıb, bu zaman da həm elmi, həm də Quranın fəlsəfəsi baxımından çox ciddi yanlışlıqlara yol verib. Hətta xurafat səviyyəsində olan bəzi fikirləri ifadə edib.
Bilirsiniz ki, İslam aləmində çox ciddi problemlərdən biri Qurandan başqa, bəzi alimlərin fikirlərinin, hətta rəvayətlərin belə ehkam kimi götürülməsidir. Hansı ki, bu gün mövcud olan bütün təriqət və məzhəblərə fikir versəniz, görəcəksiniz ki, bunlar Qurani-Kərimdən daha çox rəvayətlərə, yozumlara, ayrı-ayrı alimlərin fikirlərinə ehkam kimi yanaşmaqdan meydana çıxıb. Halbuki bizim ehkam kimi götürə biləcəyimiz yeganə vasitə Qurani-Kərimdir. Qurani-Kərimin dediklərindən kənarda bizim özümüzün nə isə deməyimiz düzgün deyil.
Qurani-Kərimin özünün şərhi ilə bağlı da çox ciddi problemlər var. Bu ilk növbədə dilçilik problemləri ilə bağlıdır. Bilirsiniz ki, dilçilikdə çoxmənalı və çoxişarəli sözlər var. Sözün konkret mənası və konkret işarəsi müəyyən olunmayanda, cümlə və mətn tam təhrif olunur. Məsələn, Qurani-Kərimdə insanın yaradılışı ilə bağlı 3 ifadə var. Birinicisi, “Mən sizi xəlq etdim”. İkincisi, “Mən sizi yaratdım”. Üşüncüsü, “Siz bir lütfədən əmələ gəldiniz”. Bu 3 sözü eyni mənada götürmək düzgün deyil. Biz bilirik ki, insan atadan-anadan əmələ gəlib, onda xəlq və yaranma da bura daxil olanda, Allah-təala qalır kənarda, yəni bizi atamız, anamız yaradıb. Amma bu sözlərin həqiqi təkmənalılığını götürəndə məlum olur ki, xəlq etmə, yaranma və əmələgəlmə başqa mənaya malikdirlər. Əslində, Qurani-Kərimi diqqətlə oxuyub, o hermenevtik (interpretasiya) çətinlikləri dəf edəndən sonra məlum olur ki, insanın yerdə əmələ gəlməsi, yəni Adəm və Həvvanın cənnət aləmindən bu dünyaya gəlməsi və çoxlu insanın əmələ gəlməsi ilə bağlı heç bir mürəkkəblik, anlaşılmazlıq yoxdur…
- Bəzi rəvayətlərdə deyilir ki, Adəm və Həvvadan 7 min əvvəl yer üzündə cin və insanabənzər məxluqlar yaranıb…
-Birincisi, Quranda elə bir şey yoxdur. Adəm və Həvvadan əvvəl yaşayış olduğu haqda fikirlər nağıldır. Çünki Allah-təala deyir ki, “Mən Adəm və Həvva yaratdım”. Sonradan sual çıxır ki, insanlıq bir Adəm və Həvvadan əmələ gəlib? Əgər belədirsə, necə əmələ gəlib? Belə deyilsə, onda necə olub? Bu məsələ təkcə Qurani-Kərimdə deyil. İnsanın yerdə əmələ gəlməsini öyrənən antropologiya elmi də belə bir sualın bu günə qədər cavabını verə bilməyib. Yəni insan dünyanın bir yerində əmələ gəlib, bütün dünyaya yayılıb, yoxsa müxtəlif yerlərdə əmələ gəlib, sonra həmin insanlar bir-biri ilə əlaqə saxlayıb və bugünkü insanlıq meydana çıxıb?! Əgər insanlıq dünyanın bir yerində əmələ gəlib, sonra dünyaya yayılıbsa, irqlərin fərqliliklərini izah etmək olmur. Müxtəlif yerlərdə əmələ gəlib, sonra birləşibsə, onda da insanın Adəmdən əmələ gəlməsini izah etmək olmur.
- Quranda bununla bağlı hər hansı fikir yoxdur ki?
- Əslində, Qurani-Kərim bunu çox aydın izah edib. Quranda Allah-təala bəyan etməyib ki, mən sizi bir Adəm və Həvvadan yaratdım. Nisə Surəsinin birinci ayəsində Allah-təala bəyan edir ki, “Mən Adəmi yaratdım, onun cinsindən Həvvanı yartdım, sonra onlardan insanları yaydım”. “Yaymaq” sözü çoxaltmaq mənasını vermir. Çoxluğun məkanda paylanılması mənasını verir. Yəni Adəm və Həvvanın çoxluğu olmalıdır ki, o yayılsın. Yoxsa, burda bəyan etmir ki, mən Adəm və Həvvadan sizi çoxaltdım. Bəyan edir ki, mən sizi yaydım.
Yayılma biologiyada hər hansı bir növün məkanda müəyyən bir əraziyə səpələnməsidir. Yəni 100 baş qoyun götürün, çölə aparın, başlayacaqlar yayılmağa. Bu o demək deyil ki, bu qoyunlar əmələ gəldi, çoxaldı. Bu elə həmin 100 qoyundur.
Qurani-Kərimin Nisa Surəsindən də görsənir ki, Adəm və Həvva yayılıb, çoxalmayıb. Bizim başa düşdüyümüz kimi, insanlar Adəm və Həvvadan əmələ gəlib, sonra da dünyanın ərazilərinə yayılmayıb. Belə şey olmayıb. Adəm və Həvva özü yayılıb…
-Maraqlıdır, əgər Allah-təala bir Adəm və Həvva yaradıbsa, yerdə bu necə yayılıb? Birin yayılması mümkün deyil axı.
- Bu, metafizik aləmlə bu dünyanın qanunlarının bir-birindən fərqli olması ilə bağlıdır. Bizim dünya çoxunluqda və xarici vəhdətdə mövcudolma prinsipinə tabedir. Metafizika təkllikdə və tənhalıqda varolma prinsipinə tabedir. Adəm və Həvvadan danışanda, Allah-təala bəyan etmir ki, onlar vücuda gəldi. Onlar cənnətdə varlıq kimi yaradılıb, onların vücudu olmayıb. Onlar günah işləyəndən sonra vücudlarında eyib və qüsurları meydana gəlib. Bu zaman isə dərhal əmr olunub ki, bu dünyaya keçsinlər. Deməli, Adəm və Həvva cənnətdə tək və tənhadır, yəni say, kəmiyyət və keyfiyyət baxımından birdir. Amma bu dünyaya keçiriləndə, tək və tənha ola bilməz. Heç bir varlıq bu dünyada tək və tənha mövcud deyil. Təklik və vəhdətə ehtiyacsızlıq yalnız Allaha xasdır. Bu dünyaya gələn hər bir şey çoxunluqda olur. Adəm və Həvva da metafizikadan, yəni yaradılış aləmindən bu dünyaya gələndə “N” qədər Adəm və Həvva kimi gəlib. Yayılma budur. Allah-təala bəyan edir ki, mən yaydım yerə. Allah-təala heç bir yerdə bəyan etmir ki, mən bir nəfər Adəm və bir nəfər Həvvanı göndərdim yerə, insanlar həmin bir Adəm və Həvvadan əmələ gəldi. Quranda “Adəm və Həvvadan yaranma” deyilir. Allah-təala bəyan edir ki, mən sizi Adəm və Həvvanın nümunəsində yaratdım. Yaranma əmnələgəlmə deyil. Əmələgəlmə bir kişi ilə bir qadının cinsi əlaqəyə girib, ondan yeni bir nəslin meydana çıxmasıdır. Yaranma isə təşkil olunmadır. Məsələn, heykəltaraş baxır sizə, bir heykəl yonur. Biz deyirik ki, heykəl yaradıldı. Necə? Bir nümunə əsasında. İnsanlar da Adəm və Həvvanın nümunəsi əsasında yardılıb.
- İndi tez-tez səslənən suallardan biri də budur ki, Adəm və Həvva cənnətdən qovuldu, bu dünyada övladları oldu, bəs, insanlar necə çoxaldı…?
- Quranda elə şey yoxdur. Quranda var ki, biz cənnətdə yaratdıq. “Yaranma” sözü ancaq cənnətə aiddir. Allah-təala yerdəki insanların haqqında həm bəyan edir ki, “Mən sizi torpaqdan yaratdım”, həm də bəyan edir ki, “Siz laxtalanmış qandan əmələ gəldiniz”. Yaranma nə deməkdir? Yaranma torpaqdan götürülmüş ayrı-ayrı hissələrin birləşdirilməsi deməkdir. Əmələgəlmə isə iki şeyin birləşib, üçüncü bir şeyə çevrilməsi deməkdir. Beləliklə, əmələgəlmə ilə yaranma eynimənalı deyil. Doğrudan da, indi də biz torpaqdan yaranırıq. Necə? İnsan yeməsə, inkişaf edə bilməz, böyüyə bilməz və s. Yaranma budur. Amma insan yarananda əmələ gəlmir ki. Əmələgəlmə bir dəfə oldu, qurtardı. Yaranma isə sürətli bir prosesdir. Anadan olmamışdan qabaq qadın və kişi cinsiyyət hüceyrələri də torpaqdan yaranır, sonra insan əmələ gəlir, sonra insanın yaranması davam edir. Və mütəmadi olaraq meyvələr, bitkilər, ərzaq şəklində biz torpaqdan gələn şeylərin bəzi hissələrini qəbul edirik, Quranda cövhər yazılıb, keçir bizim bədənimizə, bizim bədənimiz inkişaf etməyə başlayır, böyüyür, artır. Bu əmələgəlmə deyil, yaranmadır. Yəni yaranma müxtəlif tərkiblərin birləşdirilməsidir. Əmələgəlmə isə bir tərkibin öz içərisində inkişaf edib, formalaşmadır. Yəni əmələgəlmə formalaşma, yaranma təşkiletmə, xəlqolma isə yoxdan meydana çıxmaq deməkdir. Qurani-Kərimdə bu sözləri eynimənalı götürsəniz, Vasim Məmmədəliyev kimi dolaşığa düşərsiniz, deyərsiniz insan cindən əmələ gəlib. Hətta bəz din alimləri var ki, deyir, Allah-təala bəzi heyvanları insana çevirib, Adəmin uşaqları evlənib. Bəziləri də deyir ki, Həvvanın iki uşaqlığı olub, birindən qız, o birisindən də oğlan doğulub, bunlar bacı-qardaş sayılmır… Tövratda da yəhudilər uydurub ki, Allah-Təalanın oğlanları vardı, baxdılar ki, Adəm və Həvvanın yaxşı qızları olub, öz qızlarını verdilər ona, beləliklə ilk insan Allahla insanların izdivacından əmələ gəlib. Allahın uşaqları yoxdur axı... 
- O halda bu yanlış qavrama nə ilə bağlıdır?
-Bu metafizika ilə bu dünyanın qanunlarının eyni götürülməsi ilə bağlıdır. Yəni insanlar elə başa düşür ki, Qurani-Kərimdə cənnət və cəhənnəm, axirət haqqında deyilənləri bu dünyanın nizamına uyğun dərk etmək lazımdır. Belə dərk edəndə ya bu dünyadakıları təkzib edirsiniz, gördüyünüz aləmin yalan olduğunu, ya da axirətin yalan olduğunu deməlisiniz. Halbuki iki müxtəlif aləm varsa, deməli, iki müxtəlif nizam var. O nizamın nədən ibarət olduğunu dərk edəndə, siz Qurani-Kərimdə elmə və fəlsəfəyə zidd olan, uyğun gəlməyən heç bir fikir tapa bilməzsiniz. Əksinə, görəcəksiniz ki, Qurani-Kərim bütün mövcud həqiqi fəlsəfələri və həqiqi elmi nəzəriyyələri təsdiq edir. Bu baxımdan deyirik ki, Adəm və Həvva cənnətdə bir varlıq kimi yaradılıb, amma onların mövcud olması çoxunluq kimidir. Yəni Adəm və Həvva çoxunluq kimi gəlib yerə, təklik kimi gəlməyib. Təkliyini yayılma imkanı yoxdur. Təklik gərək əvvəlcə çoxala, ondan sonra yayıla. Quranda isə Allah-təala Nisa Surəsində birbaşa bəyan edir ki, “Mən insanları Adəm və Həvvadan yaydım”. Demir, çoxaltdım. Amma insanın özünün əmələgəlməsi ilə bağlı bəyan edir ki, “Mən sizi bir atadan və bir andan əmələ gətirdim”.
Nisa Surəsində Allah-təala onu da bəyan edir ki, Allahdan qorxun və qohumluq əlaqələrindən qorxun. Biz qohumluq əlaqəsi deyəndə, bioloji bağlılığı, genetik informasiyanı nəzərdə tuturuq. Məsələn, atadan irsiyyət keçir övlada. Bizim başa düşdüyümüz biologiyada qohumluq əlaqəsi budur. Amma Allah-təala bəyan edir ki, qorxun. Söhbət hansı qohumluq əlaqəsindən gedir? Bilirsiniz, “qohumluq” sözünün bir mənası da eyni növə, eyni cinsə məxsus olmaqdır. “Qohumluq əlaqələrindən qorxun” o deməkdir ki, insanlar şüurlu varlıq olmaq əlaqələrindən qorxmalıdırlar, bunların qopmasına çalışmamalıdırlar. Çünki qopanda nə olur?... Quranda deyir ki, bəziləriniz heyvan vəziyyətinə, bəziləriniz isə heyvandan da rəzil vəziyyətə düşdünüz. Bu bioloji qohumluq deyil. Bu ruhun qohumluğudur. Yəni Allahla insan ruhuna görə qohumdur. Burada Allahla qohumluqdan söhbət gedir. Çünki Allah-təala öz ruhunu bizə üfürdüyünə görə biz Allaha qohum olduq. “Qohum” sözünün mənası rabitədə olmaq, əlaqədə olmaq deməkdir. Yəni burda bizim başa düşdüyümüz biloji qohumluqdan söhbət getmir. Bu da onu göstərir ki, Nisa Surəsinin birinci ayəsi cənnətdən bu dünyaya gələrkən bir Adəm və Həvvadan necə çox insanın əmələ gəlməsini izah edir. Bunun mənası odur ki, insanlar Adəm və Həvvadan çoxalmayıblar, Adəm və Həvva bu dünyada yayılıb. O yayılmadan da insanlar əmələ gəlib, müxtəlif adəm və həvvalar olub ki, sonra onların uşaqları da bir-biri ilə əlaqəyə giriblər. Bunun əksinə heç bir izah düzgün deyil. Qurani-Kərim bunu deyir.
- Cənnət və cəhənnəm yalnız insanlar üçündür, yoxsa digər canlılara da orda yer var?
- Allah-təala Quranda bəyan edir ki, “Mən insanı və cini Mənə ibadət etmək üçün yaratmışam. Onların bəzilərini cəhənnəmdə yandırmaq, bəzilərini isə cənnətdə əbədi yaşatmaq üçün”. Yəni faktiki olaraq cənnət, cəhənnəm, axirət aləmi yalnız ruhi varlıqlara aiddir. Cismi varlıqların, bu dünyada olan fiziki şeylərin heç biri axirətdə olmayacaq. Axirət aləmi konkretlik deyil. Orda obyektivizasiyaya məruz qalmış heç bir şey yoxdur, yalnız bilavasitəlik var. Ona görə insanlar Allahla qarşı-qarşıya duracaq. Biz niyə indi Allahla görüşə bilmirik? Çünki bizim bədənimiz var. Bu bədən bizi bilavasitəlikdən məhrum edib. Bizim bədənimiz bizim obyektivizasiyamızdır. Axirət aləmində necə olacaq Allahın qarşısında duracağıq - biz xalis ruhi varlıq kimi obyektivizasiyadan məhrum olacağıq.
İkinci ruhi varlıq da cinlərdir. Hansı ki, iblis və şeytan da həmin cinlərin tayfasındandır. Həmin cinlər də insanlar kimi cənnət və cəhənnəmə gedirlər. Cinlərin bizdən fərqi odur ki, onlar obyektivizasiyaya məruz qalmırlar. Öz aləmlərində bilavasitəlik kimi mövcuddurlar. Yəni onların bizim kimi fiziki cisimləri yoxdur. Amma Qurandan aydın olur ki, bizim kimi düşüncələri, cəmiyyətləri, əlaqələri, rabitələri, peyğəmbərləri var. Onların da bizim kimi azanları var. Azanlarına şeytan deyirlər, gəlib bizi də azdırır. Azmayanlara isə xeyirxah cinlər, mömin cinlər deyirlər. Hansı ki, o cinlər Süleyman Peyğəmbərə kömək edib. Allah-təala bəyan edir ki, mən cinləri göndərdim ki, Süleyman Peyğəmbərə xidmət etsinlər. O ayədən görsənir ki, cinlər də insanlar kimi iki qrupa bölünür – mömin və kafir cinlər. Kafir cinlərə Quranda  şeytan deyilir. Həmin cinlər insanlara təsir edib, onları da öz tərəflərinə yönəldirlər. Mömin cinlər isə, əksinə, insanların getdiyi doğru yolda Allaha ibadət edirlər. Cin Surəsində bu barədə açıq şəkildə yazılıb. Onlar da insanlar kimi cənnətə gedirlər.
-Yəni heyvanlar və başqa canlılar cənnət və cəhənnəmə getmirlər…
-Nə heyvan, nə də cisim, yəni fiziki obyektivizasiyaya məruz qalan heç bir şey axirət aləminə keçməyəcək. Çünki Allah-təala Quranda bəyan edir ki, biz bu aləmi götürüb, yerinə başqa aləm gətirəcəyik. “Başqa” nə deməkdir? Əgər o aləm də bu aləmlə eynilik təşkil edəcəksə, onda bu başqa aləm olmayacaq ki. Həmin cin, həmin heyvanlar, həmin insanlar, həmin dağ, daş, meşə və s. keçdisə axirət aləminə, onda axirət aləmi niyə başqa aləm olur ki?! Başqa aləm o deməkdir ki, o aləmin mövcud olduğu nizam bu dünyanın nizamından fərqlənir. Bu dünyanın ən ümumi nizamı nədir – konkretizasiya və obyektivizasiyaya məruz qalmaq. Yəni bir şey konkretdir, özünün sərhədləri var. Və hər bir şey obyektivdir, yəni hissi qavranandır, konkretliklə bilavasitə sənə təsir edir. Amma axirət aləmində konkretlik olmayacaq, yalnız bilavasitəlik qalacaq. Biz buna mücərrədlik də deyə bilərik. Yəni axirət aləmi mücərrəd bir aləmdir, bu dünya isə konkret aləmdir. Məsələn, Allah-təala bəyan edir ki, axirət aləmində ölüm yoxdur, əbədilik və sonsuzluq var. Bu dünyada hər bir şey zaman və məkanla şərtlənib. Konkretlik budur. Axirət aləmində konkretlik olmadığına görə, zaman və məkanla şərtlənmə yoxdur. İnsan həm əbədi mövcud olur, həm də eyni zamanda istənilən yerdə ola və eyni vaxtda istənilən şeyi əldə edə bilər. Cənnətin təsvirində deyilir ki, insanın cənnətdə istədiyi şey dərhal hazır olacaq. Bu metafizik bir qanundur. Necə ola bilər ki, məsələn, mən alma istədim, sonra fikrimi dəyişdim, üzüm istədim, həmin alma döndü oldu üzüm? Bu necə ola bilər? Bu dünyada konkretlik olduğuna görə, bir şey başqa şeyə keçə bilməz. Bu dünyanın qızıl qanunu budur. Hər bir şey başqa bir şeyin öz daxilinə keçməsinə müqavimət göstərir, keçəndə özü məhv olur. Axirtədə isə hər bir şey bir-birinin içinə keçə bilər. O cümlədən cəhənnəmin özündə də əzablar bir-birinə keçəcək…

(Ardı var)

"Hürriyyət", Ayxan İLDIRIMTÜRK