Akif Muradverdiyevlə bağlı hökm dəyişdirilmədi

Aprelin 29-da Ali Məhkəmədə prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin şikayətinə baxılıb.

Akif Muradverdiyev 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib.

Modern.az saytının əldə etdiyi məlumata görə, Akif Muradverdiyev məhkəmədə iştirak etməyib. Ali Məhkəmə Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.  Akif Muradverdiyev 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt – 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.