ADP Zakir Həsənovu istefaya çağırdı... – PARTİYA BƏYANAT YAYDI

Baxış sayı:
2017

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Ermənistanın sərhədlərimizdə törətdiyi təxribat nəticəsində ordumuzda olan canlı itkilərdən ciddi narahat olduğunu bildirib və şəhid ailələrinə bir daha dərin hüznlə baş sağlığı ünvanlayıb.
Partiya yetkililəri hansı səbəbdən baş verməsindən asılı olmayaraq, son hərbi qarşıdurmanın hər iki ölkə və region üçün ciddi narahatlıq doğurduğunu, bölgədə sülhün, təhlükəsizliyin təhdid altına alındığını qeyd edib, problemin həllinin hərbi gərginliklərlə deyil, sülh sazişi imzalamaqdan keçdiyini diqqətə çatdırıb.
ADP İdarə Heyəti hesab edib ki, baş verən hadisələrin arxasında Ukrayna ilə aparılan uğursuz müharibə nəticəsində Cənubi Qafqazda nüfuzunu itirən Rusiyanın yenidən bölgədə hərbi-siyasi üstünlüyü əldə etmək cəhdləri, siyasi orientasiyasını Qərbə doğru götürən Ermənistan rəhbərliyini cəzalandırmaq faktı ilə yanaşı, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə xidmət edən Brüssel formatınının arxa plana keçirilməsi, hərbi gərginliyi gündəmdə saxlamaqla bağlanması nəzərdə tutulan sülh sazişini pozmaq meylləri durur.
İdarə Heyəti baş vermiş təxribatdan sonra ordumuzun düşmənə layiqli cavab verməsini, qarşı tərəfi növbəti dəfə böyük hərbi itkilərə məruz qoymasını təqdir etməklə, bir neçə saat ərzində ordumuzun da xeyli sayda şəhid verməsini ürək ağrısı ilə qəbul edib və baş verən hadisələrə görə müdafiə naziri Zakir Həsənovun birbaşa məsuliyyət daşıdığını qeyd edərək, onu tutuduğu vəzifədən istefaya verməyə çağırıb.
İdarə Heyəti ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin nəticələrinə, səfər zamanı Azərbaycanı Ermənistana təcavüzdə suçlaması, adı çəkilən ölkəyə böyük həcmdə yardımların edilməsi təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirib və bu cür yanaşmaların ABŞ-la Azərbaycan arasında davam edən strateji müttəfiqliyin, qarşılıqlı, iqtisadi, siyasi əlaqələrin ruhuna zidd olduğunu diqətə çatdırıb.
İdarə Heyəti 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanın işğalçı, təcavüzkar dövlət olması ilə bağlı bir dəfə də olsun kəskin münasibət bildirməyən ABŞ yetkilisinin Azərbaycanı təcavüzkarlıqda suçlamasını xristian təəssübkeşliyindən irəli gələn ikili standartların durduğunu bir daha onların diqqətinə çatdırıb və xanım Pelosinin qızışdırıcı bəyanatlarının bölgədə qalıcı sülhə və təhlükəsizliyə xidmət etmədiyini bildirib.
İdarə Heyəti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sessiyasının nəticələrinə münasibət bildirib və qardaş Türkiyə ilə Azərbaycan dövlət başçılarının bu görüşdə müşahidəçi qismində iştirakını məqbul hesab edib və gələcəkdə bu təşkilatla iqtisadi əlaqələrin dərinləşməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından ölkəmiz üçün faydalı olacağına əminliyini ifadə edib.
İdarə Heyəti Ermənistanın son hərbi təxribatına qarşı ölkəmizin gərəkli addımlar atması, düşməni öz ərazilərinə qədər təqib edərək onları ciddi hərbi itkilərə məruz qoyması faktından sonra erməni diasporunun xarici ölkələrdə yerləşən səfirliklərimizə hücum etməsi, hədələyici şüarlar səsləndirməsi faktından narahatlığını bildirib və səfirliklərimizin mövcud olduğu ölkələrdən Azərbaycanın suveren ərazisi sayılan səfirliklərimizin qorunması üçün ciddi addımlar atmağa çağırmaqla, hakimiyyəti diaspor təşkilatlarımızı gücləndirməyə, erməni təxribatlarına adekvat reaksiya verərək adı çəkilən ölkənin səfirlikləri qarşısında ölkənin mənafeyini müdafiə edən tədbirlər keçirməsi üçün lazımı iş aparmağa səsləyib.
İdarə Heyəti son vaxtlar qazilərin, şəhid ailələrinin baxımsızlığı, məsul şəxslərin onların sosial problemlərinə laqeyd qalması, şəhid ailəsinin yaxınlarının rastlaşdığı rüşvətxorluq, süründürməçilik faktlarına görə etdiyi müraciətlərə zorən təkzib verilməsi kimi neqativlərin sosial şəbəklərdə yer almasından və bundan dolayı milli vətənpərvərlik ruhunun zədələnməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti şəhid ailələrinə qarşı diqqətsizlik göstərən, onların haqqını yeyən, problemlərinə arxa çevirən məmurlara qarşı ən ciddi tədbirlər görməyə çağırıb.
Muxalifet.az