ADP Söyüdlü sakinlərinin haqlı tələblərini müdafiə etdi... - AÇIQLAMA

Baxış sayı:
3468

Bu gün ADP İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ilk növbədə ötən həftə Gədəbəy rayonunun Söyüdlü kəndində dinc etiraz aksiyası ilə əlaqədar yaranmış vəziyyət müzakirə edilib. Qeyd edilib ki, ərazinin ekoloji vəziyyəti ilə əlaqədar dinc etirazlarını bildirən Söyüdlü sakinləri tamamilə haqlıdır, onlara qarşı tətbiq edilən güc qeyri-qanunidir və bu zaman polis əməkdaşları qanuni səlahiyyətlərini aşan hərəkətlərə yol vermişdir. ADP İdarə Heyəti hesab edir ki, mövcud ekoloji vəziyyətin hazırkı duruma gəlib çıxmasına, vətəndaşların haqlı narazılığına yerli icra orqanının indiyədək məhəl qoymamasına və nəhayət qanuni etiraza qalxan vətəndaşlara qarşı aşırı güc və aşkar qeyri-qanuni zor tətbiqinə görə məsul olan bütün vəzifəli şəxslər mütləq ciddi cəzalandırılmalıdır. Nəzərə çatdırılıb ki, bu hadisə zamanı polisin Konstitusiya, qanunlar, xalqımızın mənəvi əxlaqi dəyərləri ilə bağlı biliklərinin aşağı olması açıq-aşkar görünüb və bu istiqamətdə müvafiq zəruri işlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.   İclasda həmçinin qeyd edilib ki, Gədəbəydə qızıl mədəninin fəaliyyəti nəticəsində baş verən ekoloji pozuntular təkcə bu rayonda yaşayanlar üçün deyil, bütün bölgə əhalisi üçün  ciddi təhlükələrə səbəb ola bilər. Eyni zamanda ekologiyaya vurulan ziyanın əhalimizin sağlamlığına və genefondumuza vurulan zərbə kimi dəyərləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bunları nəzərə alaraq ölkə hakimiyyətinə ən yüksək səviyyədə və ən qısa zaman ərzində bölgədəki ekoloji durumun sağlamlaşdırılması üçün bütün tədbirləri həyata keçirməsi ilə bağlı çağırış edilib. Həmçinin bu hadisələr zamanı qeyri-qanuni həbs edilmiş şəxslərin dərhal azad olunmasının vacibliyi vurğulanıb.
Söyüdlü hadisələrindən çıxan digər bir nəticənin isə bölgələrdə əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlığı və yerli icra qurumlarının qeyri-adekvat fəaliyyəti nəticəsində yaranmış qeyri-adi dərəcədə gərginliyin hökm sürməsidir ki, bu məsələ qətiyyən diqqətdən kənarda saxlanılmamalı, regionlarda yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və yerli hakimiyyətin effektiv işləməsi ilə bağlı zəruri islahatlar həyata keçirilməlidir. 
İdarə Heyətində Söyüdlü hadisələri zamanı həbs olunanların hüquqlarını müdafiə etdiyinə görə gənc ictimai fəal Qiyas İbrahimovun 30 sutka həbs edilməsi pislənilib, tək adamlıq aksiyaların qanun ilə tənzimlənməməsi vurğulanaraq onun dərhal azadlığa buraxılmasının vacibliyi qeyd edilib.
Partiya yetkililəri həmçinin xüsusi karantin rejiminin daha üç ay uzadılmasının siyasi xarakter daşıdığını, xalqımızın hüquqlarının pozulmasına gətirib çıxardığını, yalnız nəqliyyat və ticarət sahəsindəki monopolistlərin xeyrinə olmasını əsas götürərək, ÜST-nın pandemiyanın bitməsini elan etdiyi bir dövrdə Nazirlər Kabinetinin karantin rejimini uzatması ilə əlaqədar qərarının absurd olduğunu diqqətə çatdırıblar. İclasda qeyd edilib ki, bu qərar xalqımızın sosial-iqtisadi vəziyyətinə ciddi mənfi təsirlərinə, sərhədyanı ticarətin ortadan qalxmasına, regional turizmə və əhalinin azad hərəkətinə maneələr yaratdığına görə ləğv edilməlidir.
İclasda qonşu Rusiya Federasiyasında baş verən son hadisələrə də diqqət yetirilib, baş verənlərin bu dövlətin daxili işi olduğu qeyd olunub, bu hadisələr V.Putinin apardığı avantürist siyasətin nəticəsi kimi dəyərləndirilib. Vəziyyətdən yeganə çıxış yolunun isə Rusiyanın Ukrayna ərazilərindən təcili olaraq çıxmasının və bütün qonşularına qarşı işğalçılıq siyasətindən rəsmən imtina etməsinin ola biləcəyi qeyd edilib.
İclasda 26 iyun Milli Ordu günü və qarşıdan gələn müqəddəs Qurban bayramı ilə bağlı Azərbaycan xalqına, əsgər və zabitlərimizə təbrik də ünvanlanıb. Təbrikdə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçən Şəhidlərimiz hörmətlə yad edilib. Ordumuzun sıralarının möhkəmləndirilməsi, müasir silah və sursatla təchiz edilməsi ilə bağlı atılan bütün addımlar təqdir edilib. Qeyd edilib ki, qəhrəman Azərbaycan Ordusunun bundan sonra da döyüş qabiliyyətinin yüksək saxlanması üçün xalqımızın rihafı yüksəldilməli, şəhid ailələrinə, qazilərimizə, habelə bütün əsgər və zabitlərimizə diqqət artırılmalıdır.
Qurban bayramı ilə bağlı təbrik mətnində isə, İslamın müqəddəs bayramlarından olan bu bayram günlərində bütün dünyada yaşayan müsəlmanların həmrəyliyinin vacibliyi bir daha vurğulanıb, insanpərvərlik, humanizim və yardımlaşma fəlsəfəsinə dayanan bu bayram münasibəti ilə xalqımıza təbrik ünvanlanıb.
Muxalifet.az