​ADP polkovnik Elnur Məmmədovun həbsini pislədi...

Baxış sayı:
2035

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi hadisələr müzakirə olunub. Toplantı iştirakçıları ilk öncə Rusiya-Ukrayna cəbhəsində yaşanan son hadisələrə diqqət çəkib.
Rusiyanın Ukraynanın bir sıra dövlət orqanları və mülki obyektlərini raket zərbələrinə məruz qoymasını müharibə cinayətləri kimi dəyərləndirən toplantı iştirakçıları dünya ictimaiyyətini Rusiyanın bu aqressiyasının qarşısını almaqdan ötəri Ukrayna dövlətinə və xalqına lazımi dəstəyi verməyə çağırıb.
İdarə Heyəti ötən həftə Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin üzv toplantısı çərçivəsində Fransa prezidenti E.Makronun təşəbbüsü və Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında, eyni zamanda Türkiyə Prezidenti ilə Ermənistan Baş Naziri N.Paşinyan arasında keçirilən görüş ətrafında müzakirələr aparıb, bu görüşlərdə əldə edilən razılaşmaları təqdir etməklə yanaşı bölgədə sülhə və əmin-amanlığa gətirib çıxaracağına ümidvar olduğunu bildirib.
İdarə Heyəti Praqa görüşlərindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması faktlarını kəskin tənqid edib, baş verənlərin arxasında Ermənistanda Rusiyanın təsir dairəsində olan revanşist qüvvələrin durduğunu bildirib. İdarə Heyəti Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olmadığını bir daha qeyd edib.
İdarə Heyəti son zamanlar Azərbaycanda ayrı-ayrı dövlət məmurlarının qeyri-qanuni hərəkətləri, korrupsiya faktları və cinayət əməllərinə qarşı internet resurslarında mübarizə aparan vətəndaşların hakimiyyət orqanları tərəfindən təqiblərə, təzyiqlərə və həbslərə məruz qoymasından narahatçılığını ifadə edib.
İdarə Heyəti Müdafiə Nazirliyində mövcud olan qanunsuzluqlarla bağlı son zamanlar internet televiziyalarında açıqlamalar verən ADP sıralarına yeni qəbul olunmuş keçmiş hərbçi və ehtiyatda olan polkovnik Elnur Məmmədovun həbs edilməsini qəti şəkildə pisləyib. İdarə Heyəti belə hesab edir ki, Elnur Məmmədovun həbs olunması ilə bərabər ailə üzvlərinə qarşı olan basqılar onun həbsinin siyasi motivli olduğunu göstərir. İdarə Heyəti müvafiq dövlət orqanlarını Elnur Məmmədovun Müdafiə Nazirliyində baş verən qanunsuzluqlarla bağlı verdiyi açıqlamalarla bağlı araşdırma aparmağa, onun xərçəng xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində olan məhkəmə hökmü dəyişdirərək azadlığa buraxılmasını təmin etməyə çağırıb.
Toplantının sonunda bir sıra cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Muxalifet.az