ADP-dən Türkiyədə keçirilən mitinqlərə REAKSİYA

“Bu olayların qardaş ölkənin daxili sabitliyinə mənfi təsir göstərməsindən narahatıq”
“Türkiyənin bu təlatümləri geridə buraxaraq, ölkənin vahidliyini, bütövlüyünü, vətəndaş həmrəyliyini təmin edə biləcəyinə inanırıq”
Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçicivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının nəticələri barədə fikir mübadiləsi aparıb və bu tədbirin enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanın gücləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Avropa Komissiyasının dəstəklədiyi, 12 ölkənin qatıldığı bu geniş tədbir enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamaqla, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təmin edilməsində də öz töhfəsini verəcək.
İdarə Heyəti Almaniya prezidenti F.V.Ştaynmayerin Azərbaycana səfərinin yekunlarına münasibət bildirib və bu səfərin Almaniya ilə Azərbaycan arasında ikili əlaqələrin yeni müstəviyə daxil olması, alman texnologiyasının sənaye və kənd təsərrüfatı sahələrinə tətbiq edilməsi, Almaniyanın vasitəçiliyi ilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi, ölkəmizin bu birliyə iqtisadi və siyasi cəhətdən inteqrasiya olunması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib.
İdarə Heyəti qardaş Türkiyədə baş verən son olaylara da münasibət bildirib və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra ana müxalifətin başlatdığı və getdikcə geniş miqyas alan etiraz aksiyalarının şiddətlənməsindən və bu olayların Türkiyənin daxili sabitliyinə mənfi təsir göstərməsindən narahat olduğunu diqqətə çatdırıb. Partiya yetkililəri qardaş ölkəyə xarici güclər vasitəsi ilə təsirlərin artdığı bir zamanda daxili iğtişaşlara yol açan bu etiraz aksiyalarının ölkənin iqtidarı tərəfindən səbrlə, zorakılığa yol vermədən izlənildiyini, Ana Yasa kurallarına, demokratik tələblərə uyğun nizamlanması üçün göstərdiyi cəhdləri təqdir edib və Türkiyənin bu təlatümləri geridə buraxaraq ölkənin vahidliyini, bütövlüyünü, vətəndaş həmrəyliyini təmin edə biləcəyinə inamını ifadə edib.
İdarə Heyəti son günlər ABŞ-da Tramp administrasiyasına, onun əvvəlki dünya nizamı ilə uyğun gəlməyən, başqa ölkələri təhdid edən siyasətinə qarşı başlanan etiraz aksiyalarına münasibət bildirib və bu etirazların arxasında D.Trampın Birləşmiş Ştatların əhalisinin iradəsini düzgün ifadə edə bilməməsi faktının durduğunu qeyd edib.
İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsinin irəli sürülən şərtlər daxilində həllinin tapması üçün hər iki ölkə rəhbərinin göstərdiyi səyləri müsbət dəyərləndirib və iki əsas şərt üzrə - Ermənistanın konstitusiyasındakı ərazi iddalarının geri götürülməsi və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün real addım atılmasının Paşinyan hakimiyyətinin göstərəcəyi qətiyyətdən asılı olduğunu bildirib. ADP öz növbəsində sülh sazişinin bağlanmasına əngəl olan və faktiki olaraq amorf bir təşkilata çevrilən Minsk Qrupunun buraxılması üçün ATƏT-in özünün bu barədə qərar verməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti İran prezidenti M.Pezeşkianın Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi aparıb və bu səfərin İranla Azərbaycan arasında zaman-zaman qarşı ölkənin yersiz ambisiyaları nəticəsində korlanan münasibətlərin nizama salınmasında, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sağlam qonşuluq münasibətlərinin yeni mərhələyə daxil olmasında töhfə olacağına ümidvar olduğunu bildirib.
İdarə Heyəti həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun uzunmüddətli aclıq aksiyasına başlamasından narahatçılıq ifadə edib, ölkə rəhbərliyini humanistlik göstərərək siyasi motivlərlə həbsdə olan şəxsləri, o cümlədən Tofiq Yaqublunu azad etməyə çağırıb.
Muxalifet.az