ABŞ Kiyevə peykdən idarə olunan “Excalibur” raketləri verib – BU QƏRAR MƏXFİ SAXLANILIB

“Pentaqon gizli şəkildə Kiyevi GPS ilə idarə olunan ən dəqiq “Excalibur” artilleriya mərmiləri ilə təmin edib”.
Qafqaz.media xəbər verir ki, bu barədə “Bloomberg” əvvəllər açıqlanmayan büdcə sənədlərinə istinadla məlumat yayıb.
“ABŞ-ın Ukraynaya dəstək paketinə ən dəqiq artilleriya mərmisi də səssizcə əlavə edildi. “Excalibur”un artıq Ukraynada istifadə olunduğu barədə məlumatlara baxmayaraq, səlahiyyətlilər onunla bağlı suallardan yayınırlar. ABŞ-ın “Excalibur” ehtiyatlarını artırmaq planı da bu sursatların Ukrayna qoşunlarına tədarükü faktını təsdiqləyir”, - “Bloomberg” qeyd edib.
Ekspertlərin fikrincə, hər belə mərminin qiyməti 98,7 min dollardan başlayır. Pentaqon əlavə 92 milyon xərcləyərək, büdcə proqramlarını ikiqat artırmaqla, bu il öz arsenalına 900-dən çox “Excalibur” əlavə etməyi planlaşdırır.
Bundan əvvəl “Politico” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Kiyevə son hərbi yardım paketinə “Excalibur” raektlərini də daxil edib və Vaşinqton bunu gizlədib.
Qeyd edək ki, “Excalibur” peyklə idarə olunan mərmidir. ABŞ bu silahlardan ilk dəfə 2007-ci ildə İraqda istifadə edib və terrorçuların liderini öldürüb. Dərc edilmiş sənədlərə əsasən, bu mərmilər uzun müddətdir Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunub.