ABŞ-ın demokratiya çağırışlarına cavab veriləcəkmi?

ABŞ prezidenti Cozef Bayden 28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısına ünvanlanan təbrik məktubunda ABŞ prezidenti İlham Əliyevi Azərbaycanda real islahatlara çağırıb: "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".
Bu çağırış Bakıya çatan gün isə Azərbaycanın gündəmi yenə də qanunsuz həbslər və polis zorakılığı idi. Belə ki, bu gün Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümbətov Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmlə 6 il muddətinə azadlıqdan məhrum edildi. R.Hümbətov ötən ilin iyul ayında narkotik ittihamı ilə həbs olunmuşdu. Hərçənd ki, o, fəal ictimaiyyət arasında məhz narkomaniyaya qarşı mübarizə aparan bir şəxs kimi tanınıb. R.Hümbətovun siyasi məhbus olmasına və onun həbsinin əsas məqsədinin MBH-ni zəiflətmək olduğuna şübhə etmirəm.
Ayşən Bayramova
R.Hümbətovun son məhkəmə iclası zamanı hakimiyyət başqa bir rüsvayçılığa da qol qoydu. Məhkəmə binasının önündə R.Hümbətova mənəvi dəstək üçün toplaşan MBH üzvləri zorakılıqla saxlanılaraq ərazidən uzaqlaşdırıldı və inzibati cəza məqsədilə məhkəməyə aparıldı (onlardan birinə 30 sutka həbs verildiyi artıq bəllidir). Bu arada Azərbaycana deportasiya edilmiş daha bir mühacir fəal həbs edilib. Almaniyadan deportasiya olunan Ziya İbrahmli məlumatlara görə, ötən gün elə hava limanında saxlanılıb. Bununla artıq 6-cı mühacir fəaldır ki, Azərbaycana qaytarılandan sonra həbs edilir. Avropa dövlətləri və beynəlxalq qurumlar Azərbaycan hakimiyyətinin geri göndərilən mühacirləri təqib etməyəcəyi öhdəliyini açıq şəkildə pozduğunu nəzərə alıb, azərbaycanlı mühacirlərlə bağlı qərarlarında diqqətli və həssas olmalıdır. Azərbaycan hakimiyyəti isə dünyanın ciddi dəyişikliklər içində olduğu indiki vaxtda da öyrəşdiyi zorakılıq və repressiya siyasətini davam etdirməyin yanlış və həm də özü üçün təhlükəli olduğunu nəhayət anlamalıdır.
Lakin, təəssüflər olsun ki, təkcə bir fakt - Tərtər cinayətində 281 nəfər (hələ bu da tam siyahı deyil) soydaşımızın işgəncə və anti - insani rəftara məruz qaldığının etirafı sübut edir ki, işgəncə bu ölkədə dövlət siyasətinə çevirmək istəyində olan ciddi qüvvələr vardır. Bu cinayət işi hakimiyyətin maskasını tamamilə düşürüb. Nə ölkə daxilində, nə beynəlxalq aləmdə bu sualdan yaxalarını qurtara bilməyəcəklər. Dövlət nə hala gətirilib ki, təkcə bir cinayətin istintaqı zamanı 10 nəfərdən artıq hərbçi işgəncə ilə öldürülüb və hələ özlərinin qəbul etdiyi, 281 nəfər işgəncə və anti - insani rəftara məruz qalıb. Qurucu babalarımızın min əziyyətlə qurduğu dövləti acınacaqlı duruma salıblar.
Hakimiyyət nəhayət ki, siyasi məhbusları dərhal azad etməli, polis zorakılığından imtina etməlidir. Ölkədə siyasi azadlıqlar, rəqabət mühiti bərpa olunmalı, ölkə inkişafının önü açılmalıdır. Bütün mədəni dünyanın da, ən əsası isə Azərbaycan xalqının da tələbi budur.