​3 qat dünya çempionu Hacı Əliyev: “Uğurlarım, qazanacağım medallar qarşıdadır”

Müstəqil Azərbaycan tarixində 3 qat dünya çempionu olan ilk güləşçi kimi adını tarixə yazdıran Hacı Əliyev…
Bir müddət öncə güləşçimiz Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanaraq rekorda imza atıb. Bu uğurdan sonra H.Əliyevdən müsahibə almaq üçün imkan axtarırdıq və sonda buna nail olduq.
Musavat.com saytının suallarını cavablandıran idmançımız maraqlı cavablar verib. Gələcək karyerası, yarışlar, uğurun gətirdiyi şöhrət və maddi imkanlardan danışan H.Əliyev deyib ki, 4-cü qızıl medal üçün çalışacaq.
“3 qat dünya çempionu oldun və cəmisi 26 yaşın var. Bu uğurdan sonra həyatında nə dəyişdi? Özünü necə hiss edirsən?” sualımıza idmançımız belə cavab verib: “Bayrağımızı yüksəklərə qaldırmaq mənim üçün ən gözəl hissdir. Mən sərbəst güləş üzrə 2 qat dünya çempionu olanda da sevincimin həddi-hüdudu yox idi. Çalışdım, əziyyət çəkdim və 3-cü dəfə bu sevinci yaşadım. Bu uğurdan sonra ölkəmizin hər yerində məni tanıyanlar olur, hörmət edirlər, uğurlar arzulayırlar. Bu da mənə əlavə güc verir.
Məşqlərim davam edir. Amma bu il yarışlarda iştirak etməyəcəm. Çünki məşqçilərim istirahət veriblər. Növbəti ildə isə Avropa, dünya çempionatı, dünya kuboku yarışları var. Onlar üçün çalışacağam”.
– Qazandığın uğurlar sənə maddi olaraq da təsir göstərirmi?
– Cənab prezident məni fərdi təqaüdlə təltif etdi. Mənim üçün bundan gözəl hədiyyə olmayıb. İlin yekununda Gənclər və Idman Nazirliyi və Olimpiya Komitəsi tərəfindən pul mükafatı da olacaq. Həmçinin öz federasiyamız da pul mükafatı verəcək. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olduğum üçün mənə mənzil hədiyyə etdi. Hər birinə təşəkkür edirəm.
– Ölkəmizdə, ümumiyyətlə dünyada belə bir tendensiya var. İdmançılar karyeralarını başa vurduqdan sonra müəyyən vəzifələri tuturlar. Bir çox idmançımız hazırda müxtəlif dövlət orqanlarında çalışırlar. Sənə də bu təklif gəlsə, razı olarsanmı? Belə bir gözləntin varmı?
– Mən hazırda sərhəd qoşunlarında leytenant rütbəsi ilə çalışıram. Gələcəkdə təbii ki, istəyərəm ölkəmizə, dövlətimizə faydalı olum. İstər idman sahəsində, istərsə də digər… Bu bizim borcumuzdur. Mənə hansı bir vəzifə təklif edilsə əlimdən gələni etməyə hazıram. Amma bunu gələcək göstərəcək. Hələ tezdir, uğurlarım, qazanacağım medallar qarşıdadır.
Qeyd edək ki, Hacı Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Elman Əzimzadənin rəhbərliyi altında güləşlə məşğul olmağa başlayan Hacı, 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2012-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyub.
Hacı Əliyevin böyük qardaşı Yaşar Əliyev də sərbəst güləşlə məşğul olur. Yaşar Əliyev 2013-cü ildə Avropa Çempionatında bürünc medal qazanıb.
Hacı Əliyev 2014-cü ildə Daşкənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan dünya çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.
Hacı Əliyev 2015-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə isə “Azərbaycan Respublikası Prezidentinin” Fəxri diplomu ilə təltif edilib. O, həmdə 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən yaxşıları” mükafatına layiq görülüb.
H.Əliyev evlidir və Aişə adında 2 yaşlı qızı var.