2020-ci ilədək Naxçıvanskinin abidəsinin açılması sual altındadır

Baxış sayı:
7689

Aznet-də Rusiya imperiyasının general-adyutantı, Azərbaycan xanı Hüseyn Naxçıvanskiyə Sankt-Peterburqda abidə qoyulması barədə Azərbaycan və Rusiyanın niyyəti müzakirə edilir. Hüseyn xan Naxçıvanski Rus-Yapon və Birinci Dünya Müharibəsi döyüşlərində iştirak edib, süvari dəstələrinə komandanlıq edib. Döyüşlərdəki xidmətlərinə görə Rusiyanın 15 və xarici dövlətlərin 9 mükafatına layiq görülüb. O I Nikolayın taxt-tacdan imtinası barədə manifesti imzalamaqdan imtina edən iki generaldan biridir. Naxçıvanskini 1918-ci ildə Petroqrad Fövqəladə Komissiyasının (FK) qərarı il" həbs ediblər və güman ki, güllələyiblər. Naxçıvanskinin bürünc heykəlinin Sankt-Peterburqun Petroqrad tərəfində, Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulması planlaşdırılır. Diasporinfo.com Rusiya KİV-nə istinadən xəbər verir ki, layihə hərbi liderin tunc fiqurunun 2,5 metr hündürlükdə qranit postamentdə (yüksəklik 2,75 metr) qoyulmasını, habelə meydançanın - burada qranit örtük, ağaclar və skamyalar olacaq- təşkilini nəzərdə tutur. Abidənin heykəltəraşı Mixail Popov, memar Yevgeni Çerepaxindir. Azərbaycan abidənin qoyulması üçün vəsait ayırmağa hazırdır. Rusiya KİV-in məlumatına görə, abidənin yaradılmasının dəyəri 15-16 mln. rubldur, ərazinin yenidən qurulmasına isə daha 7-8 mln. dollar lazım gələcək. Azərbaycanda abidənin ucaldılmasının əleyhdarları xatırladırlar ki, Naxçıvanski Rusiya ordusunun tərkibində Osmanlı Türkiyəsinə qarşı vuruşub. Çar generalı olan Naxçıvanski Sarıkamış, Bəyazit və Ərzuruma hücumlarda iştirak edb. Həmin əməliyyatlar zamanı rus ordusu müsəlmanları kütləvi şəkildə qətlə yetirib. Təkcə Sarıkamış yaxınlığında Türkiyə ordusu 90 minə yaxın əsgər itirib. Türkiyədə Sarıkamış məğlubiyyəti milli faciə adlandırılır. Naxçıvanskinin adının ucaldılması ideyasının tənqidçilərindən biri, jurnalist Qafqaz Ömərov deyir ki, bu abidənin qoyulması Bakıda Şaumyanın heykəlinin qaytarılması ilə eynidir. Tənqidçilər hökumətə tövsiyə edirlər ki, bu gün Naxçıvanın təhlükəsizliyinin - hərbi və iqtisadi - qarantının Türkiyə olduğunu unutmasın. Hüseyn Naxçıvanski erməni millətçiləri və rus kazak dəstələri ilə birgə Türkiyəyə qarşı döyüşüb. Digər məlumatlara görə, abidənin qoyulmasının yubadılması Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlunun günahı üzündən təxirə salınıb. Belə ki, o, yuxarıda göstərilən ideoloji mülahizələrə görə işə əngəl olur. Azərbaycanın Rusiyadakı səfirliyi təkziblə çıxış edib. Bəyanatda deyilir ki, Polad Bülbüloğlu Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edərək kompozisiyanın eskizinə bir neçə düzəliş və əlavələr edib. Kompozisiyanın seçilməsi və təsdiqlənməsi ilə yanaşı, səfir Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovla birlikdə Sankt-Peterburqun o vaxtkı qubernatoru və rəhbərliyi, həmçinin abidənin yaradılması ideyasını irəli sürən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Bundan əlavə, 2016-cı ildə Hüseyn xan Naxçıvanskinin oğlunun məzar daşı aşkar edildikdə, məhz Polad Bülbüloğlu bu məzar daşının abidənin postamentinə qoyulması ideyasını irəli sürüb. Səfirliyin bəyanatında işin dayandırılmasının başqa səbəbi açıqlanır. Sosial şəbəkələrdə Sankt-Peterburq şəhərində tanınmış azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin abidəsinin qoyulması işlərinə əlavə maliyyə dəstəyinin lazım gəldiyi barədə şayiələr yayılır. Səfirlik isə rəsmən bildirir ki, sözügedən layihəyə heç bir əlavə maliyyə dəstəyi lazım deyil. Belə bir önəmli ideyanın tam reallaşması üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bütün lazımi vəsait ayrılıb. Hazırda heykəltəraşlıq kompozisiyası, eləcə də memarlıq layihəsi tamamilə başa çatıb və işin görülmüş hissəsi ödənilib. Layihə üzərində gələcək işlərin həyata keçirilməsi üçün lazımi vəsait köçürülüb. Dövlət vəsaitlərinin xərclənməsinin hesabatlılığının vacibliyini nəzərə alaraq, habelə onların məqsədsiz istifadəsinin mümkünlüyünü istisna etməyərək xərcləri təsdiqləyən müvafiq sənədlər tələb edilib. Lazımi sənədlər təqdim edilməyib və bu səbəbdən növbəti maliyyələşdirmə dayandırılıb. Həmçinin bildirilir ki, abidənin quraşdırılması üçün Sankt-Peterburq administrasiyası tərəfindən ayrılan ərazidə yeraltı mühəndis-texniki kommunikasiyalar ilə əlaqədar bəzi ciddi problemlər yaranıb. Yaranmış problemlərin həlli məqsədilə səfirin Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə görüşü planlaşdırılır, - Azərbaycanın Rusiyadakı səfirliyi bildirir. 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq ölkə kimi təmsil olunacaq ki, bu da bizim xalqların mədəni həyatında çox əlamətdar hadisədir. Bu tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin razılığı ilə Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır. Lakin yaranmış çətinliklər layihənin vaxtında icra olunacağını şübhə altına alır./Turan