​11 min manat kompensasiyanı hansı şəhid ailələri ala bilməyəcək? – Komissiya bir ay müddətində SUALLARA AYDINLIQ GƏTİRƏCƏK

Baxış sayı:
5791

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik kompensasiyanın verilməsi barədə Fərmanının icrası ilə bağlı addımlar atılır. Aprelin 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSM) şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıb. Komissiyanın sədri, nazir Sahil Babayevin sözlərinə görə, məqsəd sadalanan hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin verilməsində şəffaflığı təmin etməkdir. Birdəfəlik ödəmələrin verilməsinə başlanılması üçün mexanizm 1 ay ərzində yaradılacaq. Prosesi asanlaşdırmaq üçün nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Paralel olaraq, hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etmək üçün müvafiq sayt yaradılacaq. Prezidentin sözügedən Fərmanında göstərilib ki, birdəfəlik ödəmə əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Birdəfəlik ödəmə Fərmanda nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş, hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, vəsaiti almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında verilir. Strateq.az xəbər verir ki, birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininn yerli şöbələrinə müraciətlər daxil olur. Amma kompensasiya almaq istəyən vətəndaşların bir hissəsi dövlət qurumlarından mənfi cavab alıb. Buna səbəb şəhidin vərəsəsi ilə bağlı qanunverciliyin tələbidir. Şakir Səfərov Strateq.az-a bildirib ki, onun qardaşı Mehman 1992-ci ildə, 19 yaşında Ağdərə uğurunda gedən döyüşlər zamanı şəhid olub: “Mehman subay idi, onun həlak olmasından bir müddət sonra atam və anam dünyasını dəyişdi. Bizə dövlət qurumundan bildirdilər ki, qanunverciliyə görə, ata, ana, arvad və şəhidin övladı onun vərəsəsi sayıla bilər. Başqa qohumlar, o cümlədən qardaş, bacı da bu vəsaiti ala bilməz”. Qoşqar Adıgözəlov da ƏƏSM-dən eyni cavab alıb: “Dedilər, siz həmin vəsaiti ala bilməzsiniz. Mən fikir verdim, müraciət edənlərin çoxuna belə cavab verilirdi. Çünki həlak olanların əksəriyyəti 18-19 yaşlı çağırışçılardır, bu yaşda onların əksəriyyəti subay olub. Eyni zamanda aradan 20 ildən çox müddət keçib, bir çox şəhidin valideynləri bu zaman ərzində dünyalarını dəyişiblər”. Nazirlikdən Strateq.az-a verilən məlumata görə, yaradılan komissiya birdəfəlik ödəmələrin veriləcəyi vərəsələrlə bağlı məsələyə aydınlıq gətirəcək./strateq.az