Xalq sizə səs verməyəcək - Buna əmin ola bilərsiniz...

Baxış sayı:
5023

11 aprel 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərinin hansı zərurətdən keçirildiyi cəmiyyətdə haqlı olaraq suallar yaradıb və bir çoxları bu sualın qarşısında müxtəlif versiyalar irəli sürməkdədir. Amma, cəmiyyətə bir həqiqət aydındır ki, iyirmi ildən artıqdır ki, hakimiyyətdə olan rejim mənsubları nə addım atırlarsa yalnız və yalnız özlərinin mənafelərinə görə edirlər. Bu baxımdan sözsüz ki, növbədənkənar prezident seçkiləri heç bir halda xalqın və dövlətin maraqlarına xidmət edə bilməz.
Təəssüflər olsun, bu həqiqət bütün cəmiyyətə aydın olduğu halda cəmiyyətin böyük bir kəsmi baş verənlərə susqunluq nümayiş etdirir. Dövlətin və xalqın həyatında ciddi hadisə sayılan prezident seçkiləri ərəfəsində millət yetkin olmalı, öz taleyi ilə bağlı tarixi qərarların çıxarılması anında vahidlik nümunəsi etdirməli, yumruğu bir zindana vurmalıdır. Elə vurmalıdır ki, zindanın səsini eşitməyənlərin kar qulağını partlasın. Böyük tarixi yol keçmiş, bütövlükdə müsəlman şərqində demokratik respublika nümunəsi ortaya qoymuş bir millətin hazırkı məqamda öz taleyi ilə belə ucuz barışması olduqca utancvericidir.
Çox qəribədir. Vaxtı ilə milli azadlıq hərəkatı mücadiləsilə bütün dünyada ən passionar, ən qabaqcıl mövqe tutan bir xalq bu gün onun varlığına sözün tam mənasında son qoymaq istəyən, millət adına kölgə salan bir rejimə qarşı susqunluq göstərir. Cəmiyyətin apolitik vəziyyəti və seçkiqabağı şəraitin antidemokratik olması 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin demokratikliyi bəri başdan şübhə altına almaqdadır. İstər Seçki Məcəlləsinin antidemokratikliyi, istər MSK-nın tərkibinin iqtidarın xeyrinə formalaşdırılması, istərsə də prezidentliyə real namizədlər üçün qeyri-bərabər şəraitin yaradılması indidən onu göstərir ki, seçkilərin nəticəsi saxtalaşdırılacaqdır, yenə də xalqın iradəsinə zidd olan bir tayfa rejimi meydana gətiriləcəkdir. Dünya xalqlarına demokratiya dərsi keçən ABŞ və Qərb ölkələrindən, eləcədə Azərbaycanda iqtisadi və strateji maraqları təmin olunan digər dövlətlərdən xeyir-duasını alan İlham Əliyev Anayasa normalarına arxa çevirərək bildiyini etməkdədir.
Bu baxımdan biz xalq olaraq böyük bir imtahan qarşısında olduğumuzu yaxşı dərk etməliyik. İyirmi ildən artıqdır ki, qanımızı zəli kimi soran, bizim insan kimi yaşamaq haqqımızı əlimizdən alan bir tayfa rejiminə son qoymaq lazımdır. Qanunlara sayqı ilə yanaşıldığı, vətəndaş hüquqlarının bərabər əsaslara qorunduğu sivil cəmiyyətlərdən fərqli olaraq bizim seçmək işimiz daha zordur. Biz düşmüşük azqananlar əlinə. Qanun azqananlarının. Onlara necə sərf edirsə, qanunları eləcə də yazıb-pozurlar.
Lakin biləsiniz ki, bəzəyib-düzəyib başa çıxaracağınız prezident adına yüzlərlə təbrik məktubları gəlsə belə, Azərbaycan xalqı sizin ölkəmizdə olan monarxiya rejiminizə dəstək verməyəcək, illərdən bəri hər bir vətəndaşımızın ürəyinə qara yaralar vuran mürtəce və serapatçı hakimiyyətinizə bir mənalı şəkildə yox deməyə özündə təpər tapacaqdır. Buna əmin ola bilərsiniz.
 
Nuridə Quliyeva