VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN 9 ƏSGƏR... - Fotolar

Baxış sayı:
386

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi ötən gün Vətən müharibəsində itkin düşən hərbçilərimizin yenilənmiş siyahısını təqdim edib. İtkin düşən 28 hərbi qulluqçudan 9-u əsgərdir.

Vətən müharibəsi zamanı itkin düşmüş həmin əsgərlərlə bağlı məlumatları "Qafqazinfo"ya istinadən təqdim edirik:

Yusubov Orxan Allahverdi oğlu

Vətən müharibəsində itkin düşən 29 yaşlı Orxanın sentyabrda Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb. N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Orxan Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 5 aydan artıqdır ki, ailəsi Orxandan xəbər ala bilmir. İtkin düşən əsgərimiz Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib. Orxan subaydır.

Səfərli Xəqani İlqar oğlu

1991-ci il təvəllüdlü Xəqani Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.

Salamov Qorxmaz Bayram oğlu

1996-cı il təvəllüdlü əsgərimiz Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.

Qədirli Elnur Rəcəb oğlu

1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

Mustafayev Elvin Fuad oğlu

1997-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinə könüllü yollanıb. Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad ediləndə əlaqə saxlayıb. Həmin tarixdən sonra Elvindən xəbər yoxdur.

Məmmədov Vüsal Elşən oğlu

1998-ci il təvəllüdlü Vüsal 8 noyabr tarixindən itkindir. Sonuncu dəfə onun Xocavənd isdiqamətində döyüşdüyü bildirilir. 5 aydan çoxdur ki, ailəsi Vüsaldan xəbər ala bilmir.

Kərimli Qalası Müslüm oğlu

Ailəsi 2000-ci il təvəllüdlü Qalası ilə sonuncu dəfə noyabrın 2-də danışıb. Bu zaman o, Şuşaya (Daşaltına) döyüşə yola düşdüklərini bildirib. Artıq 5 aydan çoxdur ki, əsgər Kərimlidən xəbər yoxdur.

Onud da qeyd edək ki, itkin əsgərimiz Zəngilan, Füzuli, Hadrut uğrunda da döyüşüb. O, Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

İmanov Məmmədağa İqab oğlu

O, Neftçala rayonundan hərbi xidmətə yollanıb. Döyüşlər başlayanda Beyləqanda xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da əlaqə saxlayıb. 2001-ci il təvəllüdlü əsgərizdən 3 aydan çoxdur ki, xəbər yoxdur.

Feyzullayev Aydın Zakir oğlu

25 yaşlı Aydın Feyzullayev sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.

Əsgərimizin atası Zakir Feyzullayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb: “Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.