​Vəli Ələsgərovun qardaşı niyə həbs edilib?

Haxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin “Bakı planları”nın qarşısı alındı
 
Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov vergidən yayınma ittihamı ilə həbs edilib.
“Turan” agentliyinin məlumatına görə, Əli Ələsgərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üşün Şərur rayon Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə prosesi üzrə hazırlıq iclası olacaq.
Baununla yanaşı “Turan”a yerli mənbələrdən məlum olub ki, Əli Əlsəgərov artıq vergi borcunu ödəyib. Onun vergi borcunun nə qədər olması barədə rəsmi mənbələrdən məlumat əldə etmək mümkün olmayıb.
Əli Ələsgərov sahibkardır. Qardaşı Muxtar Respublikanın MTN rəhbəri olduğu vaxtlarda onun biznesi çiçəkləmişdi. Belə ki, o, Ordubadda broyler təsərrüfatına, Şərurda balıqçılıq müəssisəsinə sahib idi, iaşə obyektləri vardı.
İyunun 24-də Naxçıvan Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsi Vəli Ələsgərovu mənimsəmə, vəzifə səlahiyyətini aşma və qanunsuz dinləmələrdə təqsirli bilərək 14 il azadlıqdan məhrum edib.
Vəli Ələsgərov 15 il Naxçıvan MTN-ə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra onun barəsində cinayət işi qaldırılıb.
Bir müddət həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verəndən sonra yenidən həbs edilib. İbtidai istintaqın yekunlarına görə, Vəli Ələsgərova qarşı daha bir ittiham – qanunsuz dinləmə irəli sürülüb.
Vəli Ələsgərovun qardaşının həbsinin səbəblərilə bağlı “Azadlıq”a da maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, Əli Ələsgərovun həbsi qardaşının Bakıdakı həbsxanlardan birinə köçürülməsinə cəhd etməsilə bağlıdır.
Qeyd edək ki, Vəli Ələsgərov Naxçıvandan Bakıya “etap” olunması ilə bağlı ciddi iş aparır. “Naxçıvan rəhbərliyi Vəli Ələsgərovun Bakıya köçürülə biləcəyini düşünür. Bu baxımdan da qardaşını həbs ediblər ki, Vəli Ələsgərov Bakıdakı həbsxanadan sensasiln açıqlamalar verə bilməsin”, – deyə məlumatlı mənbə bildirir.
Yada salaq ki, Vəli Ələsgərovun məhkəməsi başlayanda vəkili Vüqar Xasayev sürprizlərin olacağını bəyan etmişdi. Bu baxımdan məhkəmədə Vəli Ələsgərovun şok açıqlamalar verəcəyi gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Vəli Ələsgərov faktiki olaraq susdu. Bundan sonra məlumat yayıldı ki, Naxçıvan rəhbərliyi ilə Vəli Ələsgərov arasında anlaşma mövcuddur. Anlaşma ondan ibarətdir ki, Vəli Ələsgərov susmağı müqabilində qısa müddətə həbsə göndəriləcək. Lakin prosesin yekununda Vəli Ələsgərova 14 il azadlıqdan məhrum edildi.
Məlumata görə, Vəli Ələsgərov Bakıya məhz ona görə can atır ki, bildiklərini açıqlasın. Naxçıvan rəhbərliyinin anlaşmanı pozması hiddətləndirib. Lakin qardaşının həbsi Vəli Ələsgərovun planlarını poza bilər.