Venesuelada avtoritarizmin memarlarına qarşı tədbirlər görüləcək - ABŞ

”ABŞ hökuməti Venesuelada avtoritarizmin memarlarına qarşı tədbir görmək niyyətindədir”.
 
TASS-ın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauertin (Heather Nauert) bəyanatında bildirilir. Bəyanatda deyilir ki, ABŞ iyulun 30-da Maduro hökumətinin keçirdiyi Konstitusiya Assambleyasına seçkiləri qınayır: “Bu assambleya qanuni yolla seçilmiş Milli Assambleyanı əvəz etməyə və Venesuela xalqının öz müqəddəratını təyin etməsinə qarşı yönəlib. ABŞ ölkədə hərtərəfli və çiçəklənən demokratiyanı bərpa etmək cəhdində Venesuela xalqı və onun konstitusion nümayəndələri ilə birlikdədir”.
 H. Nauert xəbərdarlıq edib ki, ABŞ Venesuela hökumətinə, o cümlədən yeni yaradılan Konstitusiya Assambleyasının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır: “Biz Venesuelada avtoritarizmin memarlarına, o cümlədən bugünkü qanunsuz seçkilər nəticəsində Konstitusiya Assambleyasının işində iştirak edəcək şəxslərə qarşı sürətli və qətiyyətli tədbirlər görməyə davam edəcəyik”.
H. Nauertin fikrincə, iyulun 16-da müxalifətin keçirdiyi referendum sübut etdi ki, Venesuela vətəndaşlarının əksəriyyəti Konstitusiya Assambleyasının yaradılması ideyasını rədd edir: “Biz Maduro rejimi tərəfindən yol verilən zorakılığı pisləyir və yaxınlarını itirən bütün venesuelalılara başsağlığı diləyirik. Biz Qərb yarımkürəsi ölkələrinin və bütün dünya ölkələrinin hökumətlərini demokratiya və insan haqlarını pozan, repressiya və zorakılığa görə məsuliyyət daşıyan, korrupsiya əməlləri törədənləri məsuliyyətə cəlb etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq”.   
Xatırladaq ki, iyulun 30-da Venesuela hökumətinin təşkilatçılığı ilə Konstitusiya Assambleyasına seçkilər keçirilib. Bu assambleya müxalifətin nəzarətində olan parlamenti neytrallaşdırmaq məqsədilə yaradılıb./apa