​Ucarda 8-ci sinif şagirdi niyə intihara cəhd edib? – ZƏHRANIN ATASI MƏKTƏB DİREKTORU VƏ KİTABXANAÇINI İTTİHAM EDİR

Baxış sayı:
2216

Ucar rayonu, Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“8-ci sinif şagirdi olan qızım Zəhraya qarşı edilən özbaşınalığa görə intihara cəhd edib. Hazırda onun həyat və sağlamlığı ciddi təhlükə altındadır. Buna isə Ucar rayon Qaradağlı kənd tam orta məktəbin direktoru Səkinə Səfərəliyeva şərait yaradıb, göz yumur.
Belə ki, 2008-ci il tarixdə anadan olmuş qızım Əzizova Zəhra Ucar rayonu Qaradağlı kənd tam orta məktəbində 8-ci sinifdə oxuyur. Dərslərini əla qiymətlə oxuduğu üçün qızım 5 ildir ki, sinif nümayəndəsidir. Buna qısqanclıqla yanaşan məktəbin kitabxanasının əməkdaşı Təhminə Daşdəmirova öz övladı Nəzrin Hasil qızı Daşdəmirlini öyrədərək, mənim övladımı təhdid edir, ona qarşı zor işlədirlər.
Nəzrin Daşdəmirli heç bir əsas və səbəb olmadan qızım Nəzrinlə hər gün dalaşır, onu vurur, söyüb təhqir edir, geyimini, çantasını cırıb, şagirdlər arasında alçaldır. O, bütün bu zorakı, tərbiyəsiz hərəkətləri anasına güvənərək edir.
Mən bu barədə məktəbin direktoru Səkinə Səfərəliyevaya və Təhsil Şöbəsinin müdiri Rauf Məmmədova şifahi məlumat verib, tədbir görülməsini xahiş etmişəm. Ancaq qızıma qarşı zor tətbiq edib, onunla qərəzçilik aparan Nəzrin Daşdəmirli barədə heç bir tədbir görülməyib. Çünki, yuxarıda qeyd etdiyim kimi, Nəzrinin anası Təhminə Daşdəmirova həmin məktəbdə kitabxanaçı vəzifəsində işləyir, direktorla yaxın münasibəti var. Bu səbəbdən onun qızı Nəzrin barədə heç bir tədbir görülmür. Hətta cəzasılıqdan daha da həvəslənən Nəzrin digər şagirdləri də öyrədib, ələ alıb mənim qızım Zəhraya qarşı çıxarmışdır.

Qızım Zəhra edilən zorakılağa dözə bilməyərək, intihar etməyə cəhd göstərmişdir. O, öz qolunu kəsərək intihar etmək istəmişdir. Qızımın səhhəti pisdir, hər an özünü öldürə bilər. Hazırda övladımın həyat və sağlamlığı ciddi təhlükə altındadır. Buna görə, qanuni tərdbirlər görülməli, məktəbin direktoru ciddi cəzalanmalı, qızım Zəhraya qarşı zorakılıq göstərən Nəzrin Hasil qızı Daşdəmirli həmin sinifdən başqa məktəbə və ya sinifə köçürülməlidir.
Mən bu barədə şikayət ərizəsi ilə Mehriban xanım Əliyevaya, Təhsil nazirinə və Ombudsmana müraciət etmişəm. Mətbuat vasitəsi ilə də Mehriban xanım Əliyevadan, Təhsil naziri Emin Əmrullayevdən və Ombudsman Səbinə xanım Əliyevadan xahiş edirəm, komissiya yaradıb Ucar rayonu Qaradağlı kənd tam orta məktəbinə göndərib, qanuni və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.