Göyçay sakini Məşğulluq Agentliyinin rəsmi şəxslərindən ŞİKAYƏTÇİDİR
Göyçay rayonu, Xəlitli kənd sakini Mikayılov Eldəniz Mikayıl oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Məlumat üçün ilk öncə bildirim ki, Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirmişəm. Uzun müddət Xəlitli kəndində ferma müdiri işləmişəm. Aqrar islahat zamanı kolxoz təsərrüfatı özəlləşdirildi deyə, işsiz qaldım. Hazırda ailəmizdə heç kəs işləmir.
İribuynuzlu heyvan əldə etmək üçün 2021-ci il tarixdə özünüməşğulluq proqramına yazılmışam. 2024-cü ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin əməkdaşları evimə gəlib, həyətimdəki tövləmə baxaraq, iribuynuzlu heyvanın saxlanılması üçün münasib olmadığını bildirdilər.
Bu isə qanunsuz imtinadır. Çünki əvvəllər mənim həyətimdəki tövlədə eyni vaxtda 10 baş iribuynuzlu heyvan saxlamışıq. Heç bir nöqsanı olmayan, iribuynuzlu heyvanların saxlanılması üçün münasib olan tövləmin eni 5, uzunu isə 10 metr təşkil edir. Əkin, torpaq sahəmiz də var ki, yem bazası kimi sitifadə edə bilərəm.
İşsizliyə görə ailəm aclıq içində yaşayır. Nə qocalıq yaşında deyilik, nə də xəstə deyilik. Bizim ailəyə iş lazımdır ki, işləyib ailımizi dolandıra bilək. Buna görə mən özünüməşğulluq proqramına qoşulmuşam.
Rayonda elə adamlar var ki, həyətindəki tövlələr darısqal və taxtadan olsa da, onlara özünüməşğulluq proqramı əsasında iri və xırda buynuzlu heyvanlar verilib. Bu isə şübhəli məqamdır ki, Məşğulluq Agentliyinin Göyçay şöbəsi yol verib. Mənim tövləm münasibdir, həm də özüm iribuynuzlu heyvanı bəsləmək üzrə mütəxəssisəm.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət ünvanlayıb, xahiş edirəm ki, ailə vəziyətimizi işsiz olmağımız nəzərə alıb, özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvanla təmin olunmağıma köməklik göstərəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.