"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."

Baxış sayı:
14797

"Suriyanın şimalında "PKK"/"PYD" nədirsə, Qarabağ separatçılığı, erməni faşizmi də odur" Ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton təmaslarını Moderator.az-a şərh edib: "Türkiyə prezidentinin Amerikaya səfəri zənnimcə zəruri idi və bir çox qeyri-müəyyən məsələlərə açıqlıq gətirilməli idi. Bu, Ərdoğan qədər Tramp üçün də önəmli idi və Trampın bu görüşdən məmnun qaldığı ifadə edilməkdədir. Təbii ki, Suriya məsələsində, PKK /PYD-yə münasibətdə hər iki ölkənin baxışları fərqlidir və bunun gələcəkdə problemlər yaradacağı şəksizdir. Bu görüşdə Suriyanın gələcəyi ilə bağlı vahid fikrə gəlinmədi. Amma bəzi məsələlərə aydınlıq gətirildi. Dilə gətirilməsə də müəyyən razılaşmalar var və irəlidə biz onun çərçivələrini görəcəyik. Türkiyədən tələblər var. Bunlar milli maraqlara zidd olmadıqca yerinə yetirilə bilər. S400-ü isə geri qaytarmaq mümkün olmayacaq. Bu açıq söyləndi. Həm Soçi razılaşması da Suriya məsələsini kökünden həll edə bilməz. Suriyada Amerikanın maraqlarının təmin edilməsinə Türkiyə müəyyən mənada anlayışla baxır və Türkiyənin bu anlayışı Amerikanın bölgədə aktiv siyasət yürütməsi üçün çox lazımdır. Türkiyə isə təhlükəsizlik zonasında israrlıdır. Demək qarşılıqlı anlaşma var. Ərdoğanın ifadəsi ilə, Türkiyə üçün Rusiya da Amerika da əməkdaşlıq ediləcək ölkələrdir. Türkiyənin əlində də öz məqsədlərini təmin etmə vasitələri yox deyildir. Əgər ABŞ "erməni soyqırımı" provakasiyasını davam etdirsə, bu vasitələr işə salına bilər. Türkiyəni heç vaxt NATO - dan çıxarmaq məsələsi ola bilməz və regional güc olaraq Türkiyə hər zaman lazım olacaq. Buni dərk etməyə nə var ki...Ona görə də ABŞ səfəri Ərdoğan üçün bir revanş sayıla bilər. Trampın məktubunun geri özünə təqdim edilməsi də orada yazılanların iadəsi deməkdir. Bundan sonra nə olacaq? Hadisələr hansı istiqamətdə inkişaf edəcək? Məncə, Türkiyə tutduğu mövqeyini dəyişdirməməlidir, əksinə, onu daha da sərtləşdirməlidir. Türkiyəni məhkum etmək istəyən ermənilərə isə nəhayət dərs vermə siyasətini yerinə yetirməyə qalxmalıdır. Qarabağda lövbər salmış PKK-nın üzərinə getməlidir. Əldə yetərincə bəlgələr də vardır. Azərbaycanın təhlükəsizliyi üçün, Türkiyənin özünün güvənliyi üçün erməni təhdidi də aradan qaldırılmalıdır. Suriyanın şimalında PKK/PYD nədirsə Qarabağ separatçılığı, erməni faşizmi də odur.