Tramp Rusiya və Çinlə NÜVƏ MÜQAVİLƏSİ bağlamağa hazırlaşır

“Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın öz administrasiyasına ABŞ, Rusiya və Çinin iştirakı ilə nüvə silahlanmasının ixtisarı ilə bağlı müqavilə layihəsini hazırlamağı tapşırdığını yazıb. CNN kanalına müsahibə verən mənbə isə belə deyib: “Prezident qəti şəkildə bildirdi ki, onun fikrincə silahlanmaya nəzarət Rusiya və Çinin iştirakı ilə həyata keçirilməlidir. Bu müqavilədə bütün növ silahlar, nüvə başlıqları və raketlər öz əksini tapmalıdır”.
Məlumatda bildirilir ki, yeni sövdələşmə Rusiya və ABŞ arasında mövcud olmuş strateji hücum silahları barəsində razılaşmanı əvəz edə bilər. Yeni nüvə müqaviləsi layihəsinin ilkin mərhələdə olduğu deyilir. Tramp administrasiyasının 2020-ci il prezident seçkilərinə qədər bu müqavilənin hazırlanmasını bitirib-bitirməyəcəyi bəlli deyil. Kimliyi açıqlanmayan mənbələr, Çinin bu razılaşmada iştirak eləməyə razı olacağına şübhə ilə yanaşdıqlarını söyləyiblər.
Bu ilin fevral ayında ABŞ 1987-ci ildə SSRİ ilə Amerika arasında imzalanmış yaxın və orta mənzilli raketlər barəsində müqavilədən çıxmışdı. ABŞ Rusiyanı müqavilənin müddəlarını pozmaqda ittiham edir, Kreml isə bunu inkar edirdi.
Tramp nüvə silahlanmasına qarşı Çinin də iştirakı ilə yeni müqavilə imzalamaq niyyətində olduğunu bildirmişdi.