Tofiq Yaqublunun həbsinin PƏRDƏARXASI... - Prezidentə qarşı sabotaj, yoxsa...

Baxış sayı:
3637

Müsavat partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu martın 22-də saxlanıldı və xuliqanlıq maddəsi ilə haqqında həbs-qətimkan tədbiri seçildi. Bütün dünyanın koronavirus bəlası ilə mübarizə apardığı və Azərbaycanın gündəminin bu olduğu bir vaxtda belə bir addım diqqət çəkməyə bilməz.

Şübhəsiz ki, hüquq-mühafizə orqanlarının atdığı addım müzakirə mövzusu deyil. Azərbaycan hüquq dövlətidir və hüquq keşikçiləri qanunvericiliyin tələblərini yerinə yetirirlər. Lakin əsas məsələ Tofiq Yaqublunun həbsinin kim(lər)ə sərf etməsidir.

Bu sualın cavabının birmənalı olaraq hakimiyyətə sərf etmədiyi ortadadır. Çünki ölkədə ciddi siyasi islahatlar müşahidə olunur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın yenilənməsi siyasəti özündə sosial-iqtisadi islahatlarla yanaşı, demokratik siyasi islahatları da əks etdirir. 

“Köhnə qvardiya” olaraq tanınan sistemin tamamilə dəyişdirilməsi, dövlət başçısının da dediyi kimi, Vətənə, dövlətə bağlı qüvvələrin idarəçilikdə yer alması uzun illər ölkədə mövcud olan qara mənzərəni də dəyişdirdi. Xalq-iqtidar birliyi gücləndi, demokratik addımların atılması, şəffaflığın təmin edilməsi bərqərar oldu. Bu mənzərə təbii olaraq, xalqın Prezidentin ətrafında daha sıx birləşməsinə, mövcud iqtidara daha çox inanmasına səbəb olur. İndi koronavirusla mübarizədə cəmiyyəti dövlət başçısının ətrafında cəmləşməsi, həyata keçirilən siyasətin xalq tərəfindən birmənalı olaraq dəstəklənməsi bunun ən bariz nümunəsidir. 

Burada diqqətçəkən məqamlardan biri də son dövrlər mövcud siyasi qüvvələrə münasibətin dəyişməsidir. AXCP sədri Əli Kərimli də daxil olmaqla bütün siyasi qüvvələrin Prezident Administrasiyasına dəvət edilməsi (Hərçənd ki, Əli Kərimli öz yerinə müavinini göndərdi, amma dövlətin uzatdığı əli geri çevirmək ilk növbədə onu çevirənin ziyanınadır), müzakirələrin aparılması, siyasi partiyaların ofis məsələsindən tutmuş digər texniki problemlərinin həllinə dövlət dəstəyinin göstərilməsi və sairə addımlar siyasi islahatların məntiqi davamıdır. 

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə siyasi partiya liderlərinə təbrik ünvanlaması isə demokratiyanın və siyasi plüralizmin ən parlaq nümunəsidir. 

Bunun nəticəsidir ki, indi ölkədə hiss olunacaq qədər siyasi həmrəylik yaranır, kimlərsə bu prosesdən kənarda qalmaq istəsə də, ümumi mənzərə olduqca müsbətdir. Bunun səbəbi dövlətin və dövlət başçısının xoşməramlı addımlarıdır. 

Belə bir məqamda bir siyasi partiya üzvünün həbs edilməsi istər-istəməz prosesin pərdəarxasına diqqət çəkir.

Artıq heç kəsə sirr deyil ki, indiyədək siyasi müxalifətin hökumətə qarşı radikal mövqedə dayanması, hətta xaricdən aparılan söyüş kampaniyası iqtidar daxilindəki qüvvələrin idarə etdiyi proses idi. “Köhnə qvardiya” bununla özlərinin vəzifədə qalmağını təmin etməyə çalışır, yəni, “lazımlı” olduqlarını göstərməyə cəhd edirdi. Bunun real faktı Prezidentin sabiq köməkçisi Əli Həsənovun fəaliyyətində öz əksini tapır. Əli Həsənovun radikal müxalifəti idarə etdiyi, onların iqtidara, konkret desək, dövlət başçısına qarşı hücumlarını təşkil edir, digər tərəfdən özünü bu hücumların önündəki əsas “divar” olaraq göstərməyə çalışırdı. Buna paralel olaraq, əlində olan media orqanlarında Prezidentə sədaqətli kadrların tənqidini təşkil edir, həyata keçirilən siyasətin sabotajını həyata keçirirdi. Məqsəd məlum idi: özünü “əvəzedilməz” kimi göstərmək.

Lakin bu oyun sonda ifşa edildi. Bu təcrübə fonunda bu gün Tofiq Yaqublunun həbs edilməsi şübhəli suallara yol açmaya bilməz.

Bu həbs Prezidentin siyasi islahatlarını sabotajdırmı? Bu sabotajı hələ də müəyyən rıçaqları qalan “köhnə qvardiya” edə bilərmi?

Bu sualların cavabı açıq olaraq qalmaqdadır. Lakin təcrübə və proseslərin inkişafı Tofiq Yaqublunun həbsinin arxasında dövlət başçısının siyasətinə qarşı hansısa təxribatın olduğu ehtimalını gücləndirir. Böyük ehtimalla qarşıdakı dövrdə cavabsız suallar aydınlaşacaq.

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru