“Testlərinin götürülməsi dayandırılmayıb, sadəcə məhdudlaşdırılıb” – REFERANS KLİNİK LABORATORİYASINDAN AÇIQLAMA / Yenilənib

Baxış sayı:
2430

Referans Klinik Laboratoriya Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rübabə SAHİB Muxalifet.az-a açıqlamasında mərkəzdə testlərinin götürülməsinin dayandırılmadığını bildirib:
“Referans Klinik Laboratoriya mərkəzində covid-19 testlərinin götürülməsi dayandırılmayıb, sadəcə məhdudlaşdırılıb.
Referans Klinik Laboratoriya Mərkəzi olaraq ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışırıq. COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq  gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edirik. Eyni zamanda həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstəririk.
Məlumat üçün bildiririk ki, hazırda vətəndaşların kütləvi müraciətlərinin kəskin artması ilə əlaqədar olaraq sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə vətəndaşlardan COVİD-19 testinin götürülməsi müvəqqəti məhdudlaşdırılıb. Ancaq təcili və təxirəsalınmaz bir vəziyyət olarsa,  yerində laborator müayinə xidməti göstərilir.
Qeyd edək ki, TƏBİB –in protokollarına uyğun olaraq Mərkəzimizdə aparılan bütün test nəticələri vətəndaşa təqdim olunmadan öncə birbaşa TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir. Əgər nəticə pozitivdirsə, TƏBİB tərəfindən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçirilir. Belə ki, onun yaxın 7-14 gün ərzində təmasda olduğu şəxslər müəyyənləşdirilir,  pasiyent  müalicə üçün xüsusi ayrılmış tibb müəssisəsinə yönləndirilir və s. lazımi işlər görülür”.

Muxalifet.az

***

Koronavirus testinin götürülməsi dayandırıldı... "REAKTİVLƏRİMİZ BİTİB"

“Referans” Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.
Muxalifet.az xəbər verir ki, Klinikanın Labaratoriya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda koronavirusla bağlı test qəbul edilmir: “Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması sırf uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub”.
Xatırladaq ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.
Qeyd olunmuşdu ki, texniki səhvə görə, pasiyentin son iki həftə ərzində görüşdüyü insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək.