Tarif Şurasının qiymət artımı qərarının PƏRDƏARXASI - Ruspərəstlərin çirkin siyasi niyyətləri və...

Baxış sayı:
5953

Ötən bazar günü Tarif Şurasının iclasında ictimai nəqliyyatda gediş haqqının artırılmasına qərar verildi. Şuranın qərarı ilə avqustun 1-dən etibarən metro, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada gediş haqları 50 faiz qaldırıldı.
Tarif Şurası bu qərarını digər ölkələrdə ictimai nəqliyyatda və metroda gediş haqqının Azərbaycana nisbətən xeyli aşağı olması ilə əsaslandırmağa çalışsa da, əhali tamamilə fərqli fikirdədir. Ən azı ona görə ki, müqayisə olunan ölkələrdə orta aylıq əmək haqqı Azərbaycanda olduğundan dəfələrlə artıqdır. Bu baxımdan da cəmiyyətdə Tarif Şurasının məlum qərarına etirazlar son iki gündə ciddi şəkildə artmaqdadır.
Üstəlik, bir sıra ekspertlər hesab edir ki, ictimai nəqliyyatda gediş haqqının artırılması bununla yekunlaşmayacaq. Məsələn, iqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, Tarif Şurasının bu qərarı sadəcə nəbz yoxlamasıdır: “İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu, sadəcə, nəbz yoxlamasıdır".
Ən önəmlisi isə, əksər ekspertlərə görə, bu qərar digər sahələrdə də qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Belə ki, iqtisadçı Samir Əliyevin fikrincə, bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Onun sözlərinə görə, növbəti mərhələdə qaz, su və işıq bahalaşacaq:
"Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq".
Digər tərəfdən, ekspertlər hesab edir ki, şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək.
Bütün bunlar öz yerində. Zənnimizcə, bu gün ən aktual məsələlərdən biri Tarif Şurasının qiymət artımı ilə bağlı qərarının hər hansı iqtisadi əsası olub-olmadığını aydınlaşdırmaqdır. Bəllidir ki, Azərbaycanın dövlət büdcəsinin böyük hissəsi neft gəlirləri hesabına formalaşır. Son vaxtlar isə dünya bazarında Azərbaycan neftinin qiymətinin artmaqda olduğunu və hazırda 73 dollardan baha satıldığını nəzərə alsaq, Tarif Şurasının bu qərarının hansı niyyətdən qaynaqlandığını müəyyənləşdirə bilərik. Öncə onu xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsində neftin bir barreli 40 dollardan hesablanmaşdı. 2018-ci ilin büdcəsində isə “qara qızıl” 45 dollar səviyyəsində müəyyən edilib. Bu isə o deməkdir ki, Azərbaycan nefti hazırda büdcədə nəzərdə tutulandan 28 dollar baha qiymətə satılır. Belə olduğu halda Tarif Şurasının bu cür operativ qiymət artımının ciddi iqtisadi əsası olduğunu düşünmək olmaz.
Doğrudur, xüsusən də Bakı Metropoliteninin dövlətin dotasiyası ilə fəaliyyət göstərdiyi, guya hər bir sərnişinin daşınma xərcinin 47 qəpik olduğu iddia edilir. Bununla da əsaslandırmağa çalışırlar ki, metroda gediş haqqının 30 qəpik olması ciddi artım hesab olunmamalıdır. Lakin xatırlatmaq yerinə düşər ki, hələ Tağı Əhmədov Bakı Metropoliteninin rəisi olduğu dönəmdə də adambaşına düşən daşınma xərcinin 47 qəpik civarında olduğu iddia olunurdu. Bu baxımdan Tağı müəlllim tez-tez dövlətin metroya ayırdığı dotasiyanın artırılmalı olduğunu bildirirdi  və son illər ərzində bir neçə dəfə də buna nail olmuşdu. Halbuki, sonralar məlum oldu ki, sən demə, metroda hər 4 jetondan biri T.Əhmədovun cibinə gedirmiş. Hansı ki, bu da ay ərzində minimum 300 min manat dövlət vəsaitinin mənimsənilməsi deməkdir. Üstəlik, metro ərazisindəki köşklərin icarəsindən il ərzində təxminən 20 milyon manata yaxın pulun büdcədən mənimsənildiyi faktını da nəzərə alsaq, Bakı Metropoliteninin uzun illər hansı səbəbdən dotasiya ilə fəaliyyət göstərdiyini aydınlaşdırmaq heç də çətin olmaz.
Şübhə yoxdur ki, hələ də hər sərnişinin daşınma xərcinin 47 qəpik olduğu haqda son günlər Bakı Metropolitenindən verilən açıqlama da həqiqəti əks etdirmir. Görünür, yeni rəis Zaur Hüseynov da metroda adambaşına düşən daşınma xərcini Tağı Əhmədovun “arşını” ilə ölçür. İnanırıq ki, bu haqda mütəxəssislər tərəfindən gerçək hesablama aparılsa, hər sərnişin üçün daşınma xərci iddia edilən rəqəmdən çox aşağı olacaq.
Təbii ki, ümumilikdə ictimai nəqliyyat sektorunda da vəziyyət tamamilə fərqlidir. Fikrimizi əsaslandırmaq üçün bir məsələyə diqqət edək. Necə olur ki, marşrut xətləri müxtəlif sahibkarların nəzarətində olanda, onlardan hər ay külli miqdarda rüşvət toplanılmasına rəğmən, rentabelli fəaliyyət göstərə bilirdilər, bu sahə “BakıbBus”a verildikdən sonra gəlir əldə etmək olmur? Tarif Şurası bu suala necə aydınlıq gətirə bilər? Axı, bu gün hələ də sərnişindaşınma xidməti ilə məşğul olan onlarla sahibkar var ki, hər ay kifayət qədər pul qazanırlar. Yetər ki, onların fəaliyyətinə qanunsuz şəkildə mane olunmasın…

Görəsən, bütün bunlardan sonra Tarif Şurası öz qərarına necə haqq qazandıra bilər? Amma Şuranın bu qərarının arxasında başqa maraqlar da sezilir. Yəni, bir halda ki, indiki dönəmdə ölkədə qiymət artımının ciddi iqtisadi əsasları olmayıb, deməli, burada siyasi faktorlar rol oynayıb. Bəs, bu qərarın verilməsində hansı siyasi amillərin mövcudluğundan danışmaq olar? Bu suala aydınlıq gətirməzdən əvvəl, onu qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Tarif Şurasının məlum qərarəndan bir neçə gün əvvəl ölkəmizin xaricdən kredit cəlb etməkdə maraqlı olmadığını və ehtiyat fondumuzda yetərli qədər vəsait olduğunu dilə gətirmişdi. Təbii ki, ölkə başçısı bütün bunlarla yanaşı, hər zaman olduğu kimi, əhalinin sosial-iqtiadi durumunun getdikcə yaxşılaşdırılacağını bildirmişdi. Maraqlıdır, prezidentin bu bəyanatından az sonra Tarif Şurasının “əhalinin belini qıran” qərara imza atması nə dərəcədə təsadüf ola bilər? Bu qərarın arxasında kənar qüvvələrin təsiri ilə vətəndaşları ölkə başçısına qaldırmaq niyyəti dayanmır?
Şübhəsiz, biz Tarif Şurasının prezidentin razılığı olmadan belə bir qərar verdiyini iddia etmək fikrindən uzağıq. Lakin bu razılığın necə alınmasının özü də tamamilə başqa mövzudur. Görünən odur ki, bu gün YAP-ın açıqladığı kimi, ölkə başçısına da “gediş haqlarının artırılmasını vətəndaşlarımız istəyir”, “qonşu ölkələrdə ictimai nəqliyyatda gediş haqqı bizdəkindən dəfələrlə yüksəkdir” kimi yanlış məlumatlar verməklə, onun icazəsini əldə ediblər. Əks halda, yuxarıda qeyd etdiyimiz kimi, dünya bazarında neftimizin qiyməti 73 dollardan baha satıldığı təqdirdə, bur cür yersiz qiymət artımı ilə əhalini narazı salmaq prezidentə nə üçün lazım idi?!
Adının çəkilməsini istəməyən ekspert də iddia edir ki, ictimai nəqliyyatda qiymətlərin yüksəldilməsi ölkədə narazılığı süni şəkildə artırmaq üçün atılmış hiyləgər siyasi gedişdir. Onun fikrincə, bu qərarın arxasında ruspərəst qüvvələrin dayandığı istisna deyil və məqsəd cəmiyyətdə yaranmış narazılığın fonunda öz çirkin niyyətlərini həyata keçirməkdir. Xüsusən də son günlər Avropa Birliyi nümayəndələrinin Bakıya ardıcıl səfərlərindən sonra belə bir qərarın verilməsi heç də təsadüf deyil. Bu, Rusiyanın və ölkəmizdəki ruspərəst qüvvələrin Azərbaycanın Qərbə inteqrasiyasına qarşı dirənişinin bariz nümunəsi hesab oluna bilər…

Muxalifet.az