“Survivor”u tərk edən “Kobra” ölkəyə qayıda bilmir - AÇIQLAMA

Baxış sayı:
5547

Müasir dünya tarixində ilk dəfə bütün ölkələr qlobal pandemiya ilə mübarizə apararkən Azərbaycan idmanı da tarixinə daha bir yenilik qatdı.

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayev (ləqəbi “Kobra”) dünyanın ən məşhur ekstremal yarışmalarından biri olan “Survivor”un Türkiyədə yayımlanan versiyasında yer aldı.

Oyunların ilk günündən qüvvətli döyüşçü vücuduna rəğmən, təmkini və kübarlığı ilə digər iştirakçılardan seçilən Abdullayev performansı ilə bütöv bir komandaya bərabər oldu və təkbaşına komandasına qalibiyyət qazandırmağı bacardı. Bununla belə, gözlənilməz şəkildə şurada ələnənlər arasında dəfələrlə adı yazıldı və yarışın təşkilatçıları da daxil olmaqla, 100 milyon türkün bir anlıq ürəyini ağzına gətirdi.

Yarışlarda uğur və əzmlə mübarizəsini davam etdirən Azərbaycanın milli qürurunun qarşısının alınmayacağı açıq-aşkar ortada idi. Doğrudur, sevgidə və mübarizədə hər şey qanunidir. Buna görə də bəzi iştirakçıların Pərvizə qarşı hiylə işlədəcəkləri yayımlanan görüntülərdən belə hiss edilirdi. Və belə də oldu. Heç bir əsaslı səbəb olmadan Abdullayevə qarşı birləşən komanda onun adını yazdı və oyundan çıxardı.

“Survivor” Türkiyə tarixində ilk dəfə azərbaycanlının iştirakı və onun qarşısıalınmaz şəkildə finala doğru getməsi, nə qədər inkar olunsa da, həmyerlimiz ayrıseçkiliyin qurbanı oldu deyə bilərik. Bununla belə Pərviz dəstəksiz qalmadı və haqsızlığa tuş gəldiyi Türkiyənin ən məşhur simalarının dilindən də onun fərqliliyi eşidildi.

“Kobra”nın qəzəbinə tuş gələnlərin aqibəti heç də yaxşı olmur, deyirlər. Çox yaxın gələcəkdə buna şahid olacağıq yəqin ki. Hələlik isə bizi ən çox maraqlandıran milli qürurumuzun vəziyyətidir. Onun yarışdan çıxması koronavirus pandemiyasına görə bütün sərhədlərin bağlandığı, uçuşların dayandığı dövrə təsadüf etdi və buna görə də hələ ki, vətənə qayıda bilmir.

Meneceri və əmisioğlu, “Cobra” Peşəkar Kikboksinq Klubunun direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. Onun Publika.az-a verdiyi açıqlamaya görə, Pərvizin fiziki durumu əladır və yarışdan kənarlaşandan sonra dincəlməyə üstünlük verib: “Pərviz “Survivor”u tərk etməyinə baxmayaraq, sərhədlər bağlı olduğuna görə Dominikanda yerləşib. Yarışı tərk edən hər kəs vətəninə qayıda bilmədiyinə görə yarış keçirilən əraziyə yaxın yerləşib. Pərviz giriş-çıxış təmin edildikdən sonra əvvəlcə İstanbula, daha sonra Azərbaycana geri dönəcək. Vəziyyəti çox yaxşıdır. Səhhəti qaydasındadır. Yeməkdən korluq çəkmir. Problemi yalnız doğmaları və vətəni üçün ciddi şəkildə darıxmaqdır. 15-20 gündən sonra şəxsi telefonu ilə əlaqə saxlamaq imkanı yaranacaq”.

F.Abdullayevdən onu da öyrəndik ki, “Kobra” yaxın vaxtlarda məşqlərə başlamağı düşünür: “Amma təbii ki, adaların birləşməsi ərəfəsində gözlənilməz vəziyyətə düşüb yarışı tərk etdiyinə görə çox üzgündür”.

Təbii ki, bütün Pərvizsevərlər, idmansevərlər və “Survivor”sevərlər də onun üzüntüsünə şərikdir bugünlərdə. Lakin bizim xalq olaraq salnaməmizə yazılmış bir qayda var: sevincimiz, kədərimizlə yanaşı olur hər zaman. Müharibədə də, sülhdə də, mübarizədə də, sabitlikdə də. İndi hamımız alnıaçıq, qürurlu və sevincli şəkildə Abdullayevin vətəninə qayıtmasını və “Survivor” macərasını öz dilindən eşitməyi gözləyirik./Publika.az