Suriyada Türkiyənin qarşısına bu dəfə FRANSA ÇIXARILIR

Baxış sayı:
5665

Paris kürd bölgəsinə əsgər göndərir, Əsədin kəşfiyyatı gizli danışıqlarda, Suriyanın şimalında hərəkətliliyin arxa planında nə var? 
Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makronun Türkiyə və Suriya kürdləri arasında vasitəçilik təşəbbüsü irəli sürməsi Ankarada narazılıqla qarşılanıb. Yelisey sarayında YPG nümayəndələrinin də daxil olduğu Suriya Demokratik Qüvvələri heyətini qəbul edən prezident Makron Suriya kürdlərini tərifləyib. Fransa prezidenti kürd silahlılarının İŞİD-ə qarşı mübarizədə böyük uğurlara imza atdığını xatırladıb. Eyni zamanda Makron Suriyanın şimal-qərbində İŞİD hücumlarının qarşısını almaq üçün mozaik bir idarəetmə altında təhlükəsizlik zonasının qurulmasına, yəni başqa sözlə kürd muxtariyyətinə dəstək verdiklərini bildirib.
Maraqlıdır ki, bu görüşdən sonra “Reuters” agentliyinə açıqlama verən Xalid Eissa Makronun Menbicə hərbi qüvvə göndərməsi və diplomatik həll prosesinin təşviq olunması mövzusunda təminat verdiyini deyib.
Ancaq Parisdən kürdlərə yönəlik dəstək çıxışı Ankarada narazılıqla qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın məqsədi bölgəni terror təşkilatlarından təmizləməkdir. Eyni zamanda o xatırladıb ki, Afrində terrorçuların istifadə etdiyi tunellər fransız texnikaları ilə qazılıb. Hətta tikinti aparılıb. Daha sonra Ərdoğan Fransanın işğal hərəkətlərini xatırladıb. Sitat: “Bu Fransa deyildimi Liviyada işğalçılıq həyata keçirən? Əlcəzairdə 5 milyon insanı öldürən Fransa deyildimi? Hansı üzlə bizə mədəniyyət dərsi verməyə cəsarət edirsən? Əvvəlcə çevril öz tarixinə, keçmişinə bax. Bizim tariximizdə bu cür qara ləkələr yoxdur. İşğal isə əsla olmayıb”.
 
Qeyd edək ki, Fransa tərəfi hələlik Menbicə əsgər göndərmək mövzusuna aydınlıq gətirməyib. Ancaq Türkiyə mediası Fransa ordusunun Menbicə 4 təyyarə və 50 nəfər rütbəli hərbçi göndərdiyi barədə məlumat yayıb. Yeri gəlmişkən, iddialara görə, ABŞ ordusu da ehtimal olunan əməliyyat bölgəsinə 300 hərbçi göndərib.
Fransa ordusunun əsasən Suriyanın şimalında kürdlərin nəzarətində olan bölgədə 5 hərbi bazasının olduğu ehtimal olunur. Bu bazaların biri Raqqada, digərləri isə Türkiyə sərhədinə yyaxın nöqtələrdə yerləşir. Hərbçilərin birbaşa Fransadan, yoxsa Suriyanın digər bölgələrindəki bazalardan gəldiyi bilinmir. Ancaq iddialara görə, fransız hərbçiləri kürd silahlı qrupların liderləri ilə görüşüb. Hələlik fransızların sahədə fəaliyyəti nəzərə çarpmasa da, amerikalıların patrul fəaliyyətləri nəzərə çarpır. 
Qeyd edək ki, Suriya Birinci Dünya müharibəsindən sonra Millətlər Məclisi Mandatlığı ilə Fransanın müstəmləkəsi olub. Həm Suriya, həm də qonşu Livanda fransız təsiri çox güclü olub. Bu səbəbdən də fransızlar Suriyada daha aktiv rol almağa çalışırlar. Bəzi iddialara görə, Trampın ABŞ-ın Suriyadakı qüvvələrini çıxaracağı haqda açıqlamasından sonra Suriyada Qərbin əsas hərbi-siyasi rolunu Paris aparacaq. Fransızların Dəməşq üzərində də təsirləri mövcuddur və ötən həftə Suriya kəşfiyyatının rəhbəri Əli Məmlükün İtaliyaya gizli səfər etdiyi haqda Avropa mətbuatında yazılar dərc olunub. Bütün bu hadisələr sanki planlı və bir ssenari üzərindən aparılır. ABŞ-ın arxa plana çəkilməsi, Yelisey sarayında SDQ liderlərinin qəbulu və Fransanın kürdlərə dəstəyi, bölgəyə hərbi qüvvə göndərməsi Suriyanın şimalında rol dəyişikliyi olduğunu göstərməyə çalışır.
 
Açıqlanmasa da, söhbətin Suriyada yeni Avropanın liderliyi ilə həll variantının gündəmə gətirildiyi, xüsusən də Suriyanın şimalında kürdlərin mərkəzində olduğu muxtariyyətin yaradılması üçün fəaliyyət aparıldığı hiss olunur. Bu fəaliyyəti tezləşdirən isə heç şübhəsiz ki, Türkiyənin Menbicə ehtimal olunan hücumu olub. Çünki Afrinin itirilməsindən sonra aydındır ki, Türkiyə Menbici növbəti hədəf elan edib. Bu isə o deməkdir ki, tezliklə Türkiyə ordusu Fərata doğru yönələ bilər. Çünki indi amerikalıların bölgədən sıxışdırılması üçün ruslar da Ankaraya dəstək verir. Bu isə o deməkdir ki, yaxın zamanlarda Menbic əməliyyatı başlasa, Raqqa şəhəri mühasirəyə düşə bilər.
Maraqlıdır ki, Tramp nümayişkaranə surətdə Suriyadan “çəkilirəm” deyib və hətta Suriyanın şimalına bərpa məqsədilə ayrılan yardımı da dayandırıb. Bunun əvəzinə isə bölgədə nisbətən yeni qüvvə hesab olan Fransa dövriyyəyə girib. Ancaq amerikalılar da hələlik Menbic və kürd bölgələrindədir. Belə görünür ki, bütün bu planlar kürdləri mümkün Türkiyə hücumundan qorumaq və Bəşər Əsəddən kürdlər üçün siyasi status almağa hesablanıb. Ancaq bu plana Dəməşq üzərində ciddi təsirə malik olan rusların nə deyəcəyi məlum deyil.