“Sosial şəbəkələrdəki qeydlərim qəlbimin səsi idi” – ARİF MƏMMƏDOV

“Bu, hakimiyyətin növbəti axmaqlığıdır. Görünür, onlar həqiqətən, nədənsə çəkinirlər”.
Keçmiş səfir Arif Məmmədov Azərbaycan hüquq-mühafizə orqanlarının onun barəsində cinayət işi açmasını, ardınca da axtarışa verilməsini “Turan” agentliyinə şərh edərkən belə deyib.
Çalışdığı vəzifələrdə hər hansı qanun pozuntusuna yol vermədiyini deyən diplomat bildirib ki, o işdən uzaqlaşdırıldıqdan sonra diplomatik missiyada yoxlama aparılıb.
“Ancaq hər şey “təmiz” idi. Sonra başqa yoxlama komissiyası gəldi və gülməli şeylər yazdı. Guya mən elektrik enerjisinə görə, ödəniş etməmişəm”, – deyən A.Məmmədov bu ittihamın əsassız olduğunu vurğulayıb.
“Mən dipmissiyanın binasında yaşayırdım və əlbəttə ki, işıqpulu ödəyə bilməzdim. Diplomatik missiyanın kommunal xərclərini dövlət ödəyir. Bu, işçidən iş yerinin işıqpulunu ödəməsini tələb etmək kimi bir şeydir. Bundan başqa, villalarda yaşayan səfirlər belə kommunal xidmətlərə görə ödəniş etmir, onun mənzili rəsmi səfir iqamətgahı hesab olunur”.
Sabiq səfirin sözlərinə görə, onu dövlət sirrini yaymaqda da günahlandırıblar.
“Lap sonralar maliyyə yoxlaması mənim guya dövlət sirrini yaydığımı aşkar etməsi kimi başqa cəfəngiyyatlar da yazmışdı. Bunlar da sözsüz, uydurma idi. Harda görünüb ki, mühasibatçılar dövlət sirrinin yayılması faktının aşkar edilməsi ilə məşğul olsunlar?”, – sabiq səfir əlavə edib.
A.Məmmədov axtarışa verilməsinə rəğmən, işdən çıxarılmasına səbəb olan fikirləri sosial şəbəkədə paylaşdığına görə peşman olmadığını vurğulayıb: “Sosial şəbəkələrdəki qeydlərim qəlbimin səsi idi. Mən yanan evdə uşaqlarını xilas edə bilmədən qışqıran anaları gördükdə fikir söyləməyə bilməzdim”.