"ƏSLİNDƏ BU CASUSLAR ERMƏNİSTANA DEYİL, RUSİYAYA İŞLƏYİR"

Sərdar Cəlaloğlu: “Azərbaycan hökuməti qorxusundan demir ki, Rusiyaya işləyən bir casus şəbəkəsini ifşa etdik”
“Bu şəbəkəyə daxil olan insanlara Milli Qəhrəman statusu, general rütbəsi verən insanların hamısı məsuliyyətə cəlb olunmalıdır”
Xəbər verildiyi kimi, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs tutulub. Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb: “Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər”.
Maraqlıdır, böyük bir casus şəbəkəsinin Azərbaycanda düşmən ölkəyə xidmət göstərməsi necə mümkün olub? Bu, həqiqətənmi Ermənistan kəşfiyyatının fəaliyyəti nəticəsində baş tutub, yoxsa burda hansısa xarici qüvvələrin də rolu var? Bu və ya digər suallara Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Əvvəli bu linkdə: http://muxalifet.az/prezident-aparatinda-bu-casus-sbksini-himay-edn-insa...
“Müharibə gedə-gedə hərbi hissənin içindən necə oğurluq ola bilər axı?”
- Qeyd etdiniz ki, Prezident Administrasiyasında da bu casus şəbəkəsinin arxasında duran adamlar var…
- Əvvala onu deyim ki, mən elə gəlir, biz müxalifət olduğumuza görə, qardaşımız oğlu ilə bağlı məsələni şişirtdiyimizi düşünürlər. Amma eksperet də yazır ki, mən casusun adını, soyadını yazmışam, demişəm ki, Ermənistana işləyir. Onu niyə neytrallaşdırmayıblar? Əslində, mətbuatda gedən materiallar cinayət təqibinin başladılması üçün əsas yaradır. Bu halda ya yazan şəxs günahkar kimi cəzalandırılmaldır, ya da barəsində yazı gedən şəxs. Təsəvvür edin ki, Azərbaycan dövlətçiliyi, vətəndaşlara yönəlmiş cinayətlərlə bağlı qəzetlərdə yüzlərlə material çıxır, Respublika Prokurorluğu cinayət işi açmır. Maraqlıdir, Respublika prokuroru hansı işlə məşğuldur? Əgər ağır cinayət işlərini araşdırmırsa, ondan nəyi araşdırır?! Yalnız siyasi işləri? Mitinqə gələnləri tutmaqla məşğuldur? Biz dəfələrlə Hərbi Prokurorluğa müraciət etmişik. Müharibənin gedişatında kimin ağlına gələr ki, yüksək rütbəli zabitin kabinetinə girsin?! Orda nəzarətçi olduğu halda, ağır seyfi necə çıxarmaq olar? Hansı ki, o seyfi 3 nəfər götürə bilmir. Guya, arxa pəncərədən çıxarıb aparıblar, çölün düzündə sındırıblar, içindəki hər şeyi də yandırıblar.
Müharibə gedə-gedə hərbi hissənin içindən necə oğurluq ola bilər axı? Tutaq ki, oğurluq hadisəsidir. Bəs necə olub ki, 4 nəfərin güclə qaldırdığı seyfin oğurlanmasını heç kəs görməyib? Buna inanmaq olar? Və maraqlıdır ki, bu faktların heç biri Hərbi Prokurorluq tərəfindən araşdırılmır. Çalışırlar ki, bunu hansısa bir əsgərin “səhlənkarlığı” ilə ört-basdır etsinlər.
Siz bunu ört-basdır edərsiniz, işi görən casuslar da dövlətə qarşı xəyanət edər. Nəyə görə obyektiv araşdırma aparmaq istəmirlər? Bir il bundan qabaq araşdırma aparsaydılar, həmin casus şəbəkəsi elə o vaxt ifşa olunacaqdı. Ona görə, mən elə bilirəm ki, həm də bu casus şəbəkəsi ilə bağlı verilmiş məlumatları indiyə qədər araşdırmayan hərbçilər, prokurorluq işçiləri məsuliyyətə cəlb olunmalıdır. Çünki, belə çıxır ki, bunlar da həmin şəbəkənin üzvləridir. Əks halda, Üzeyir açıq şəkildə yazırsa ki bu adam casusdur, fakt da təqdim edirsə, tədbir görülməliydi. Və yaxud mən deyirəm ki, qardaşım oğlunun kabinetini, maşınını, hətta meyitin belə soyublar, heç bir tədbir görülmürlər. Mənim əsgərim şəhid olub. Mənim şəhidimi soymaqda sənin məqsədin nədir? Bu adamın maşınında kim axtarış aparıb, onu bilirik. Yazmışıq ki, bu adamı çağırın, soruşun ki, orda nə axtarıb. Amma indiyə qədər araşdırmırlar, heç dindirməyiblər də. Əlbəttə, belə olduğu halda orduda casus şəbəkəsi nəinki 70 nəfərə, 500 nəfərə də çatacaq.
“Azərbaycanda kadrların 99 faizi proteksiya ilə qoyulur”
- Yəni Sizin müraciətlərə heç bir cavab verilmədi?
- Nə istintaq orqanları, nə Müdafiə Nazirlyinin rəhbərliyi, nə Respublika Prokurorluğu deyilən məlumatlara, konkret faktlara heç bir reaksiya vermir. Bunun da bir səbəbi var. Azərbaycanda kadrların 99 faizi proteksiya ilə qoyulur: bu onun oğludur, bir başqası onun qızını alıb, dostunun oğludur, qohumudur və s.. Deputatlar da belədir, nazirlər də, digər məmurlar da. Bu adamların çoxu adını yazmağı belə, bacarmırlar, gətirib hansısa nazirlikdə - Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində vəzifə veriblər və yaxud da Komitə sədri təyin ediblər. Normal ölkələrdə xaricdən ən yüksək səviyyəli mütəxəssisləri cəlb edirlər ki, onun işindən faydalansınlar. Bizdə isə gətirib qohum-qardaşlarını yerləşdirirlər, onların da bütün günü işləri yeyib-içmək, deyib-gülmək, əylənmək və s.
“Ən az 50 nəfər yüksək rütbəli zabitə, generala cəza vermək lazımdır”
- Sizcə, bu casus şəbəkəsinin ifşa olunması ilə bağlı yüksək rütbəli hərbçilərdən cəzalandırılanlar olacaq?
- Ordudakı 70 nəfər casusun bu günə qədər ifşa olunmaması ilə bağlı ən az 50 nəfər yüksək rütbəli zabitə, generala cəza vermək lazımdır. Bu casusluq şəbəkəsinin yaranmasının və fəaliyyət göstərməsinin qarşısını almaq üçün müxtəlif institutlar var. Əgər etiraf edirlərsə ki, belə bir şəbəkə var, onda bu şəbəkəni vaxtında ifşa etməyən, qarşısını almayan, əksinə bu şəbəkəyə daxil olan insanlara rütbə verən, onlara Milli Qəhrəman statusu, general rütbəsi verən insanların hamısı məsuliyyətə cəlb olunmalıdır.
“Azərbaycan başdan-ayağa casuslar ölkəsinə çevrilib”
- Necə düşünürsünüz, olunacaqmı?
- Məncə, olunmayacaq. Çünki verilən bəyanatların mahiyyətindən belə gördüm ki, əslində bunlar Ermənistana işləmirlər, bunlar Rusiyaya işləyirlər. Amma Ermənistan silahlı qüvvələrinə də faktiki olaraq ruslar rəhbərlik edir. Azərbaycan hökuməti qorxusundan demir ki, Rusiyaya işləyən bir casus şəbəkəsini ifşa etdik. Deyir ki, Ermənistana işləyən şəbəkəni üzə çıxardıq. Heç erməninin xəbəri yoxdur ki, burda belə bir şəbəkə var. Bu, Rusiyaya işləyən casus şəbəkəsidir. Bizim hakimiyyətin də Rusiya ilə kifayət qədər sıx əlaqələri var. Rəhbərlikdə Rusiyanın kadrları var. Baş nazirin müavini və s. məmurlar konkret olaraq Rusiyaya xidmət edir. Onlar açıq şəkildə Rusiyanın verdiyi tapşırıqlara əsasən istənilən işi görürlər. Məsələn, bir neçə gün əvvəl Duqin gəldi Bakıya və burdan da İsmayıllıya getdi. Duqin Putinin geo-siyasətini həyata keçirən və zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə ən kəskin bəyanat verən bir adamdır. İndi Türkiyə ilə Rusiyanın münasibətləri bir az yaxşılaşıb deyə, son vaxtlar bu haqda danışmır. Bu adam hansı haqla, hansı səlahiyyətlə İsmayıllıya gedib? Biz gedib Rusiyada azərbaycanlıların kompakt yaşadığı hər hansı kəndə, şəhərə girə bilərik? Onlarla görüş keçirə bilərik? Onlara rus dövləti necə baxır, bununla maraqlana bilərik? Yox. Bu nə deməkdir? Elə bil ki, Azərbaycan müstəqil bir dövlət deyil... Sən nə bilirsən, həmin emissar gəlib orda Rusiyanın hansısa bir casus şəbəkəsini yaratmır?! Yəni bizdə dövlətçiliyə çox qəribə bir münasibət var. Hamının başı qarışıb öz şəxsi işlərinə, təsərrüfat işlərinə, biznesinə, dövlət qalıb başlı-başına.
Biz kənardan baxıb görürük ki, idarəetmədə nə qədər qüsurlar var. Biz görürük ki, dövlətçilik sahəsində nə qədər qüsurlar var. Vətəndaşların ideoloji hazırlığı, siyasi sayıqlığı yoxdur. İranın burda casusları var? Var. Ermənistanın casusları var? Var. Rusiyanın casusları var? Var. Azərbaycan başdan-ayağa casuslar ölkəsinə çevrilib ki. Niyə? Elmi şəkildə sübut olunub ki, ağır sosial-iqtisadi şəraiti olan ölkənin vətəndaşları xarici ölkələrə casusluq etməyə meylli olur. Yəni bu gün bu casus şəbəkəsinin olması onu göstərir ki, Azərbaycan iqtidarının apardığı yanlış sosial-iqtisadi siyasət öz “bəhrəsini” verməyə başlayıb. Artıq Azərbaycan vətəndaşları Azərbaycan dövlətinə, Azərbaycan xalqına, öz Vətəninə yox, xarici ölkələrə işləməyə məcburdur və yaxud da məcbur edilirlər.
“Rusiya bundan sonra da bu cür casus şəbəkəsi yardacaq”
- Qeyd etdiniz ki, orduda ifşa olunan casus şəbəkəsi Ermənistana deyil, Rusiyaya xidmət edir. Deməli, Azərbaycanda Rusiyaya qarşı olan, belə demək olarsa, Qərbmeylli qüvvə də var ki, Moskvanın maraqlarına qarşı çıxır...
- Yox. Mən bunu Qərbmeylli qüvvələrin xidməti kimi təsəvvür etmirəm. Təbii ki, Rusiya Azərbaycana qarşı müəyyən qədər təzyiq edir. Azərbaycan hökuməti də o təzyiqin müəyyən qədərini qəbul edir. Amma bəzən Rusiya o təzyiqi artırır. Azərbacan hökuməti o artığını qəbul etmir, artığa qarşı müqavimət göstərir. İndi həmin o artığa verilən reaksiyadır. Bəyanata diqqətlə fikir verin. Deyirlər ki, bundan sonra da bu cür casus şəbəkələrinin, təxribatların qarşısı alınacaq. Yəni bunlar artıq bilirlər ki, Rusiya bundan sonra da bu cür casus şəbəkəsi yardacaq. Ona görə, deyirlər ki, bundan sonra da bu cür casus şəbəkələrini ifşa etməyə davam edəcəyik. Demir ki, qarşısını alacağıq, bunu yaradan səbəblər aradan qaldırılacaq. Deyir ki, siz yaradacaqsınız, biz də bunları ifşa edəcəyik. Bu o deməkdir ki, Rusiyanın yenə də burda casus şəbəkələri yaratmağa davam edəcəyini bunlar qabaqcadan bilirlər. Bunlar da onlara xəbər verir ki, nə edirsiniz edin, bizim maraqlarımıza toxunmayın, yoxsa biz bunları ifşa edərik.
Çox maraqlıdır ki, tutulan adamların adı, soyadı, harda və necə tutulduqları barədə bir kəlmə belə, rəsmi açıqlama yoxdur. Bəlkə də bizim casus hesab etdiyimiz adamlar azadlıqda qalıb, başqa adamları tutublar, yəni Üzeyirin verdiyi məlumat, bizim şübhələndiyimiz adam qalıb kənarda. Çünki biz bilmirik. Bəlkə biz dediklərimiz də tutulub. Amma bir aşkarlıq yoxdur ki, bu casusların kim olduğunu bilək. Əlbəttə, istintaq sirri baxımından ola bilər ki, ad-soyad açıqlamırlar. Amma hər halda bizi narahat edən səbəblər var ki, bizim 1 il bundan əvvəl casusluqla bağlı qaldırdığımız məsələlər haqda araşdırma aparılır, yoxsa yox?! Biz rəsmi müraciət etmişik ki, xəyanətdən şübhələnirik, faktları da Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa vermişik. Bu faktları araşdırmaq lazımdır.
“Azərbaycanda “Holland sindromu” davam edəcək”
- Sizcə, bu casus şəbəkəsinin təxribat cəhdlərinin Birinci vitse-prezident təyinatından sonra Azərbaycanın Qərbmeylli siyasətə üstünlük verməsi ilə hər hansı bağlantısı varmı?
- Mən inanmıram. Açığını deyim ki, Azərbaycan hakimiyyətində, Birinci vitse-prezident də olsun, islahat keçirmək meylində, ideyasında, fikrində olan heç kəs yoxdur. Məhz bu gün Azərbaycanda keçirilən İslam Oyunları da göstərir ki, Azərbaycanda heç bir islahatdan söhbət gedə bilməz. Azərbaycan əvvəlki kimi ucuz əyləncə məkanı olacaq. Zahiri cəh-cəlal nümayiş etdirmə siyasətinə üstnülkü veriləcək və Azərbaycanda “Holland sindromu” davam edəcək. Nəticədə Azərbaycan ucrumunu dibinə qədər bu cür gedəcək. Mən düşünmürəm ki, Azərbaycan hakimiyyətində islahat tərəfdarı olan hansısa bir qüvvə var. Siz dediyiniz islahatlar həyata keçirilməmişdən qabaq cəmiyyətdə münasibətlər sistemi dəyişilir. Məsələn, mənim yadıma gəlir, Avropa Oyunlarından qabaq biz hakimiyyətlə dialoqa gedən ərəfədə hakimiyyətdə tamamilə başqa ab-hava hiss etdik ki, hökumət həqiqətən də istəyir ki, Azərbaycanda dəyişiklik etsin. Ona görə də biz də dialoqun davam etdirilməsində həvəsli idik. Sonradan elə bil ki, bir göstəriş gəldi, tamamilə o proses dayandı. İndi o proses olmadığına görə, mən inanmıram ki, Azərbaycanda hansısa islahat olacaq. Hətta bunların ailələrinin, şəxsi xeyirlərinə bir məlumat vermək istəyirsən, yenə də o məlumatı almaq istəmirlər. Onu istifadə etmək iqtidarında deyillər. İslahat aparanın gözü dörd olar, ora-bura baxar ki, mən necə edim ki, apardığım islahatlar effektli olsun, kimləri cəlb edim, maliyyəni hardan cəlb edim və s. Sən nə ilə islahat aparmaq istəyirsən? Qohum-qardaşını ətrafına yığmaqla, heç bir imkanı, qabiliyyəti olmayan insanları akademik, general, nazir, deputat etməklə islahat keçrimək olar? Necə ki, bostanda alaq otu hər tərəfi tutar, 2-3 ailə Azərbaycanı demək olar ki, alaq otu kimi sovurublar. Baxırsan, hansısa general prokurorun qardaşı, prokuror deputatın qardaşı, deputat nazirin qardaşı və s. Elə bil ki, bu ailələrdən başqa Azərbaycanda elm, incəsənət, hərb, iqtisadiyyat, siyasət, hüquq və s. sahədə məlumatı olan dama yoxdur. Hamısı bunların əlindədir. Yəni qapalı bir dairə yaradılıb. Bu dairədə necə islahat aparmaq olar?!
“Verilən general rütbələri, elmi dərəcələr, adlar, hamısı proteksiyadır”
- İslahat aparmaq üçün hardan başlamaq lazımdır?
- İslahat aparmaq üçün yeni təfəkkür, yeni kadr olmalıdır, sistem açıq olmalıdır. Demokratiyanın birinci göstəricisi cəmiyyətin açıqlığıdır. Cəmiyyətin açıqlığı cəmiyyəti təşkil edən institutların açıqlığı deməkdir. Əgər biz bu gün xalq olaraq orduya, maliyyəyə, vergiyə, prezidentin, parlamentin fəaliyyətinə, heç nəyə nəzarət edə bilmiriksə, hansı açıqlıqdan söhbət gedə bilər?! Açıqlıq olmayan yerdə islahat olmaz. Qapalı sistemlərdə, əksinə islahatlar olmamalıdır. Çünki o sistem dağılar. Ya bunlar elan etməlidirlər ki, islahat aparırıq, onun birinci əlaməti də açıqlıq olmalıdır. Məsələn, qohumu olmayan bir adam doğrudan da alimdirsə, alimlik adı verilməlidir. Bir adam doğrudan da general olmağa layiqdirsə, general rütbəsi verilməlidir. Bir adam doğrudan da seçkidə seçiləcəksə, deputat olmalıdır. Bunların heç biri yoxdur axı. Verilən general rütbələri, elmi dərəcələr, adlar, hamısı proteksiyadır.
- Sizcə, bu casus şəbəkəsi olmasaydı, aprel döyüşlərində daha ciddi nailiyyət əldə edə bilərdik?
- Bu şəbəkə aprel döyüşlərinin effektinin gözləniləndən min dəfə aşağı olmasına xidmət edib. Hətta prezidentin özü də gözlədiyindən min dəfə az nəticə almışdı...
(Ardı var)
Hurriyyet.org