“"Sındırılandan" sonra kişilənib deyir ki, Şuşa adını qaytardım” – Ekspertdən Müşfiq Abbasovun açıqlamasına SƏRT CAVAB

Baxış sayı:
12479

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişib.

Günlərdir ki, səngiməyən etirazlara komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov isə çox sərt formada cavab edərək, insanların qəzəbini özünə qarşı daha da artırıb. Belə ki, o, açıqlaması zamanı bildirib ki, hamısı qələt edirlər, başlarını daşa döyürlər.

“Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”,– deyə açıqlamada bildirilir.

Muxalifet.az-ın məlumatına görə, hərbi-siyasi ekspert Elçin Axundzadə məsələ ilə bağlı Medianews.az saytına açıqlamasında bildirib ki, namus, qeyrəti sözdə yox, əməldə həyata keçirmək lazımdır:

“ Müşfiq Abbasov bildirir ki, onu tənqid edənlər düz eləmirlər və hətta sual verir ki, “tənqidçilər nə ediblər bu vətən üçün?”. Onun sualına cavab olaraq bildirirəm ki, mən ondan fərqli olaraq, hər şeyimi Rusiyada ataraq, 1-ci Qarabağ savaşına qatılmışam, yaralanmışam, “Vətən sağ olsun” deyərək, sağlamlığımı vətənə qurban vermişəm. Avropa dövlətlərindən birinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatın rəhbərliyində çalışmışam, 44 günlük savaşda, o nəhəng, hegemon dövlətin siyasətini rəsmi olaraq, mediada pisləmişəm, o dövlətin səfirliyinin önündə dəfələrlə piketlər, o dövlətə qarşı beynəlxalq konfranslar keçirmişəm, bütün imtiyazlarımı, statusumu dövlətimə, əsgərimə qurban vermişəm və heyfislənmirəm.

Müşfiq Abbasov isə Rusiyanın əyalət şəhərində yaşayan bir erməni dığasından çəkinərək, bizim qürur yerimiz olan Şuşanın adını dəyişib. Hər bir insanın həyat kredosu xalqın sevgisini, inamını, güvəncini qazanmaqdır. O isə bu günahla elədiyi bütün işlərin üstündən xətt çəkdi. Namus, qeyrəti sözdə yox, əməldə həyata keçirmək lazımdır.

Erməninin tələbi ilə Şuşa adını Butaya dəyişən Müşfiq, 1-ci və 2-ci Qarabağ savaşında şəhid olanları düşündünmü? Şəhid ana, ata, bacı, qardaş və başsız qalan ailələri düşündünmü? Nə var, nə var, səhnədə atlanıb-düşəcəkdin deyə, xalqımızın qüruruna zərbə vurmaqda məqsədin nə idi? Cənab Prezidentin Şuşa haqqında dediyi sözləri nə tez unutdun?

Cəmiyyət olaraq onu məcbur etməliyik ki, kim ona bu göstərişi verib? İndi kişilənib deyir ki, Şuşa adını qaytardım, sındırılandan sonra, rus, erməni saytları bu biabırçılığı yazandan sonra bunun bir xeyri varmı?”