Rusiyanın Suriyada T-14 “Armata” tankını itirdiyi təsdiqlənir

Baxış sayı:
1639

Rusiyanın ən yeni T-14 “Armata” tankını Suriyada itirdiyi haqda bir müddət əvvəl yayılmış məlumatlar Amerika mənbələri tərəfindən təsdiqlənir. 

Virtualaz.org xəbər verir ki, bu barədə “The National İnterest” jurnalı yazır.

Hələ Rusiya ordusunun silahlanmasına qəbul olunmayan T-14 “Armata” tankının sınaq üçün Suriya hərbi əməliyyatları teatrına göndərilməsini bir neçə ay əvvəl sənaye və ticarət naziri Denis Manturov açıqlamışdı. Daha sonra internet mənbələrində belə xəbər yayılmışdı ki, Rusiyanın Suriyaya göndərdiyi bir neçə T-14 tankından biri İdlib ətrafında gedən döyüşlər zamanı vurulub.

“The National İnterest” qeyd edir ki, bu məlumat təsdiqlənir. Bildirilir ki, “terrorçu elementlər” T-14 “Armata” tankına ABŞ istehsalı olan və nisbətən köhnəlmiş (ötən əsrin 80-ci illərində işlənib hazırlanıb) TOW-2B tank əleyhinə kompleksdən atəş açıblar.

Nəşr hesab edir ki, bu hadisə T-14 “Armata” tankının potensial alıcıları olan Hindistan, Vyetnam, Misir kimi ölkələri sövdələşmədən çəkindirə bilər. Çünki Rusiya bu tankı döyüş qabiliyyətləri baxımından əlçatmaz texnika kimi təbliğ edir.

T-14 “Armata” ən yeni zireh müdafiə sistemləri ilə təchiz olunub, üstəlik bu tankın əsas özəlliyi onun insansız qülləyə malik olmasıdır. Belə ki, komandir tankı ənənəvi döyüş tanklarında olduğu kimi qüllədən deyil, əsas korpusdan idarə edir. Nəticədə tankın döyüş sursatının da yerləşdirildiyi qüllə vurulsa belə heyət salamat qala bilər.