Rusiyalıların “bayraq sevgisi” – 10 rusdan 9-u himni bilmir!

Baxış sayı:
400

Hər il avqustun 22-də Rusiyada Bayraq Günü qeyd edilir.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Bayraq Günü münasibətilə Rusiyanın ən nüfuzlu sorğu mərkəzlərindən olan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi maraqlı sorğu keçirib.

Mərkəzin keçirdiyi rəy sorğusunun nəticələri rusiyalıların böyük əksəriyyətinin heç də alovlu vətənpərvər olmadığını aşkara çıxarıb. Məlum olub ki, rəyi soruşulanların yalnız 17 faizi ölkə himninin sadəcə birinci misrasını bilir. Yəni ki, az qala 10 rusiyalıdan yalnız 1-i öz himnini pis-yaxşı əzbərləyib. Məsələn, qardaş Türkiyə ilə müqayisədə bu göstərici dəflərlə aşağıdır.

Rusların nəinki ölkə himnini, heç Rusiya bayrağının rənglərini belə düzgün bilmədikləri məlum olub. Xüsusilə də yaşı 40-ı keçən rusların bayraq və himn barədə anlayışları çox zəifdir. Onların yalnız 37 faizi bayraqda hansı rənglərin olduğunu düzgün söyləyə bilir. Ancaq həmin rənglərin hansı ardıcıllıqla düzüldüyünü rəyi soruşulanların yarıdan çoxu bilmir. Hətta ali savadlı rusiyalıların belə yalnız 55 faizi bayraqdakı rəngləri və onların düzülüşünü düzgün söyləyə bilib.

Yerli təhlilçilər ölkə əhalisinin getdikcə vətənpərvərlik və dövlətçilik kimi anlayışlardan daha çox soyuduğunu iddia edirlər. Qeyd edilir ki, hətta Ukrayna ilə hərbi konflikt, Krımın de-fakto Rusiyaya birləşdirilməsi, Suriyadakı əməliyyatlar və s. bu kimi hadisələr də rusların vətənpərvərlik hisslərinin alovlanmasına bir o qədər ciddi təsir göstərməyib.

Əvəzində, rəyi soruşulanların böyük əksəriyyətini ölkədəki sosial-iqtisadi durum, inflyasiya, rublun taleyi, kommunal xidmətlər və bu qəbildən olan digər məsələlər maraqlandırıb.

Bununla yanaşı məlumat verilir ki, Moskva meriyası Bayraq Günü münasibətilə paytaxtda avqustun 22-də keçirilməsi nəzərdə tutulan mitinqlərin heç birinə icazə verməyib. Bu bayramla əlaqədar yalnız ayın 24-də Saxarov Meydanında hökumətin təşkil etdiyi böyük konsert–mitinq keçirilməsi nəzərdə tutulur.