“Rəşad Gəncinski” 2 nəfəri öldürməkdə və "qanuni oğru" titulu daşımaqda ittiham olunur - "LOTU QULİ"-NİN ƏSAS ADAMLARINDAN İDİ...

Baxış sayı:
12796

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı kriminal avtoritet, cinayətkar aləmdə “Rəşad Gəncinski” kimi tanınan Rəşad İsmayılova qarşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamını irəli sürülüb. Bu haqda “RİA Novosti” bildirir.

İstintaqın məlumatına görə, İsmayılov 2013-cü ildən etibarən 7 il ərzində “qanuni oğru” statusunu daşıyıb. Rusiyada iki il əvvəl qəbul edilən qanuna görə, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq, yəni “qanuni oğru” titulunu daşımaq cinayət məsuliyyəti yaradır və 10 ilə qədər həbslə cəzalandırılır.

Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova jurnalistlərə bildirib ki, İsmayılov barəsində həmin ittiham üzrə aparılan istintaq çərçivəsində onun 2009-cu ildə Moskvada törədilmiş qətldə əlinin olduğu da üzə çıxıb. Nəticədə İsmayılova qarşı iki və daha çox şəxsin qətli barədə rəsmi ittiham da irəli sürülüb.

Müəyyən olunub ki, 2009-cu il mayın 13-də “Rəşad Gəncinski” əlbir olduğu şəxslərlə birlikdə İzmaylovsk şossesindəki kafelərdən birinə gedib, orada avtomobilə odlu silahdan atəş açıb. Nəticədə iki nəfər öldürülüb. İstintaqın versiyasına görə, cinayətin motivi şəxsi düşmənçilikdir. İsmayılov hesab edir ki, həmin şəxslər onun yaxın adamını öldürüblər. Hazırda istintaq “Rəşad Gəncinski”nin başqa cinayətlərdə iştirakını da araşdırır.

 

Qeyd edək ki, “Rəşad Gəncinski” 2019-cu ildə Minskdə həbs olunmuşdu və ona qarşı ölkə sərhədini qanunsuz keçmə, qanunsuz silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılmışdı. Məlumatlara görə, “Rəşad Gəncinski” digər azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun (2020-ci ilin avqustunda Antalyada öldürülüb) tapşırığı ilə getmişdi və məqsədi Belarusda kriminal “obşak”ın işlərini təftiş etmək idi. Lakin özü iddia edirdi ki, Belarusa bir az kazinoda qumar oynamaq və dincəlmək üçün gəlib.

Belarus məhkəməsi onu 10 il azadlıqdan məhrum etsə də ötən ilin avqustunda yuxarı məhkəmə instansiyası “Rəşad Gəncinski”nin barəsində çıxarılmış hökmü dəyişdi, ona 1 il 6 aylıq həbs cəzası kəsib məhkəmə zalından buraxdılar. Lakin “Rəşad Gəncinski” azadlığın sevincini dada bilmədi və onu məhkəmə zalından birbaşa Belarus-Rusiya sərhədinə apardılar. Və orada Rusiya hüquq-mühafizə orqanlarına təhvil verdilər. Çünki Rusiyada “Rəşad Gəncinski”nin barəsində kriminal iyerarxiyada yüksək mövqe tutmaq ittihamı ilə cinayət işi qaldırılmışdı.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bir müddət əvvəl iddia etmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində "Rövşən Lənkəranski"nin onun əmri ilə "o biri dünyaya göndərildiyini” deyibmiş. "Rəşad Gənsinski" bildiribmiş ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.