QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram”
Mingəçevir sakini Əliyev Mübariz Həsrət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayəti olduğu kimi dərc edirik:
“Mən, Əliyev Mübariz Həsrət oğlu, yazaraq bildirirəm ki, Birinci Qarabağ müharibəsinin qazisiyəm.
Kimsəsiz insanam, heç bir yerdən dəstəyim yoxdur. Elə olur ki, parklarda ac yatıram.
Gəncliyimdə indiki kimi aciz insan deyildim. 18 yaşımdan əsgərliyə gedib, Qarabağda döyüşmüşəm. Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram.
Keçmiş Qarabağ müharibəsi iştirakçısı kimi fikirləşirəm ki, dövlət məni yaşayış yeri və işlə təmin etməlidir.
Qeyd edim ki, məmurların çoxu məni adam yerinə qoymur. Parkda və şəhər xəstəxanasında birtəhər gecələyirəm. Adyalım, döşəyim yoxdur. Yemək gəzdirdiyim sellofan torbadan yastıq kimi istifadə edirəm.
Mənə kömək edən insanların sayının azalması ümidlərimi zərrə-zərrə öldürür. Əvvəllər dost-tanış birtəhər kömək edirdi. İndi onlar da yoxdur. Ac qaldığım günlər çox olub. Hava soyuq olanda mərhəmətli insanlar mənə yaşadıqları binanın girişində yatmağa icazə verirlər. Əynimdəki paltarları mənə yazığı gələnlər verib. Mərhəmətli insanların sayəsində sağ qalmışam.
Psixoloji vəziyyətim normaldır, amma neçə yaşım olduğunu artıq unutmuşam.
Səlahiyyətli şəxslərdən xahiş edirəm, mənə kömək etsinlər, bilim ki, gecələr başımı isti yastığa qoyub yata bilirəm. Ümid edirəm ki, məni yataqxana ilə təmin edəcəklər”.
Aynurə İSMAYIL