Qalmaqallı məktəb direktoru işdən çıxarıldı - YENİLƏNİB

Baxış sayı:
2328

Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova vəzifədən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edib.

Bunu “Report”a açıqlamasında N.Məmmədova özü deyib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, artıq N.Məmmədova vəzifəsindən azad edilib:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”, - deyən Nailə Məmmədovanın sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.

Qeyd edək ki,N.Məmmədlova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.