​ “Putin Zelenskini mat qoydu, Rusiyaya inanmaq olmaz” – AVROPA PARLAMENTİNİN DEPUTATI

Baxış sayı:
2973

“Qərb ölkələri Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sistematik şəkildə əməl etməyən Rusiyaya güvənə bilməzlər. "Ştaynmayer planı" isə effektiv deyil”.

Muxalifet.az xəbər verir ki, bu haqda Avropa Parlamentinin deputatı Sandra Kalniete "Neatkariqe"yə verdiyi müsahibədə bildirib.
"Mənim Ştaynmayer formuluna münasibətim neqativdir. Çünki indiyə qədər Rusiyanın öz öhdəliklərini yerinə yetirdiyini görməmişəm. Bu formul  hərbçilərin Şərqi Ukraynanı tərk edəcəyini, Donbasda Ukrayna qanunları ilə seçki keçiriləcəyini və bu əraziyə muxtariyyət statusu verilməsini nəzərdə tutur. Ukrayna indi çox ağır vəziyyətdədir. Çünki Putinin etdiyi tək şey öz muzdlu döyüşçülərini Ukrayna əsirləri ilə dəyişdirmək və döyüş zonasında aktivliyi biraz  azaltmaq idi. Hərçənd, son günlərdə atışmalar yenə intensivləşib", - Kalinete söyləyib.
O, həmçinin Kremlin bu situasiyada Ukraynadan daha qazanclı vəziyyətdə olmasını da deyib: "Putin üçün situasiya çox sərfəlidir: əgər Kiyevin daxili siyasi durumu Zelenskini “Ştaynmayer planı”ndan uzaqlaşdırarsa, o zaman Putin Qərbə deyə biləcək ki, gördünüz, mən hər zaman kompromisə hazıram, amma Ukrayna yox. Öz növbəsində Zelenski öz dediyinin üstündə dursa, Ukraynada qeyri-sabitlik başlayacaq və o, on minlərlə etirazçı ilə üzbəüz qalacaq", - Kalinete deyib.
Xatırladaq ki, “Ştaynmayer düsturu” Minsk Protokolunu həyata keçirmək üçün tədbirlər paketinin bir sıra müddəalarının - Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi bölgələrinə xüsusi statusun verilməsi və bu ərazilərdə yerli seçkilərin keçirilməsi ilə bağlı ikinci Minsk Sazişinin - mərhələli şəkildə həyata keçirilməsi  mexanizmidir.
2016-cı ilin oktyabrında  "Normand   Dördlüyünün"  iştirakçısı olmuş Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer tərəfindən təklif edilmişdi.
Bu il oktyabrın 1-də Minskdəki danışıqlarda Donbas üzrə  əlaqələndirici qrup Ukraynada kütləvi etirazlara səbəb olan "Ştaynmayer düsturu"nun vahid formulunu təsdiqlədi.
 
Muxalifet.az