Prokuror AXCP üzvünə 7 il iş istədi

Baxış sayı:
7591

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Baxışlını 7 il müddətinə Azadlıqdan məhrum etməyi təklif edib.
 
Bu barədə Turan-a fəalın anası Kəmalə Rəhimli bildirib.
O deyib ki, oğluna qarşı siyasi fəaliyyəti ilə əlaqədar uydurma ittiham irəli sürülüb.
Jurnalistlər bu dəfə də iclasa buraxılmayıblar.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək. Növbəti iclasda vəkilin və təqsirləndirilən şəxsin özünün çıxışı gözlənilir.
Xatırladaq ki, Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin tapıb. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərimə polisin atdığını bildirib.
Həbsindən bir neçə gün əvvəl - mayın 3-də jurnalist Elmar Hüseynovun qəbri üstündə Ümumdünya Mətbuat Gününə həsr olunmuş tədbirdə Baxışlı jurnalistin qətlində hakimiyyəti ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar.