Peskov: Putin və Zelenskinin görüşü mütləq baş tutacaq

Baxış sayı:
5067

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 9-da Parisdə “Normandiya formatında” Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün “mütləq baş tutacağını” bildirib. Peskov bu açıqlamaları “Rossiya 1” telekanalında çıxışı zamanı verib. Onun sözlərinə görə, iktərəfli görüşün dəqiq formatı daha sonra müəyyən ediləcək. Normandiya formatında sammit dörd dövlətin - Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin Rusiya-Ukrayna münasibətlərinə, ilk növbədə Donbasdakı münaqişənin nizamlanmasına həsr olunmuş görüşüdür. Ukrayna tərəfi bundan öncə Putin və Zelenskinin Fransa və Almaniya liderləri olmadan ikitərəfli danışıqlar keçirəcəyini təsdiq etməmişdi. Ukraynanın bir sıra siyasətçiləri Zelenskini bunu etməməyə çağırıb. Putinin köməkçisi Yuri Uşakov da bazar günü ikitərəfli görüşün təşkil edilməsi niyyətinin olduğunu bildirib. Onun sözlərinə görə, görüş 30 dəqiqədən bir saat yarıma qədər sürə bilər. Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü haqda xarici işlər naziri Sergey Lavrov da açıqlama verib. Kiyevdə hələlik Rusiya nümayəndələrinin açıqlamalarına şərh verilməyib. Peskovun bildirdiyinə görə, iki lider “bəzi həll yollarının tapılmasına” çalışacaq. O, Ukraynadan qazın tranziti məsələsinin həllinin zəruriliyini qeyd edib. Lavrov isə deyib ki, Rusiyada Ukrayna ilə münasibətlərin tam formatda bərpasına hazırdırlar. Putin və Zelenski dekabrın 9-da Parisdə ilk dəfə olaraq şəxsən görüşəcəklər. Bundan əvvəl onlar arasında yalnız telefon söhbəti olub. Muxalifet.az