Övladları birinci sinfə gedəcək valideynlərə 7 MƏSLƏHƏT

Baxış sayı:
181

Məktəbdə ilk gün həm övladınız, həm də sizin üçün stresli və həyəcanlı ola bilər. Məktəb həyatına başlamaq uşaqlar üçün böyük addımdır və bununla bağlı onlarda narahatlıq və qorxuların olması normaldır. Amma yenə də balacalar üçün çətin gələ biləcək istənilən nüansa diqqət edilməlidir.

BBC-nin azyaşlılar üçün kanalı CBBC bu mərhələni asanlaşdıra bilməyiniz üçün bir neçə məsləhəti diqqətinizə çatdırır.

1. Ünsiyyət açardır

Övladınızın hansı məktəbdə oxuyacağı təsdiqləndikdən sonra bu barədə onunla danışın. Övladınıza məktəbin və müəllimlərin adlarını və bildiyiniz digər şeyləri deyin ki, o, həyatındakı bu böyük dəyişikliyə başlaya bilsin.

Məktəb sizə ilk dərs günü barədə məlumat verəcək (məlumat vermirlərsə, istəyin). Bu, övladınızın ilk dərs günü nələr olacağını anlamasına kömək edə bilər. Realist olun. Uşaqlar axmaq deyil. Onlara gərgin və kefsiz ola biləcəklərini, yorulacaqlarını deyin, amma qeyd edin ki, bu baş verərsə, müəllimləri ilə bölüşə bilərlər.

2. Məktəbdən evə, evdən məktəbə qaçış

Övladınız məktəbə çatanda oranın necə bir yer olması və orada nələr baş verə bilməsi ilə bağlı narahatlıq keçirə bilər.

Yay tətilində övladınızı məktəbdən-evə və evdən məktəbə qədər qaçmağa təşviq edin. Bu uşağı həvəsləndirəcək və onun məktəbə gedib-gəlməsinə kömək edəcək.

3. Məktəbli forması

Məktəbli formasını daha əyləncəli və həyəcanlı edin. Dərslər başlamazdan əvvəl formanı uşağınıza geyindirib yoxlayın. Amma onu vaxtından çox tez almayın, çünki ilk dərs gününə qədər övladınız böyüyə bilər.

ibtidai sinif

Birlikdə ayaqqabı almağa gedin, yemək qablarını özlərinin seçməsinə imkan verin; bu onların məktəbə hazırlaşmasına kömək olacaq.

Formanı geyindirərkən övladınıza düymələri, zəncirbəndləri və yapışqan bəndləri açıb-bağlamağı öyrədin. Bu, onları məktəbdə ayaqyoluna gedəndə və ya bədən tərbiyəsi dərsi üçün formalarını dəyişəndə məyusluqdan azad edəcək.

4. Ayaqyolu vərdişi

Övladınızın ayaqyolu vərdişi yoxdursa və ya hələ də bununla bağlı kiçik problemlər yaşayırsa, bunu müəlliminə bildirin. Məktəb çantasına əlavə alt paltarı qoyun. Bu övladınızı, problem olduğu anda, utanmaqdan, eləcə də bütün günü yaş qalmaqdan qoruyacaq.

Övladınızın ayaqyolunda özünü doğru şəkildə təmizlədiyinə və alt paltarını düzgün şəkildə geyindiyinə əmin olun. Eyni zamanda, ona unitaza su buraxmağı da öyrədin və hətta onu bunun fərqli növləri ilə də tanış edin. Beləliklə, övladınız ayaqyolunda nə etməli olduğunu, eləcə də əllərini diqqətli şəkildə yumalı olduğunu biləcək.

5. Adını yaza bilmək

Uşaqlar öz adlarını şifahi olaraq bilirlər, amma öz adlarını yazılı olaraq görüblərmi? Onları adlarının yazılı forması ilə tanış edin və onlara öz adlarını yazmağı öyrədin. Onlar bunu mükəmməl şəkildə etmək məcburiyyətində deyillər, amma qələmi düzgün tutmağı öyrənmək onlara çox kömək edə bilər.

Övladınız dərslər başlamazdan əvvəl bunu bacarmasa, narahat olmayın. Sadəcə, onu əmin edin ki, tezliklə yaza və oxuya biləcək. Çünki, bəzi uşaqlar başqa uşaqların onların edə bilmədiklərini bacardığını görəndə məyus olurlar. Buna görə də siz siz onunla birlikdə öyrənməyə və əylənməyə davam edin.

məktəb

6. Rahat olun (mümkün qədər)

İlk günü səhəri mümkün qədər rahat olun. Hər şeyi gecədən hazırlayın, belədə itmiş ayaqqabını və ya səhvən başqa yerə qoyulmuş çantanı axtarıb tapmaq məcburiyyətində qalmayacaqsız. "Məktəbin ilk gününün fotolarını çəkmək, məktəbə vaxtında çatmaq üçün zamanınızı düzgün planlayın.

Övladınızı ilk dərs günündən sonra məktəbdən götürəndə həmin gün nələr baş verdiyini bilmək üçün həyəcanlı ola bilərsiz, amma onu sual "atəşinə tutmayın", çünki şübhəsiz, o, yorulmuş olacaq.

7. Sizin üçün də dəyişiklik

Bu sizin üçün çətin bir dönəm ola bilər, xüsusilə də əgər ilk övladınız birinci sinfə başlayırsa. Evdə nisbətən səssizlik olacaq, buna görə də özünüzə zaman ayırmağı unutmayın.

Vaxtınızdan səmərəli istifadə edin. Yeni bir hobbi tapa bilərsiz, işdə daha uzun müddət qala bilərsiz. Amma məktəb darvazasının qabağında dayanan valideynlərlə də söhbət edin. Böyük ehtimal, onlar da eyni hissləri keçirirlər.