​Bir gəncin elektroşok ucbatından müəmmalı ölümü... - 10 il müddətinə həbs cəzası verildi

Baxış sayı:
13141

15 manat borca görə gənclər arasında baş verən kütləvi davanın qaranlıq məqamları hələ də üzə çıxmır. Davada olanlardan biri başından aldığı ağır xəsarətdən sonra xəstəxanada dünyasını dəyişib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1991-ci il təvəllüdlü Pənahov Səməd Pənah oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Səməd Pənahov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Əgər onun bu əməli məhkəmə istintaqı zamanı sübuta yetirilərsə, Səməd Pənahovu 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
İttihama görə, Səməd Pənahov tanışları Elman, İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə mərhum Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi Röyalın İlqara borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub. İlqar Röyaldan pulunu tələb edib və ala bilməyəndə dostlarını da çağıraraq Röyalla görüşə gedib.
Məlum olub ki, İlqar Abdullayev Röyala 40 manata elektroşok satıb. Röyal 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb.
İlqar borcunu ödəyə bilməyən Röyala “sən tavandasan” deyə irad bildirib və dostlarını çağıraraq onunla görüşə gedib. Məlumata görə, tərəflər arasında əlbəyaxa dava olan zaman Səməd Röyalı idman fəndi ilə yerə yıxıb. Bu zaman Röyalın başı asfalta çırpılıb və o, ağır xəsarət alıb. Bir neçə saat sonra isə dünyasını dəyişib.
Bu gün hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Səməd Pənahov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bundan əvvəl ifadə verən şahidlər də məhkəmə və istintaqda fərqli ifadələr vermişdilər. Məhkəmədə o da məlum olub ki, bu işdə adı əsas şübhəli şəxs kimi keçən İlqar Abdullayev həbs edilibmiş. Daha sonra o, azadlığa buraxılıb və Səməd həbs edilib.