BU PENSİYAÇILARIN SAYI KƏSKİN AZALDI – Rəqəmlər və səbəblər açıqlandı

Baxış sayı:
513

Dövlət Statistika Komitəsinin (DSK) təqdim etdiyi məlumatlar göstərir ki, Azərbaycanda əmək bazarında və sosial təminat sistemində dəyişikliklər baş verir. Rəsmi rəqəmlərə görə, ölkədə işləyən pensiyaçıların sayında kəskin - təxminən 22 faizlik azalma qeydə alınıb.

DSK bildirir ki, 2026-cı ilin əvvəlinə ölkə üzrə işləyən pensiyaçıların sayı 151 126 nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin əvvəlində bu rəqəm 193 807 nəfər idi. Beləliklə, cəmi bir il ərzində işləyən pensiyaçıların ordusu 42 681 nəfər azalıb.

Statistik göstəricilər maraqlı bir tendensiyanı ortaya qoyur. İşləyən pensiyaçıların sayı kəskin şəkildə azalsa da, ümumilikdə ölkədə pensiyaçıların sayında artım müşahidə olunub. Belə ki;

-2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 542 nəfər artaraq 1 milyon 98 min 890 nəfərə çatıb;

-İşləməyən pensiyaçıların sayı isə 2025-ci ilin əvvəlindəki 904 541 nəfərdən 2026-cı ilin əvvəlində 947 764 nəfərə yüksəlib.

Bu o deməkdir ki, işləyən pensiyaçı kateqoriyasından çıxan şəxslərin əhəmiyyətli bir hissəsi əmək fəaliyyətini tamamilə dayandıraraq birbaşa işləməyən pensiyafehlər qrupuna qoşulub.

Statistikaya əsasən, dəyişikliklər pensiya növləri üzrə aşağıdakı kimi paylanıb:

-Yaşa görə pensiya alanlar: Ən böyük azalma məhz bu qrupda qeydə alınıb. İşləyən yaşa görə pensiyaçıların sayı 143 405 nəfərdən 103 807 nəfərə düşüb. Bu, həmin kateqoriyadan olan minlərlə vətəndaşın iş yerlərini tərk etdiyini göstərir;

-Əlilliyə görə pensiya alanlar: Bu qrupda da azalma müşahidə olunub - rəqəm 46 860 nəfərdən 41 674 nəfərə enib.

-Ailə başçısını itirməyə görə pensiya alanlar: Digər kateqoriyalardan fərqli olaraq, burada əks proses baş verib. İşləyən bu qrupdan olanların sayı 3 542 nəfərdən 5 645 nəfərə qədər artıb.

Mütəxəssislər işləyən pensiyaçıların sayının bir ildə 22% azalmasını bir neçə amillə izah edirlər.

İlk növbədə son illər ölkədə qeyri-qanuni və ya qeyri-rəsmi məşğulluğa qarşı aparılan mübarizə, eyni zamanda işəgötürənlərə tətbiq olunan sərt sığorta və vergi nəzarəti bir çox müəssisələri şəffaf olmağa məcbur edir. Bir sıra hallarda pensiyaçıların rəsmi müqavilələrinə yenidən baxılması və ya onların ixtisara düşməsi baş verə bilər.

İkinci sırada sosial təminat və indeksasiya mexanizmləri gəlir. Hər il həyata keçirilən pensiya artımları və indeksasiya prosesləri pensiyaçıların sosial rifah səviyyəsini müəyyən qədər yaxşılaşdırdığından, onların əlavə gəlir əldə etmək üçün mütləq qaydada əmək bazarında qalmaq ehtiyacını azalda bilər.

Təbii yaşlanma və səhhət amili üçüncü sırada gəlir. Yaşa görө pensiya alan şəxslərin yaşının irəliləməsi, sağlamlıq imkanlarının məhdudlaşması onların tədricən əmək fəaliyyətindən tamamilə çəkilməsini qaçılmaz edir.

Ekspertlər hesab edir ki, bu tendensiya gələcəkdə əmək bazarında kadr və işçi qüvvəsi balansına, xüsusilə də təcrübəli mütəxəssislərə olan tələbat və təklif nisbətinə öz təsirini göstərəcək. Prosesin növbəti illərdə də hansı istiqamətdə inkişaf edəcəyi sosial siyasətdəki yeni tənzimləmələrdən asılı olacaq.

E.Rüstəmli