Azərbaycan Avropa təsisatları ilə əməkdaşlığı bərpa etməlidir - ANALİTİK QRUP

Baxış sayı:
118

Sosial şəbəkələrdə Azərbaycanın xarici siyasəti ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) Analitik Qrupu adından maraqlı təhlil yazısı dərc olunub. Muxalifet.az həmin yazını olduğu kimi dərc edir:

​​​​​​"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda tənqidi səslərin vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamədə qaldırılan məsələlər obyektiv təhlil və konstruktiv yanaşma tələb edir.

Sözsüz ki, Azərbaycan cəmiyyəti üçün insan hüquqları, hüququn aliliyi və demokratik institutların inkişafı mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə aparılan dialoq qarşılıqlı etimada və əməkdaşlığa söykənməlidir.

Etiraf edilməlidir ki, son illərdə Avropa Şurasının Azərbaycan siyasəti cəmiyyətimizdə birmənalı qarşılanmır. Ötən illər ərzində müxtəlif Avropa institutlarının eyni məsələlər üzrə bir-birindən fərqli mövqelər nümayiş etdirməsi vahid və ardıcıl siyasətin formalaşmasına mane olub. Bir tərəfdən sərt tənqidlər səsləndirilərkən, digər Avropa institutlarının daha fərqli mövqe nümayiş etdirməsi təşkilatların fəaliyyətində koordinasiya çatışmazlığı təsiri bağışlayır.

Vaxtilə Azərbaycanın Avropa Şurasına üzvlüyü ölkədə demokratik institutların inkişafına dəstək vermək, islahatları təşviq etmək və Avropa dəyərlərinin möhkəmlənməsinə töhfə vermək məqsədi daşısa da, geriyə baxdıqda görünür ki, bu məqsədlərə nail olunması üçün ardıcıl və sistemli siyasət həyata keçirilməyib. Nəticədə Azərbaycanın demokratik inkişafı ilə bağlı gözləntilər özünü doğrultmayıb.

Xüsusilə qeyd edilməlidir ki, 2000-ci illərin ilk yarısında Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri olmuş Andreas Gross və Andres Herkel fəaliyyətləri dövründə Azərbaycandakı vəziyyətlə bağlı prinsipial mövqe nümayiş etdirir, eyni zamanda Avropa Şurasının öz daxilində mövcud problemlərin də obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayırdılar. Sonrakı illərdə isə Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə təsir göstərən korrupsiya iddiaları ətrafında aparılan araşdırmalar təşkilatın nüfuzuna və qəbul etdiyi qərarların obyektivliyinə olan etimadın zəifləməsinə səbəb oldu. Təcrübə göstərdi ki, demokratik dəyərlərin müdafiəsi ilk növbədə həmin institutların öz fəaliyyətində şəffaflıq və qərəzsizlik standartlarının təmin olunmasını zəruri edir.
Görünən odur ki, 2024-cü ildən Azərbaycanın Avropa Şurasındakı təmsilçiliyinin məhdudlaşdırılması və əməkdaşlıq imkanlarının zəiflədilməsi də səmərəli yanaşma olmadı.

Təcrübə göstərir ki, dialoq və institusional əməkdaşlıq məhdudlaşdıqda demokratik islahatların təşviqi daha da çətinləşir. Əksinə, Azərbaycanın Avropa təsisatları ilə davamlı əməkdaşlığı demokratik inkişaf üçün daha əlverişli imkanlar yarada bilər.

Bu baxımdan, Avropa Şurası Azərbaycanda problemləri sadalamaqla kifayətlənməməli, eyni zamanda Azərbaycan hakimiyyəti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birlikdə konkret fəaliyyət planı və yol xəritəsi hazırlaması daha məqsədəuyğun olardı.

Demokratik inkişaf qarşılıqlı əməkdaşlıq, praktiki dəstək və uzunmüddətli institusional tərəfdaşlıq tələb edir. Tənqidlər konkret həll mexanizmləri ilə müşayət olunmadıqda, onların real nəticə verməsi də çətinləşir.

Bu gün Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində irəliləməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu baxımdan Azərbaycanın yenidən Avropa Şurasının tamhüquqlu institutlarında təmsil olunması, Avropa təsisatları ilə əməkdaşlığın bərpası və ölkədə demokratik islahatlara dəstək verəcək real mexanizmlərin hazırlanması vacibdir. Əks halda, Azərbaycanın Avropa siyasi məkanından daha da uzaqlaşması və alternativ geosiyasi istiqamətlərə yönəlməsi riski artır ki, bu da nə Azərbaycanın, nə də Avropanın uzunmüddətli maraqlarına uyğun deyil.

Azərbaycan Demokrat Partiyasının Analitik Qrupu".

Muxalifet.az