KARTLARDAN PUL SİLİNIB, YOXSA OĞURLANIB? - Ekspert nə baş verdiyini AÇIQLADI

Baxış sayı:
166

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ötən gün bir neçə yerli bankın müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ilə bağlı yaranmış vəziyyəti şərh edib. Ekspert baş verənlərin səbəblərini və məsuliyyət daşıyan tərəfləri analiz edərək mühüm məqamlara toxunub:

"Ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ölkənin maliyyə-bank sektorunda ciddi müzakirələrə səbəb olub. Bu bankların əsas ortaq cəhəti odur ki, onların hamısı "Azericard" prosessinq mərkəzinə bağlıdır.

Məsələ ilə bağlı ABB problemi 3-cü tərəf provayderi ilə bağlı texniki nasazlıqla izah edib. "Azericard" isə baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin onlardan asılı olmadığını bildirib. Mərkəzi Bank (AMB) da öz növbəsində operativ açıqlama yayaraq, hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini və ödəniş infrastrukturunda problem olmadığını bəyan edib.

Lakin bütün bu bəyanatlara rəğmən, problemin kökü və əsas məsuliyyət daşıyan tərəf indiyədək dəqiq açıqlanmayıb. Hansı ki, ictimai etimadın qorunması baxımından ən vacib məqam da elə budur.

Oğurluqdur, yoxsa sistem xətası?

Banklardan əldə olunan məlumatlar, müşahidələr və Mərkəzi Bankın rəsmi açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiberhücum deyil. Çünki hesablardan silinmələr təsadüfi xarakter daşımır, məhz real əməliyyatların təkrarıdır (dublikasiyasıdır). Digər tərəfdən, vəsaitlərin dərhal geri qaytarılması və balansların avtomatik bərpa olunması da oğurluq versiyasını zəiflədir. Bu, prosesin kənar müdaxilə ilə deyil, bankların öz informasiya sistemindəki təkrarlanma xətası ucbatından baş verdiyini sübut edir.

Zəncirin zəif bəndi: Günahkar kimdir?

Bir neçə müstəqil bankın eyni anda eyni tipli problemlə üzləşməsi yalnız ortaq bir halqanın varlığı ilə izah oluna bilər. Bu zəncirdə isə cəmi iki ortaq element var: Mərkəzi Bankın hesablaşma infrastrukturu və "Azericard" prosessinqi.

Mərkəzi Bank öz infrastrukturunda hər hansı problemin olmadığını birmənalı şəkildə açıqladığı üçün, məntiqlə geriyə yeganə ortaq element kimi "Azericard" qalır. Prosessinq mərkəzinin hadisə mənim ərazimdə olub, amma günah məndə deyil tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz burada, məlumatların emalı zamanı yarandığına işarə edir.

Digər tərəfdən, hesablaşma zəncirində hər hansı bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi. Belə bir kritik qurumda anomaliyanın vaxtında tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə banka zərər vurması, müvafiq təhlükəsizlik və nəzarət mexanizmlərinin ya olmadığını, ya da təkmil səviyyədə qurulmadığını göstərir.

Mərkəzi Bank daha sərt addımlar atmalıdır

Belə bir ciddi xətadan sonra Mərkəzi Bank tərəfindən daha sərt addımların atılması gözlənilir. Çünki problem ayrı-ayrılıqda ABB-də və ya digər banklarda deyil, birbaşa AMB-nin nəzarəti və lisenziyası altında fəaliyyət göstərən infrastruktur qurumunda  - "Azericard"-da yaranıb. Qeyd etmək yerinə düşər ki, əvvəllər də bu mərkəzdə oxşar problemli situasiyalar qeydə alınmışdı.

Ümid edirik ki, Mərkəzi Bank hadisəni dərindən araşdıracaq və sözügedən qurumda ciddi audit təşkil edəcək. Eyni zamanda, proses zamanı çətinliklə üzləşən və zərər çəkən müştərilərə qarşı bankların daha həssas yanaşma nümayiş etdirməsi vacibdir".