Putinlə dostluq edən biznesmen saxlanıldı: Onun etiraf etdiyi yeganə canlı... - FOTO

Baxış sayı:
332

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburqun ən nüfuzlu iş adamlarından biri olan və 1990-cı illərdə Vladimir Putinlə dostluq edən İlya Traberi saxlayıb. 

Muxalifet.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Qeyd olunur ki, bundan öncə İspaniya prokurorluğu İlya Traberi Tambov mütəşəkkil cinayətkar dəstəsinin lideri olmaqda günahlandırıb.

Məlumatda deyilir ki, FSB əməkdaşları 17 iyun səhər tezdən Traberin Leninqrad vilayətindəki bağ evində, Starorusskaya küçəsindəki ofisində və Traberə məxsus bir neçə müəssisədə axtarış aparıblar. Əməliyyatlar FSB-nin Mərkəzi Ofisinin əməkdaşları tərəfindən həyata keçirilib. Traberin hazırda hansı iş üzrə saxlanıldığı məlum deyil.

Putin və Traber bir-birini 30 ildən çoxdur ki, tanıyırlar və bu tanışlıq Putinin Sankt-Peterburq meriyasında işləməyə başladığı vaxtdan başlayıb. "Novaya Qazeta"nın məlumatına görə, Putin mer müavini vəzifəsində çalışarkən Traberin biznesinə əhəmiyyətli dəstək verib. Kremlin mətbuat katibi Dmitri Peskov da Putin və Traberin tanışlığını təsdiqləyib, lakin onların yalnız peşəkar münasibətlərinin olduğunu iddia edib.

 

“The Insider”in məlumatına görə, Traber 2004 və 2016-cı illərdə Putinin ad günü şənliklərində fəxri qonaq kimi iştirak edib və bu, onların arasındakı dostluq münasibətinin göstəricisidir. “Dojd“ kanalı isə Traberi "Putinin onu tanıdığını etiraf etdiyi yeganə canlı kriminal avtoritet” adlandırıb.

Traber Sankt-Peterburq Neft Terminalına nəzarət edib. 2025-ci ildə Sankt-Peterburq yaxınlığındakı "Surqutnefteqaz"ın Kinef neft emalı zavodundan neft məhsullarının daşınmasını həyata keçirən terminal Baş Prokurorluğun qaldırdığı iddia əsasında milliləşdirilib.

Traber biznesinə 1990-cı illərdə antikvar bazarında başlayıb. Bu gün onun biznesi böyük bir infrastruktur və liman qrupundan ibarətdir. Onun əsasını dəniz terminalları, logistika, Baltik dənizindəki aktivləri, liman xidməti şirkətləri, neft, qaz və nəqliyyat sektorlarındakı əlaqəli layihələr təşkil edir. Rusiyanın ən böyük yeni liman komplekslərindən biri olan Primorsk Liman Kompleksi də onun layihəsidir.