BAKIDA ŞƏXSİ MAŞINLARDAN İMTİNA EDİLİR – Bu tendensiya kütləvi hal ala bilərmi?

Baxış sayı:
148

2035-ci ilə qədər bütün dünyada şəxsi avtomobillərdən istifadə azalacaq, insanlar isə daha səmərəli, ekoloji cəhətdən təmiz və rahat nəqliyyat vasitələrinə üstünlük verəcəklər.

Bu barədə “McKinsey & Company” konsaltinq şirkətinin hazırladığı hesabatda bildirilir.

Hesabata görə, hazırda dünyada 1,5 milyarddan çox avtomobil istismar olunur və onların böyük hissəsini şəxsi nəqliyyat vasitələri təşkil edir. Lakin ekspertlərin proqnozlarına görə, şəxsi avtomobillərin ümumi səfərlərdə payı 2025-ci ildəki 45 faizdən 2035-ci ildə 29 faizə qədər azalacaq. Hesabata əsasən, ictimai nəqliyyatın payının 23 faizdən 26 faizə yüksələcəyi, elektrik skuterlər, velosipedlər və digər mikromobillik vasitələrinin payının isə 16 faizdən 19 faizə çatacağı gözlənilir. Eyni zamanda, robotaksi və digər yeni nəqliyyat həllərinin bazardakı payının 1 faizdən 8 faizə qədər artacağı proqnozlaşdırılır.

Bir sıra ölkələrdə artıq şəxsi avtomobildən imtina tendensiyası müşahidə olunur. Məsələn, Niderlandda ev təsərrüfatlarının 26 faizinin ümumiyyətlə avtomobili yoxdur. Araşdırmalara görə, bu ailələrin təxminən 6 faizi avtomobildən könüllü şəkildə imtina edərək velosiped, qatar və ictimai nəqliyyata üstünlük verir. Danimarkanın paytaxtı Kopenhagendə isə velosiped və ictimai nəqliyyatın geniş yayılması nəticəsində avtomobil sahibliyi Avropanın ən aşağı göstəricilərindən biridir. Tədqiqatlar göstərir ki, metro şəbəkəsinin genişləndirilməsi bölgədə avtomobil sahibliyinin daha 2-3 faiz azalmasına səbəb olub. Almaniyada vətəndaşların təxminən yarısı yanacaq qiymətlərinin artması səbəbindən şəxsi avtomobillərindən istifadə etməyi dayandırmağa başlayıb. Respondentlərin 48%-i şəxsi avtomobillərindən istifadə etməkdən imtina etdiklərini bildiriblər. Almanların 29%-i velosipedə, 24%-i isə daha tez-tez ictimai nəqliyyatdan istifadə etməyə keçib.

18 ölkədə aparılan beynəlxalq sorğuya əsasən, Braziliyada respondentlərin 36 faizi, Norveç və Yaponiyada isə 35 faizi şəxsi avtomobildən tamamilə imtina etməyə hazır olduqlarını bildirib. Almaniyada sorğu iştirakçılarının 14 faizi avtomobildən imtina etmək qərarında qəti olduqlarını qeyd edib. Bununla yanaşı, 2026-cı ildə 31 ölkədə keçirilən digər araşdırma göstərib ki, dünya üzrə avtomobil sahiblərinin 11 faizi avtomobildən imtina etmək istəsə də, ictimai nəqliyyatın və alternativ nəqliyyat vasitələrinin kifayət qədər inkişaf etməməsi səbəbindən bunu edə bilmir. İtaliyada bu göstərici 19 faiz, Hindistan və Çində isə 17 faiz təşkil edir.

Qeyd edək ki, son illərdə Bakıda nəqliyyat sıxlığının artması, tıxacların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və alternativ nəqliyyat vasitələrinin təşviqi şəhər sakinlərinin nəqliyyat seçimlərinə də təsir göstərməyə başlayıb. Xüsusilə paytaxtın müxtəlif ərazilərində velosiped zolaqlarının salınması, elektrikli skuter və velosipedlərin kirayə xidmətlərinin genişlənməsi nəticəsində bəzi vətəndaşlar qısa məsafələr üçün şəxsi avtomobildən istifadədən imtina edərək qeyd olunan vasitələrə üstünlük verirlər.

Bəs maraqlıdır, Azərbaycanda mövcud tendensiya geniş vüsət alıbmı?

 

Nəqliyyat eksperti Eldəniz Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, son dövrlərdə Bakı şəhərində mikromobillik nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artıb: “Müvafiq qurumların məlumatlarına görə, elektrikli skuter və velosipedlərin kirayələnmə sayı xeyli yüksəlib. Burada əsasən gənclərin payı daha çoxdur və onlar bu nəqliyyat vasitələrinə üstünlük verirlər. Ancaq bu, o demək deyil ki, Bakı və ətraf ərazilərdə hər kəs avtomobildən imtina edərək mikromobillik vasitələrinə keçib. Bu vasitələr uzaq deyil, daha çox yaxın məsafələr üçün əlverişlidir. Ona görə də düşünmürəm ki, hər kəs birbaşa avtomobildən imtina etsin. Mikromobillik vasitələrindən əsasən hərəkət sıxlığının yüksək olduğu ərazilərdə istifadə olunur”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə “AzPolitika”ya şərhində bildirib ki, şəxsi avtomobillərdən imtinanı təşviq etmək üçün ilk növbədə ictimai nəqliyyat sistemi inkişaf etdirilməlidir.

Onun sözlərinə görə, velosiped və elektrikli skuter kimi mikromobillik vasitələri nəqliyyat sisteminin əsas deyil, tamamlayıcı elementləridir:“Skuter elektrik enerjisi ilə işlədiyi üçün insanın fiziki güc sərf etmədən müəyyən məsafələri qət etməsinə imkan yaradır. Lakin velosiped əzələ gücü ilə hərəkət edir. Bakının relyefini nəzərə alsaq, gündəlik həyat tərzini velosiped üzərində qurmaq o qədər də real görünmür”.

E.Muradlı hesab edir ki, dağlıq və ya maili ərazilərdə velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə etmək çətindir. Onun fikrincə, velosiped daha çox düz relyefə malik şəhərlərdə kütləvi şəkildə yayılır:“Bayıl kimi ərazidə yaşayan və iş üçün Yasamala və ya Qaradağa gedən bir insanın velosipedlə hərəkət etməsi praktik deyil. Enişli yolu qət etmək mümkün olsa da, geri qayıdarkən yoxuşları aşmaq hər kəs üçün asan deyil. Hətta peşəkar velosipedçilər belə bəzi marşrutlarda çətinlik çəkirlər”.

Ekspertin sözlərinə görə, cəmiyyəti kütləvi şəkildə velosipedə keçməyə çağırmaq düzgün yanaşma deyil. O hesab edir ki, şəxsi avtomobillərdən istifadənin azalmasının əsas yolu müxtəlif və əlçatan ictimai nəqliyyat sisteminin formalaşdırılmasıdır:“Hazırda Bakıda tramvay layihələri müzakirə olunur, metro şəbəkəsi genişləndirilir, avtobusların sayı artırılır və marşrutlar optimallaşdırılır. Məhz bu addımlar insanları şəxsi avtomobillərdən imtinaya təşviq edə bilər.Bununla belə, elektrikli skuterlərdən həm gənclər, həm də orta yaşlı insanlar istifadə edirlər. Bəzi şəxslər tıxacdan yayınmaq və işə daha rahat çatmaq üçün bu vasitələrə üstünlük verirlər. Velosipedlərdən isə daha çox park və istirahət zonalarında, həmçinin kuryer xidmətlərində istifadə olunur”.

Ekspert hesab edir ki, mikromobillik vasitələri bütün problemləri həll etməsə də, ictimai nəqliyyatın yükünün azalmasına, eləcə də şəxsi avtomobil və taksilərdən istifadənin müəyyən qədər məhdudlaşmasına müsbət təsir göstərir.

 

 

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu “AzPolitika”ya şərhində bildirib ki, Bakıda mikromobillik vasitələrindən istifadənin artacağı gözlənilsə də, paytaxtı bu sahədə dünyanın aparıcı şəhərləri ilə müqayisə etmək hələ tezdir.

Onun sözlərinə görə, cəmiyyətdə formalaşmış nəqliyyat vərdişləri və ənənəvi yanaşmalar səbəbindən insanların şəxsi avtomobildən imtina edərək velosiped və ya skuterlərə keçməsi zaman tələb edən prosesdir.

“Bu dəyişiklik müəyyən qədər baş verəcək. Ancaq biz Bakı şəhərini velosiped və mikromobillikdən geniş istifadə olunan ölkə və şəhərlərlə müqayisə edə bilmərik. Bunun üçün zaman lazımdır. Ən azı bir nəslin dəyişməsindən sonra bu tendensiyanın daha aydın hiss olunacağını düşünürəm”, - ekspert qeyd edib.

R.Raufoğlu bildirib ki, hazırda müəyyən yaş qrupları üçün velosiped və ya skuterdən gündəlik nəqliyyat vasitəsi kimi istifadə etmək çətindir. Bundan əlavə, bəzi ərazilərdə təhlükəsizlik məsələləri də qalmaqdadır.

Onun fikrincə, mikromobillik vasitələri əsasən qısa məsafələr üçün əlverişlidir və insanlar evə və ya işə yaxın marşrutlarda onlardan daha çox istifadə edə bilərlər. Bununla yanaşı, hava şəraiti də istifadəyə təsir göstərən amillərdəndir.

“Bu nəqliyyat vasitələrinin yayı, qışı, küləyi, yağışı var. İnsan hər hava şəraitində velosiped və ya skuterdən istifadə edə bilməz. Xüsusilə iş adamları və ofis əməkdaşları üçün bu məsələ daha mürəkkəbdir. İsti havada işə velosipedlə gələn şəxsin əlavə şəraitə ehtiyacı yaranır”, - deyə o bildirib.

Ekspert hesab edir ki, tələbələr, gənclər və turistlər mikromobillik vasitələrinin əsas istifadəçi qrupları ola bilərlər. Onun sözlərinə görə, bir çox insanlar xarici ölkələrdə səyahət zamanı rahatlıqla velosiped və ya skuter xidmətlərindən istifadə etsələr də, Bakıda bunun kütləvi hal alması üçün hələ müəyyən zaman lazımdır.

R. Raufoğlu vurğulayıb ki, buna baxmayaraq, velosiped zolaqlarının və mikromobillik infrastrukturunun yaradılması şəhərsalmanın vacib hissəsidir.

“Bu gün az adam istifadə edir deyə belə layihələrin əhəmiyyətsiz olduğunu söyləmək düzgün deyil. Şəhər bütün kateqoriyadan olan insanlar üçün əlçatan və rahat olmalıdır. İnfrastruktur inkişaf etdikcə və şərait yaxşılaşdıqca mikromobillik vasitələrindən istifadə edənlərin sayı da artacaq”, - ekspert əlavə edib.

E. Bəyməmmədli