CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI... - Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya

Baxış sayı:
315

Müğənni Ruhiyyə Əliyeva ilə tanınmış jurnalist Aynurə Pənahqızı arasında qalmaqal yaşanıb. Bu qalmaqalın detallarına varmadan, hörmətli oxucuların diqqətinə çatdıraq ki, vaxtilə R.Əliyevanın saytına rəhbərlik edən A.Pənahqızı özünün “Facebook” səhifəsində müğənninin ünvanına kəskin ifadələr səsləndirib:

“Ruhiyyə Əliyeva, sizə aylar öncə açıq şəkildə demişdim ki, mənim adımı hallandırmayın. Amma görünür, 10 ay keçməsinə baxmayaraq, hələ də Aynurə sizin gündəminizdən çıxmayıb. Deyəsən, doğrudan da mənim üçün darıxmısınız.

Bir məsələni birdəfəlik aydınlaşdıraq: mən sizin saytınıza heç bir zərər vurmadım. Bu gün saytın düşdüyü vəziyyətə görə məni günahlandırmaq əvəzinə, gedin cavabı öz təyin etdiyiniz baş redaktorlardan alın. Soruşun ki, 10 ay ərzində niyə oxunmanı, reytinqi və auditoriyanı bərpa edə bilmədilər.

Bu gün bütün media cameəsinin qarşısında açıq şəkildə bəyan edirəm ki, saytın bugünkü vəziyyətinin əsas səbəbi sizin verdiyiniz yanlış qərarlardır. İdarəçilik şəxsi münasibətlərlə deyil, peşəkarlıqla həyata keçirilir. Təəssüf ki, siz bunu hələ də dərk edə bilməmisiniz...”.

A.Pənahqızının yazısı geniş olduğundan, onu tam şəkildə dərc etməyi lazım bilmirik. Qısaca olaraq onu deyə bilərik ki, jurnalist heç bir təhdiddən qorxmadığını və lazım gələrsə, müğənni barədə bir çox ciddi faktları mətbuata açıqlayacağını bildirir.

Əlbəttə, sözügedən xanımlar arasındakı söz atışması bizim maraq dairəmizdə deyil. Üstəlik, bunun ictimai əhəmiyyət kəsb etmədiyi də şübhəsizdir. Lakin həmin paylaşımın altından yazılan bəzi statuslar diqqətimizi cəlb etdiyindən, bu haqda yazmaq qərarına gəldik. Söhbət çox sayda vətənpərvər mahnıların bəstəkarı, AYB-nin üzvü, “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanovun yazdığı statuslardan gedir.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, vaxtilə müğənni Ruhiyyə Əliyeva müxtəlif saytlarda tanınmış bəstəkar barəsində yalan məlumatlar yazdırmaqda ittiham edilirdi. Hətta 2023-cü ilin avqust ayında Cəlal Qurbanov sözügedən saytlarla bağlı məhkəməyə müraciət etmiş və hakimin qərarı əsasında bir çoxu öz səhifələrində üzrxahlıq yazısı dərc etmişdi. Sonradan müəyyən trol şəbəkəsi C.Qurbanova sosial şəbəkələr üzərindən hücuma keçmiş, hətta onun yaşlı valideynlərini də təhqir etmişdilər. Hansı ki, Cəlal Qurbanov jurnalistin son paylaşımının altından yazdığı statusda məhz həmin hadisələrə işıq salıb. Bu yazıdan belə aydın olur ki, müğənni R.Əliyeva əlinin altında saxladığı jurnalistlər və trol şəbəkəsi hesabına sevmədiyi şəxslər barəsində qarayaxma kampaniyası təşkil edir:

“Dəyərli Aynur xanım, bayaqdan yazınızı oxuyuram və düşünürəm ki, görəsən söhbət kimdən gedir. İndi jurnalistdən çox süni intellekt üslubunda danışan və suallar verən, əvvəllər Tovuzun ən zil səsli "məşhur" müğənnisi, sonralar isə yaxşı kəllə-paça, xaş və bozbaş bişirməyi ilə tanınan "aşpazdan" gedir söhbət? Yoxsa “Baku TV”-yə müsahibəsində özünün dediyi kim “Tərtər hadisələrində 12-ci topu mən atdım” deyən "Topçudan"? Yoxsa Ordubadlı "şofer" Nəcəflə "şərik" olub, yaratdıqları "saytlarda" və digər internet resurslarında mənim ünvanıma təhqiramiz şərhlər yazdıran və qarayaxma kampaniyaları aparan şəxsdən?

Hətta bununla da kifayətlənmədilər. Həmin saytlarda yazırdılar ki, guya mənim şəhid ailələrinin yanında olmağımın arxasında hansısa vəzifə, hansısa status və ya millət vəkili olmaq kimi niyyət dayanır. Açıq deyirəm: Əgər kimsə şəhid anasının göz yaşından, şəhid övladının taleyindən, şəhid ailəsinin ağrısından öz şəxsi maraqları, vəzifəsi və ya gələcəyi üçün istifadə edirsə, bundan daha ağır şərəfsizlik və daha ağır mənəvi yoxsulluq təsəvvür etmirəm! Amma bizim yolumuz heç vaxt o yol olmayıb. Başda rəhmətlik atam Hacı Cavanşir olmaqla, ailəmiz üçün şəhid ailələrinin yanında olmaq heç vaxt hansısa məqsədə çatmaq vasitəsi deyil, mənəvi borc və vicdan məsələsi olub! "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrində özümü hər zaman sadəcə bir könüllü hesab etmişəm. Şəhid analarının, şəhid atalarının və şəhid övladlarının yanında olmaq mənim üçün nə vəzifədir, nə statusdur, nə də hansısa məqsədə çatmaq vasitəsidir. Bu, mənim üçün mənəvi borcdur! Onlar bizə şəhidlərimizin ən müqəddəs əmanətləridir. Bu gün yüzlərlə şəhid anası, şəhid atası və şəhid övladı ilə bizi birləşdirən münasibət hansısa maraq üzərində yox, hörmət, etibar, sevgi və mənəvi bağlılıq üzərində qurulub.

Yeri gəlmişkən, həmin "topçu xanım”ın müxtəlif çıxışlarında Tərtər hadisələri ilə bağlı səsləndirdiyi fikirlər də məndə, eləcə də bir çox qazilərdə və şəhid ailələrində ciddi suallar doğurur. Bu baxımdan, mənim də bir neçə sualım var. Əgər müxtəlif çıxışlarda qeyd olunduğu kimi, həmin hadisələr zamanı bir müğənninin top atışında iştirak etdiyi iddia edilirsə, bu məsələyə aydınlıq gətirilməsi yaxşı olardı. Bu hansı şəraitdə baş verib? Belə bir qərarı kim verib? Bu addım hansı zərurətdən irəli gəlib?

Həmin "topçu qəhrəmana" da ayrıca bir sualım var. Özünün dediyi kimi, əgər həmin 12-ci topu doğrudan da atıbsa, həmin atış hansı istiqamətə olub və hansı məqsədə xidmət edib? Çünki 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın şəhərləri və rayonları, o cümlədən Gəncə, Bərdə və mənim ata yurdum olan Xızı rayonu top, raket və mərmi hücumlarına məruz qalıb.

Bu baxımdan hesab edirəm ki, səsləndirilən fikirlərə aydınlıq gətirilməsi və bu məsələnin mahiyyətinin araşdırılması faydalı olardı. Çünki cəmiyyət qarşısında verilən bu kimi açıqlamalar cavablandırılmalı olan suallar yaradır və bəzən verilən açıqlamalar cavabdan daha çox yeni suallar doğurur”.

Ən maraqlısı isə odur ki, Cəlal Qurbanovun tənqid olunduğu saytlarda müğənni R.Əliyeva barəsində tərifnamələr yazılır, o, "xeyirxah", "vətənpərvər" insan kimi təqdim olunur. Bu isə onu deməyə əsas verir ki, müğənni kimlərinsə barəsində yalan məlumatlar yazdırmaqla yanaşı, maddiyyat qarşılığında özü haqqında müsbət imic də formalaşdırmağa cəhd edir. Zənnimizcə, aşağıda təqdim etdiyimiz fotolar da deyilənlərin sübutu hesab oluna bilər.      

Hazırladı: Jalə FAMİLQIZI

P.S. Əlbəttə, bütün baş verənlər fonunda qarşı tərəfə də cavab haqqı tanıyırıq və müğənni Ruhiyyə Əliyevanın mövqeyini dərc etməyə hazırıq.