"Bizimlə donuzdan da pis rəftar edirdilər"- Azərbaycanlı əsir Rusiyanı biabır etdi

Baxış sayı:
136

Ukrayna müharibəsi Rusiya ordusunun real strukturunu və insan resursuna münasibətini açıq şəkildə üzə çıxarıb. Xüsusilə xarici vətəndaşların, miqrantların və hüquqi cəhətdən zəif mövqedə olan şəxslərin Rusiya ordusuna cəlb edilməsi artıq ideoloji yox, sosial və kriminal mexanizm üzərindən həyata keçirilir.

 Bu mexanizm nə klassik muzdlu ordu modelidir, nə də nizami hərbi xidmət forması. Bu, müqavilə adı altında qurulmuş çıxışı olmayan istismar sistemidir.

Bu sistemin necə işlədiyini ən aydın şəkildə göstərən mənbələrdən biri “Kyiv Post” nəşrində yayımlanan əsir müsahibələridir. Azərbaycan vətəndaşı Azər Arzuman Əhmədovun hekayəsi bu mexanizmin əsas elementlərini açıq göstərir.

Əhmədov Rusiya ordusu ilə müqavilə bağlamasını könüllü seçim kimi təqdim etmir. Onun sözlərinə görə, kriminal keçmişinə görə ailəsi təzyiqə məruz qalıb, onlardan mütəmadi olaraq pul tələb olunub və polisə müraciət etdikdə ona faktiki olaraq “təhlükəsiz çıxış yolu” kimi ordu göstərilib. Bu mərhələdə dövlət orqanları hərbi qurumla eyni mexanizmin hissəsinə çevrilir.

Rusiya ordusunda müqavilə bağlayan xarici vətəndaşın ilk qarşılaşdığı reallıq təminatın yoxluğu və sistemli extorsiyadır. (şantaj yolu ilə insanları soymaq)

“They didn’t give us anything. We had to buy food with our own money.” (Bizə heç nə vermirdilər. Yeməyi öz pulumuzla almalı olurduq.)

Ən elementar hərbi vasitələr belə pulla satılır. “200,000 rubles for a bulletproof vest, 20,000 rubles for a radio.” (Gülləkeçirməz jilet üçün 200 min rubl, rabitə cihazı üçün 20 min rubl.)

Bu, muzdlu sistemin əsas prinsipini göstərir: risk dövlətindir, xərci isə əsgər çəkir. Müqavilə hüquqi qoruma yox, əksinə, tam asılılıq yaradır. Müqavilədən çıxış mexanizmi yoxdur. Praktikada bu müqavilə yalnız iki yolla bitir: ölüm və ya əsirlik.

Mexanizmin ən qəddar tərəfi isə döyüş meydanında üzə çıxır. Əhmədovun təsvir etdikləri təsadüfi epizod deyil, struktur davranışdır.

“I saw so many young men, around 18–19 years old, all dead, already rotting. No one takes them.” (Meşədə 18–19 yaşlarında çoxlu gənc oğlan gördüm. Hamısı ölü idi, artıq çürümüşdü. Heç kim onları götürmürdü.)

Bu ifadə Rusiya ordusunda insan həyatının dəyərsizliyini açıq göstərir. Ölənlərin cəsədlərinin götürülməməsi təkcə logistik problem deyil. Bu, məsuliyyətsizlik və hesabatdan yayınma mexanizmidir. Nə qədər az rəsmi itki qeydə alınırsa, bir o qədər az siyasi məsuliyyət yaranır.

Əhmədovun komandir tərəfindən “sonra götürərik” deyə tərk edilməsi bu sistemin başqa bir xüsusiyyətini göstərir: xarici və müqaviləli əsgər əvəzolunan resursdur. Onun taleyi struktur üçün əhəmiyyət daşımır.

“They treated us badly, worse than pigs.” (Bizi donuzdan da pis rəftarla üzləşdirdilər.)

Bu cümlə emosional şikayət deyil, status fərqinin etirafıdır. Nizami orduda belə bir iyerarxiya mövcuddur: daimi şəxsi heyət, çağırışçılar və müqaviləli əcnəbilər. Sonuncu kateqoriya faktiki olaraq hüquqsuzdur.

Bu mexanizm yalnız Azərbaycan vətəndaşlarına aid deyil. Eyni model Bosniya, Mərkəzi Asiya, Afrika və Rusiyanın öz regionlarından cəlb olunan şəxslər üzərində tətbiq olunur. Ortaq cəhət birdir: sosial zəiflik, hüquqi təcrid və alternativin olmaması.

Muzdlu mexanizmin ideoloji örtüyü də saxtadır. Burada nə “rus dünyası”, nə də “vətən müdafiəsi” anlayışı real rol oynayır. Əhmədov bunu açıq şəkildə etiraf edir.

“This war is wrong, a mistake. Boys, don’t come; everyone here is deceived.” (Bu müharibə yanlışdır, səhvdir. Uşaqlar, gəlməyin, burada hamı aldadılıb.)

Bu etiraf mexanizmin mahiyyətini yekunlaşdırır: aldatma ilə cəlbetmə, məcburiyyətlə saxlama, laqeydliklə məhv etmə.

Hüquqi baxımdan isə bu şəxslər daha ağır vəziyyətə düşür. Azərbaycan qanunvericiliyinə görə xarici silahlı münaqişələrdə iştirak ağır cinayətdir və muzdlu fəaliyyətinə görə uzunmüddətli, bəzi hallarda ömürlük həbs cəzası nəzərdə tutulur. Yəni Rusiya ordusuna qoşulan şəxs hüquqi vakuuma düşür: Rusiya üçün əvəzolunan resurs, Azərbaycan üçün isə cinayətkardır.

Beləliklə, Rusiya ordusunda muzdlu mexanizmi klassik hərbi model deyil. Bu, müharibənin insan materialı ilə idarə olunması üsuludur. Burada insan həyatının dəyəri yoxdur, yalnız davamlılıq hesabı var. Sistem üçün vacib olan döyüşün davam etməsidir, döyüşənin taleyi yox.

Bu mexanizmin ən təhlükəli tərəfi isə budur ki, o, müharibəni cəbhədən kənara çıxarır və sosial mühitə yayır. Yoxsulluq, qorxu və hüquqsuzluq silaha çevrilir. Və bu silah ən çox zəifləri vurur.

Elbəyi Həsənli. Sürix