İlham Rəhimov Rusiya mediasının gündəmində - Putinin dostunun Peterburqdakı büstündən nə yazırlar? - FOTO

Baxış sayı:
154

“Sankt-Peterburq Dövlət Universitetində İlham Rəhimovun - universitetin fəxri doktoru, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü və Prezident Vladimir Putinin sinif yoldaşının büstü açılıb. Büstün açılışı onun 75 illik yubileyi ilə üst-üstə düşüb. Abidə Rəhimovun sağlığında ucaldılsa da, o özü mərasimdə iştirak etməyib”.

“The Moscow Times” nəşrində dərc edilən məqalədə belə deyilir.

Yazida qeyd olunur ki, universitetin rektoru Nikolay Kropaçev Rəhimovun xidmətlərindən danışıb. O deyib ki, belə yüksək qiymətləndirilmə almaq üçün "görkəmli alim" və ya sadəcə, universitet məzunu olmaq kifayət deyil: "Vətənin rifahı naminə də daxil olmaqla, çox və daim iş görmək lazımdır". 

Rektor söhbətin hansı Vətəndən getdiyini açıqlamayıb, amma təbii ki, böyük ehtimalla söhbət Rusiyadan gedir…

Daha sonra nəşr “Putin İlham” kimi tanınan Rəhimovun Rusiyada, Putinin yaxın ətrafında oynadığı roldan yazıb: “Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Aleksey Navalnının yaratdığı fond-red.) məlumatına görə, Rəhimov Prezidentin (Putinin-red.) digər iki sinif yoldaşı Nikolay Yeqorov və Viktor Xmarin ilə birlikdə Gelencik yaxınlığında "Putin sarayı"nın tikintisinin maliyyələşdirilməsində iştirak edib. Onların "Investment Solutions" şirkəti layihəyə ümumilikdə 7 milyard rubl xərcləyib. Rəhimov Azərbaycanda anadan olub. O, 19 yaşında Sankt-Peterburq Dövlət Universitetinə (o vaxtkı Leninqrad Dövlət Universiteti) daxil olub. 1975-ci ildə məzun olduqdan bir müddət sonra Rəhimov Azərbaycana qayıdıb və orada Ədliyyə Nazirliyində karyerasını davam etdirib. 1999-cu ildə Putin Rusiyanın Baş naziri təyin edildikdən sonra bizneslə məşğul olmağa başlayıb.

Hələ 2014-cü ildə “Forbes” Rəhimovun sərvətini 500 milyon dollar qiymətləndirib. Onun əsas gəliri “Sadovod” bazarındakı, “Ukrayna” Otelindəki, “Evropeyski” və “Panorama” ticarət mərkəzlərindəki paylarından gəlib. Rəhimov özü 2010-cu ildə verdiyi müsahibədə Putinlə "40 ildir dost" olduqlarını və düşmənlərinin bu münasibətin paxıllığını çəkdiyini bildirib. 17.700 kvadratmetrlik "Putin Sarayı" Qara dəniz sahilində, Krasnodar diyarında Gelencikdən 20 km məsafədə yerləşir. Siyasətçi Aleksey Navalnının araşdırmasına görə, binaya restoran kompleksi, vertolyot meydançası, buz meydançası, kilsə, amfiteatr, qonaq evi, yanacaqdoldurma məntəqəsi və 80 metrlik körpü daxildir.

Binada üzgüçülük hovuzu, akva diskoteka, spa, saunalar, türk hamamları, ət və balıq emalı, tərəvəz və desert mağazaları, terapevtik palçıq anbarı, oxu zalı, musiqi salonu, qəlyan salonu, teatr və kinoteatr, şərab zirzəmisi və kazino var. Sarayın üzərində uçuşa qadağa zonası yaradılıb və ona bitişik 7000 hektar ərazi FSB-yə məxsusdur.

Korrupsiyaya Qarşı Mübarizə Fondu sarayın tikinti xərclərini 100 milyard rubl (2021-ci ilin yanvar ayı üçün 1,1 milyard avro) qiymətləndirib. Putin özü bu saraya sahib olduğunu inkar edib, onun dostu Arkadi Rotenberq isə bu mülkün sahibi olduğunu iddia edib. Milyarder bildirib ki, o, iqamətgahı bir neçə il əvvəl alıb və onu otelə çevirmək niyyətindədir. O vaxtdan bəri bu planların həyata keçirilməsi barədə heç nə eşidilməyib. Lakin sarayı Putinin təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidmətinin əməkdaşları mühafizə edir”.

İlham Rəhimovun büstü mövzusuna digər Rusiya media orqanları da toxunublar və əksər hallarda bu, Putin və onun ətrafının korrupsiya əməlləri kontekstində şərh edilib.

Onu da qeyd edək ki, İlham Rəhimov zatən Putinə və Rusiyaya bağlılığını inkar etmir. Xüsusilə də son zamanlar Rəhimova yaxın “politoloqlar”ın Azərbaycan kanallarında və mediasında Putin Rusiyasının Ukraynaya qarşı işğalına, ümumilikdə Kremlin öz qonşularına qarşı apardığı aqressiv, imperiyaçı xarici siyasətə haqq qazandırmasına rast gəlinib.

C.Məmmədli