“Dövlət iki test tələb edirsə, üçünü də mən əlavə edərəm...” – MÜSAHİBƏ

Baxış sayı:
208

Sosioloq Əhməd Rəhmanov: “Gələcəkdə ailələrin dağılmaması üçün evlilik qərarı verənlərin narkoloji testdən keçirilməsi çox gözəl fikirdir”

“Əgər dövlət istəyirsə ki, onun ailə institutu yaxşı inkişaf etsin, təməli daha möhkəm olsun, bunu dəstəkləməlidir...”

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə ailə qurulmasında yeni tələblər irəli sürülür. Xatırladaq ki, ötən ilin sentyabrından yeni evlənənlərə psixoloji sağlamlıq arayışı və eyni zamanda ehtiyac olduğu təqdirdə psixoloji təlim keçirilməsi tələbi var idi. Artıq elçilik mərasimində oğlandan narkotik aludəçisi olmadığını təsdiqələyən test tələb olunur.

Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə “bir millət, iki dövlət”dir, deməli, eyni tələblərin tezliklə bizim ölkədə də gündəmə gələcəyi istsina deyil. Ən azı ona görə ki, Azərbaycanda da xüsusilə gənclər arasında narkomaniya sürətlə genişlənir.

Bəs, bu məsələ ölkəmizdə narkomaniyanın qarşısını almağa təsir göstərə bilər? Bu və digər suallara sosioloq Əhməd Rəhmanovla müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Əhməd müəllim, son vaxtlar qardaş Türkiydə elçiliyə gələn ailələrdən narkotik testi tələbi qoyulur. Necə düşünürsünüz, bu məsələ Azərbaycan üçün də keçərlidirmi?

- Çox təəssüflə qeyd edim ki, bizdə də son bir neçə ili müqayisə etsək, görərik ki, evlənənlərin sayı boşananların sayından çoxdur. Bu baxımdan, nə yolla olur-olsun, hansı test tələb edilir-edilsin, bunun qarşısı alınmalıdır. Bu, çox gözəl fikirdir. Əvvəl hər şey bəsit idi. Sovet dönəmində - 70 il ərzində - qapalı cəmiyyət olduğumuza görə, evlənəndə ailə tərəfindən qohum-əqraba gedib qarşı tərəfi öyrənirdi. Biz buna öyrənmişdik. Lakin son 30 ildə sovetdən qalma ailə mexanizmi dağılıb. Yəni bizim gənclərimiz internetdə, orda-burda tanış olurlar. Amma məsələ bundadır ki, indiki gənclərdə özünə və ətrafa qarşı məsuliyyət hissi azalıb. Onlar fiirləşirlər ki, nə var e, birtəhər yola verəcəyəm.

Ailə elə bir şeydir ki, “birtəhər yola verəcəyəm”lə getmir. Ona görə, bu gün ailə dağılanda, sual verirsən ki, niyə yola getmədiniz?.. Bu faktorlar sön dövrdə daha qabarıqdır. Əvvəl bizdə stabil həyat var idi. Stabil iş yeri, gəlir mənbələri var idi. Yəni dövlət, yaşadığı cəmiyyət vətəndaşın yanında idi. Bu gün çox təəssüf ki, belə deyil. Nə yaşadığı cəmiyyət insana kömək edir, nə də dövlət.

Əgər ailə qurulursa, nə yolla olur-olsun, insanlar yoxlanılmalıdır. İstər narkomanlıq, istər xasiyyət, istər psixoloji baxımdan. Yəni dövlət tərəfindən iki test ayrılarsa, 3-nü də mən əlavə edərəm...

- Siz konkret olaraq hansı testləri əlavə edərdiniz?

- Mən deyərdim ki, evlənməyə hazırlaşan şəxs, heç olmasa, getsin bir həftə psixoloqla normal söhbət etsin. Psixoloq rəy versin ki, bu adam ailə qurmağa hazırdırmı? Mən özümdən kiçik bir misal gətirə bilərəm. 34 yaşımda ailə quranda qaynatam dedi ki, oğlanın atası, anası, qohumları gəlsinlər, tanış olsunlar. Mən özüm gəlib qaynanam, qaynatamla üzbəüz oturdum. Qaynatam dedi ki, biz görmüşük, adamın qohumu, atası-anası gəlir... Dedim, ağsaqqal, nə qədər adam görmüsən ki, qohum elçiliyə gəlir, amma sonradan ailə dağılmır? Çünki mənim gətirdiyim qohum məni pisləməyəcək. Amma mən gəlib sənin qarşında oturmuşam və sən bilməlisən ki, sabah mənim ailəmin məsələsini mən həll edəcəyəm, qohumlarım yox. Çünki, o qədər olur ki, qohum qabağa düşür, ailə qururlar, amma sonradan ailədə problem olanda qohum yaxına durmur. Halbuki ağsaqqal kimi gəlib o konflikti yatırda bilərdi. Belə şeylər çox olur.

Bir də görürsən, ailələr elə axmaq şeylər ucbatından dağılır ki. Bu qohumlar hətta ağsaqqallığı etmirlər. Bu, öz yerində. Amma bu testlər dövlət tərəfindən dəstəklənməlidir. Yəni artıq xərc olmasın, kimsə gedib cibindən pul verib test etdirməsin. Əgər dövlət istəyirsə ki, onun ailə institutu yaxşı inkişaf etsin, təməli daha möhkəm olsun, bunu dəstəkləməlidir. Bu, elə böyük bir məbləğ də deyil. İcbari Tibbi Sığorta paketinə daxil edilə bilər. Sadəcə, nəzarət edilməlidir ki, adam gedib 5 manat verib saxta arayış almasın.

Bundan başqa da, xəstəlik sağalan bir şeydir. Narkoman da gedib müalicə ala, yaxud hansısa bir xəstə gedib sağala bilər. Amma insan psixoloji tərəfdən ailə qurmağa hazır deyilsə, nə edirsənsə et, ailə alınmayacaq, çətinliyə düşən kimi qaçacaq. Orduda fərarilik necə olur, adam döyüşə hazır deyil. Elə birinci döyüşdə avtomatı atıb qaçır. Mən özüm Qarabağ əiliyəm, elə şeyləri çox görmüşəm. Görürsən ki, yekəpər oğlandır, idmançıdır, amma ikinci mərmidən sonra avtomatı atıb qaçır. Uşaq kimi oturub ağlayır, hazır deyil. Eləcə də ailə institutu. Əgər mən üzərimə məsuliyyət götürməyə hazıramsa, ailə qurmalıyam, yox məsuliyyətə hazır deyiləmsə, ailə qurmamalıyam. Əgər mən ailə qurmağa hazır deyiləmsə, ondan məndən nəsil törənməsin. Məndən törənən nə olacaq? Maddi tərəfini kənara qoyuram. Məndən törənənə normal tərbiyə verə bilməyəcəyəmsə, o nə olacaq?!

- Yeri gəlmişkən, 2025-ci ilin sentyabrında Türkiyədə belə bir qayda qəbul olundu ki, yeni evlənənlər psixoloji testdən keçib ailə qura biləcəklərinə dair arayş gətirməlidirlər və əgər problem varsa, psixoloq dəstəyi almalıdırlar...

- Bilirsinizmi, psixoloji test necə olmalıdır? Mən getdim hardasa söhbət etdim - belə yox. O test ən azı 3 gün olmalıdır. Ola bilər ki, bu gün səhər duranda əhval-ruhiyyəm yaxşı deyilsə, o psixoloqun yanında özümü başqa cür aparacağam. Və yaxud aktyorluq bacarıramsa, həmin psixoloqun yanında birinci gün özümü tam fərqli aparacağam, özümü ailəcanlı göstərəcəyəm. Amma ikinci gün professional psixoloq onu başa düşəcək, görəcək ki, mən o dediyim adam deyiləm. Əvvəllər Qarabağ əlilləri üçün Bərpa Mərkəzində psixoloq var idi. Müharibədən gələnlərin hamısı avtomatik olaraq, psixoloqdan keçirdi. Fərqi yox idi, əlilsən, ya əlil deyilsən. Yəni hər bir ailənin başında insanın psixoloji hazırlığı durur, istər oğlan, istər qız. Psixoloji hazırlıq yoxdursa, hər şey boş şeydir. Milyonlarla pul xərclənsə də, iki gündən sonra ailə dağılacaq. Şəxsən elə ailələr tanıyıram ki, deyirlər, ailə qurarıq, yola gedərik. Hansı formatda düşünürlər, mən bilmirəm. Ailədə bu olmamalıdır. O vaxt ailə qurmalısan ki, məsəl üçün, 5 ildən sonra  ona xəyanət etmək fikrinə düşməyəsən. O, sənin üçün bir etalon olmalıdır. Əgər belə deyilsə, onda o ailə boş söhbətdir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az